Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7313/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh Əlimusa oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-132/2020 saylı qətnaməsindən Cavabdeh Əlimusa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlimusa oğluna qarşı “qanunsuz tikilmiş pəncərənin sökülməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun həyətin (evinə) baxan hissədə qanunsuz tikilmiş pəncərənin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun rəhmətlik atası X6 adına ilk dəfə xx.xx.1970-ci ildə qeydiyyatdan keçirilmişdir. Qeyd olunan mənzilin 54.2 kv.metr olan 3 otaqdan, həyətyanı sahədən və təsərrüfat əhəmiyyətli tikililərdən ibarət olmaqla onun mülkiyyətindədir. Qonşusu Cavabdeh Əlimusa oğlu onun həyətinə (evinə) baxan hissədə qanunsuz pəncərə açmışdır və hal hazırda istifadəsindədir. O, dəfələrlə qonuşusuna tikilən pəncərəyə qarşı öz iradını və pəncərənin sökülməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmiş, Cavabdeh Əlimusa oğlu isə həmin pəncərəni sökəcəyini bildirsə də, qanunsuz tikilmiş pəncərə hələdə sökülməmişdir. Bu səbəbdən də o, Cavabdeh Əlimusa oğlunun onun həyətin (evinə) baxan hissədə qanunsuz tikilmiş pəncərəsinin sökülməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-132/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı həyətinə (evinə) baxan hissədə tikdiyi pəncərənin sökülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh Əlimusa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X19 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. Cavabdeh Əlimusa oğlu tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə onun iştirakı olmadan işə baxmış, qətnamə əsassızdır. İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X8 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə həmin cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X11 lazımi qaydada məlumatlandırmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinən əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1978-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X9 mülkiyyətindədir. Bakı şəhər X2 Bürosu tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsində yerləşən 35 nömrəli ev X3 adına xx.xx.1979-cu il tarixdə 6 nömrəli kitabın 769 nömrəli səhifəsində qeydiyyata alınmışdır. Eyni zamanda X9, X4, X1, İddiaçı və X5 da eyni dərəcəli pay hüququ var. xx.xx.2019-cu il tarixli, ********* №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 24768 №-li ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci və üçüncü sualları üzrə ünvan 1 ünvanda yerləşən iddiaçının evinin həyətinə baxan hissədə Cavabdeh Əlimusa oğlunun istifadəsində olan evdən pəncərələrin açılması (quraşdırması) faktı müəyyən edilir və bu hal iddiaçının öz evindən və evin yerləşdiyi həyətyanı sahədən maneəsiz istifadə etməsi mümkündür. Lakin, həmin pəncərənin iddiaçının həyətyanı torpaq sahəsinə və yaşayış evinə tərəf baxdığını nəzərə alaraq, 35 saylı ünvanda yerləşən torpaq sahəsindən və yaşayış evindən sərbəst istifadə etmə imkanlarının məhdudlaşdırıldığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə Cavabdeh Əlimusa oğlunun istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsində yerləşən tikililərə dair texniki pasport, layihə sənədləri, plan-sxem və s. sənədlərin mülki iş materiallarında olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malikdir. Belə ki, onun qeyd edilən yaşayış və torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hazırda qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmasa da, Bakı şəhər Xalq Deputatları X2 Bürosu tərəfindən verilmiş çıxarışdan görünür ki, iddiaçının da, digər payçılar kimi, mübahisəli sahə üzərində mülkiyyətçi kimi pay hüququ vardır. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respiblikası Qanununun 8-ci maddəsinin məzmunundan görünür ki, digər əsaslarla yanaşı, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddəə 8.0.5), habelə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (maddə 8.0.8.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan sahəyə pəncərə açmaqla, mülkiyyətində olan əmlakdan istifadə imkanlarını məhdudlaşdırdığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları hesab olunur. Həmin Məcəllənin 158.2.-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu normalar, həmçinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edilən qanunverilik aktları iddiaçıya hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquq verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İddiaçının sahəsinə açılmış pəncərənin onun mülkiyyət hüququnu həyata keçirməsinə məhdudiyyət yaradıb-yaratmaması hissəsinə qiymət verərək, kollegiya hesab edir ki, bununla bağlı iş üzrə verilmiş ekspert rəyi mövcuddur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert rəyində qeyd edilir ki, pəncərənin iddiaçının həyətyanı torpaq sahəsinə və yaşayış evinə tərəf baxdığını nəzərə alaraq, 35 saylı ünvanda yerləşən torpaq sahəsindən və yaşayış evindən sərbəst istifadə etmə imkanlarının məhdudlaşdırıldığı müəyyən edilir. Kollegiya iddiaçının həyətinin sahəsini, cavabdehin açdığı pəncərədən iddiaçının evinin qismən, həyətyanı torpaq sahəsinin isə tam göründüyünü, bunun isə iddiaçının və onun ailə üzvlərinin həyətdə və evdə kənar müşahidə olmadan istirahət etməsi imkanlarını məhdudlaşdırdığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı, cavabdeh tərəfindən mübahisələndirilən pəncərənin müvafiq orqanları məlumatlandırmaqla və ya icazə alınmaqla açılması (həmin binanın hüquqmüəyyən edici və texniki göstəricilərinə dair sənədlər təqdim edilmədiyindən, onun statusunun müəyyən edilməsi mümkün olmayıb) barədə müvafiq sübutların təqdim edilməməsi onun qanunsuz olaraq açıldığı qənaətinə gəlməyə əsas verir. Cavabdeh məhkəmə kollegiyasının iclasında iddiaçının həyətinə açılmış pəncərə ilə bağlı heç bir rəsmi sənədinin olmadığını bildirdi. Beləliklə, kollegiya hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Kollegiya qeyd edir ki, apellyator apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlildən başqa heç bir dəlil göstərməmiş, məhkəmə kollegiyasının iclasında qeyd olunan dəlildən başqa yeni dəlili olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pul Cavabdeh Əlimusa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əlimusa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 132/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı həyətinə (evinə) baxan hissədə tikdiyi pəncərə sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Əlimusa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X19 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7313/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7313/2020
14.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver