Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-732/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e- 2(004)-3141/2023 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, O.Xəlilov küçəsi ilə hərəkət edən zaman “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. xx.xx.2021-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər üzrə təmir və ehtiyyat hissələri üzrə hesablanmış ümumi məbləğ 12.595 manatdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 941112 saylı elektron qaimədən görünür ki, “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir kartı üzrə görülmüş işlərin və ehtiyat hissələrin dəyəri 10.673,73 manat, ƏDV üzrə 1921,27 manat olmaqla yekun 12.595 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Rabitəbank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 12.595 manat pul vəsaiti ödənişi edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKS ******* saylı sığorta ödənişi aktından görünür ki, Sığortaçı "xxxx" ASC tərəfindən sığorta predmeti “Audi A4 minik” markalı, **- MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə MİB1900039 saylı Kasko sığorta şəhadətnaməsi üzrə sığortalı X2 ödəniləcək məbləğ 12.595 manat olmuşdur. Sığortalı X3 həmin sığorta ödənişi aktını imzalayaraq "xxxx" ASC-yə qarşı heç bir iddiasının qalmadığını təsdiqləmişdir. "xxxx" ASC tərəfindən sığorta aktları tərtib edilmiş, “Audi A4 minik” markalı, **-MR- *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin 12 295 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğin 4.884 manatı “Hyundai Verna minik” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olduğundan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 7411 manat ödənişi tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 7411 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 94,51 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, O.Xəlilov küçəsi ilə hərəkət edən zaman “Audi A4 minik” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ilə “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (manevr etmə qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASCdə “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Audi A4 minik” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə 12.595 (on iki min beş yüz doxsan beş) manat maddi zərər dəymişdir. MİB1900039 saylı sığorta şəhadətnaməsinə və AKS220058 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 12.295 (on iki min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4 884 (dörd min səkkiz yüz səksən dörd) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 7 411 (yeddi min dörd yüz on bir) manat təşkil etmişdir. Buna görə də iddiaçı hesab edir ki, “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və ondan 7.411 (yeddi min dörd yüz on bir) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 94,51 (doxsan dörd manat, əlli bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 7.505, 51 (yeddi min beş yüz beş manat, əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(004) 3141/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 7.411 (yeddi min dörd yüz on bir) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 94,51 (doxsan dörd manat, 51 qəpik) manat dövlət rüsumu, ümumilikdə 7.505, 51 (yeddi min beş yüz beş manat, 51 qəpik) manat tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.5, 1108.1-ci eləcə də “İcbari Sığortalar haqqında” Qanunun 20.4 və 63.1-ci maddələrinə istinad etməklə mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 12.595 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta üzrə sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4.884 manat ödənilmişdir. Belə olan halda hazırki iddia tələbi qanuni və əsaslı olub təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə müəyyən edilmiş 7.411 manat məbləğində pul vəsaiti, 94,51 manat dövlət rüsumu olmaqla ümumilikdə 7.505,51 manat tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Məhkəmə cavabdehin iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Cavabdehin müqaviləyə imza etməsi əsas gətirilərək tələb təmin edilmişdir. İş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut yoxdur. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında X2 məxsus “Audi A4 minik”markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği həddən artıq şişirdildilmişdir. Həmin qüsur aktı “saxta” olmaqla nəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmir. Çünki sığortalanmış nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qiymətləndirilməsində iştirak etmək üçün Sığorta Şirkəti ilə yanaşı ona da bildiriş göndərilməmişdir və işdə həmin bildirişi almağına dair da heç bir mötəbər yazılı sübut yoxdur. Məhkəmə baxışında isə zərərin məbləği iş üzrə müvafiq ekspertiza keçirilmədən müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, bu işdə şəffaflıq amili təmin edilməmişdir. Əvvəla, latın mənşəli “subroqasiya” sözü etimoloji anlamda “əvəz etmə”; hüquqi mənada isə müəyyən hüquqların bir şəxsdən başqasına keçməsi; şəxslərin əvəzlənməsi anlamında işlədilir. Sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği ilə bağlı sözügedən qüsur aktında göstərilən qiymətin çox yüksək olmasına aydınlıq gətirmədən, zərurət yarandığı halda qeyd olunan nəqliyyat vasitəsinin hansı servis mərkəzdə, avtomobilin təmiri sexində təmir olunduğunu aydınlaşdırmadan, təmirə çəkilmiş xərcləri özündə ehtiva edən sənədləri məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, cavabdehin iştirakını təmin etmədən və onun iddiaya münasibətini öyrənmədən, yalnız sübroqasiya qaydasında tələb hüququnun iddiaçıya keçməsini əsas tutmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Həmçinin müəyyən edilmişdir ki, göstərilən yol-nəqliyyat hadisəsi zamanı “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur və nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 12.595 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Eyni zamanda Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta üzrə sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4.884 manat ödənilmişdir. Apellyasiya şikayətində cavabdeh - onun tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməməsini bildirsə də işin faktiki hallarından göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla sübuta yetirilmiş, hadisə zamanı “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirildiyindən həmin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmaması, cavabdehin müqaviləyə imza etməsi əsas gətirilərək tələb təmin edilməsinə dair dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, əvvəla iş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etməkdə haqlı olmuşdur. Həmçinin də, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin müqaviləyə imza etməsi əsas gətirilərək tələb təmin edilməsinə dair əsaslandırma yoxdur. Qətnamədə sığortalı X3 həmin sığorta ödənişi aktını imzalayaraq "xxxx" ASCyə qarşı heç bir iddiasının qalmadığını təsdiqləməsi qeyd edilmişdir ki, X3 da hazırki iş üzrə cavabdeh deyildir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ziyan məbləğinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına istinad etmişdir. Cavabdeh isə apellyasiya şikayətində həmin məbləği mübahisələndirməklə bildirmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında X2 məxsus “Audi A4 minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği həddən artıq şişirdildilmişdir. Belə olan halda işin obyektiv həlli, eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi məqsədi ilə apellyasiya baxışı zamanı yol-nəqliyyat hadisəsi nəticəsində “Audi A4 minik” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və həmin avtomobilin avtonəqliyyat hadisəsi ilə bağlı təmir-bərpa xərclərinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/203 nömrəli, 20 fevral 2024-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2018-ci il buraxılışlı, "Audi A4 minik" markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11490,19 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında göstərilən məbləğə dair şübhələr olduğundan apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11490,19 manat müəyyən edilmişdir ki, həmin məbləğdən də Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta üzrə sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş 4.884 manat çıxılmaqla cavabdehdən tutulmalı olan məbləğ 6606,19 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası həmin məbləğin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh tutulmalı olan məbləğ - 6606,19 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatı iddiaçıdan, qalan 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(004)- 3141/2023 saylı qətnaməsi - Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 6606,19 (altı min altı yüz altı manat, on doqquz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pulun 50 manatı iddiaçıdan, qalan 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov