Məhkəmə qərarları › İş №2(103)-7323/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7323/2020

23.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7323/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa edilən tikilinin sökülməsi tələbinə dair Nizami Rayon Məhkəməsinin 2(007)-2204/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa edilən tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin ərizə verərək iddianın təmini tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 137/1 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikinti işlərinin aparılmasının qadağan olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev, iş № 2(007)-2204/20) ərizə təmin olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh imkansız, kasıb və əlilliyi olan adamdır, qızı vəfat etmişdir və öhdəsində mərhum qızının 2 azyaşlı övladı qalmışdır. Nizami Rayon icra Hakimiyyəti koronavirus pandemiyası dövründə belə kasıb və imkansız insana maddi köməklik etmək əvəzinə, onun evini dağıdaraq, ailəsini və az yaşlı nəvələrini bədbəxt etmək istəyir. İddiaçının bu hərəkəti dövlətin aztəminatlı ailələrin maddi rifah halının yaxşılaşdırılması ilə bağlı apardığı çoxşaxəli və genişmiqyaslı iqtisadi-sosial siyasətə ziddir. Bu səbəbdən də, həmin qərardad qanunsuz sayılmaqla ləğv olunmalıdır. Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiuş olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin tətbiq edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, sözügedən tikinti işlərinin aparılması hazırda işə baxılması və sonrakı mərhələlərdə işin hallarının mürəkkəbləşməsinə səbəb ola bilər. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2204/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar