Məhkəmə qərarları › İş №2(103)-7327/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7327/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7327/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkli və nümayəndəsi Vəkil2, Cavabdeh1, cavabdehlərin vəkili və nümayəndəsi Mehman Muradovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Fərid Haqveri tərəfindən ayrıca verilmiş apellyasiya şikayətinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 150.000 manat pul tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 119.000 manat pul cavabdehlərdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Hər iki tərəf şikayət verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehlərin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə 1-ci cavabdeh arasında etibarlı münasibətlər olub, bu səbəbdən iddiaçı özünə aid olan işlərin aparılmasını 1-ci cavabdehə tapşırıb. 2-ci cavabdeh isə 1-ci cavabdehin arvadıdır. Sonradan iddiaçı ilə 1-ci cavabdehin arasındakı münasibətlər pozulub. Hazırkı mübahisə “Lexsus LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır. Avtomobil 20.06.2018-ci ildə mülkiyyət hüququ əsasında 1-ci cavabdehin adına qeydə alınıb, 13.02.2019-cu ildə isə başqa şəxsin mülkiyyətinə keçib. İddiaçı iddia edir ki, avtomobil 1-ci cavabdehin adına qeydə alınsa da əslində onun (iddiaçının) pulu ilə alınıb. Avtomobilin iddiaçının pulu ilə alındığı qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilib. Belə ki, bundan əvvəl başqa işdə - 2(103)-12226/2019 nömrəli işdə tərəflərin arasında avtomobillə bağlı mübahisə olub, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 06.12.2019-cu il tarixli qətnamədə bu halı təsdiq edən faktlar sadalandıqdan sonra qeyd olunub: “Bütün bu faktlar isə mübahisəli avtomobilin məhz iddiaçının vəsaiti hesabına alınmasını tam sübuta yetirir”. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin hal yenidən sübut edilməli deyil. İddiaçı avtomobilin əldə edilməsi üçün ödədiyi pulu əsassız varlanma qaydalarına uyğun olaraq 1-ci cavabdehdən geri tələb etmək hüququna malikdir. Bu hüquq Mülki Məcəllənin 1092.1-ci maddəsində müəyyən edilib. İddiaçı həmin tələbi irəli sürmək üçün Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilmiş 2 illik müddəti ötürməyib. Belə ki, avtomobillə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra iddiaçı belə bir hüququnun olduğunu bilib və 2 il keçməmiş pulun qaytarılması üçün hazırkı iddianı verib. Pulun qaytarılması vəzifəsi 1-ci cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı pulu 1-ci cavabdehə verib, həmin pul ilə əldə edilən avtomobil mülkiyyət hüququ əsasında 1-ci cavabdehin adına qeydə alınıb. 2-ci cavabdehin 1-ci cavabdehin arvadı olması 2-ci cavabdeh üçün vəzifə yaratmır, çünki qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunub ki, avtomobil ər-arvadın (cavabdehlərin) ümumi qazancı hesabına deyil, iddiaçının pulu hesabına alınıb. Avtomobil ər-arvadın birgə mülkiyyəti sayılmadığından iddiaçının qarşısında ər-arvad deyil, yalnız ər məsuliyyət daşıyır. Odur ki, iddiaçı pulu 1-ci cavabdehdən tələb edə bilər. İddiaçıya qaytarılmalı olan pulun məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Beləliklə, qətnamə 2-ci cavabdehə aid olan hissəsi ləğv edilməli, 2-ci cavabdehə qarşı yönəlmiş tələb rədd olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır, qətnamədə hər iki cavabdehdən tutulması qət edilmiş pul yalnız 1-ci cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid olan hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar