Məhkəmə qərarları › İş №2(103)-7332/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7332/2022

17.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7332/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması, məhkəmə aidiyyətı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X3 622 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamına və torpaqların alqı-satqısına dair akta əsasən, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadədə olan 200 m2 torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmış, sonuncu, X3 büdcəsinə 1000 (bir min) manat haqq ödəmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş 526 nömrəli xx.xx.2019cu il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh istifadəsinə həqiqətən də X3 15 may 2007-ci il tarixli 622 saylı Sərəncamı ilə 200 m2 torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq olunmuş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatları”na əsasən, cavabdeh tərəfindən inşa olunmuş tikili “X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, İddiaçı Şirkətinin X6nə və 3-cü şəxs Cavabdeh qarşı “sərəncamın qanunsuz sayılması” tələbinə dair iddiası mümkünsüz sayılmışdır.

5. AR ƏMDK yanında DƏKÜRX-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh Məhəmmədli oğlu tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901 saylı qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”də nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilindədir, lakin 1 saylı mədənin 5-ci sahəsində yerləşən neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində olub-olmaması barədə elektron bazada mövcud deyil. Cavabdeh tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı olub, neft torpaqlarına aiddir. Həmçinin Cavabdeh tərəfindən inşa olunan tikiliyə dair hər hansı razılaşdırma sənədinin əlavə edilmədiyi nəzərə alınaraq, həmin tikilinin lazım icazə alınmaqla, şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/751 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin ətrafında yerləşən 250-300 metr radiusda torpaq sahəsində hər-hansı neft quyusunun mövcud olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehin Şirkətin Saziş ərazisi hüdudları daxilində, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), X15 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X15 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X14 Şirkətləri arasında imzalanmış X9 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur.

9. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (atası) Məhəmmədəli Qəhrəmanov iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin ərazi uzun illərdir ona məxsusdur və yaxın ərazidə heç bir neft quyusu mövcud deyil. Ərazini qanuni şəkildə 2007-ci ildə bələdiyyəyə pul ödəyərək alıb və orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

7.1. X3 15 may 2007-ci il tarixli 622 nömrəli Sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadədə olan 200 m2 torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş Cavabdeh alqısatqı yolu ilə mülkiyyətinə verilmişdir. 7.2. Azərbaycan Respublikasında hazırda qüvvədə olan VNTP 3-85-in 19-cu cədvəlinə əsasən, neft çıxaran qurğu ilə təchiz olunmuş quyularla yaşayış evləri və digər tikililər arasındakı ara məsafəsi 150m. olmalıdır. Müəyyən hallarda həmin ara məsafəsini 50%-ə qədər azaltmağa icazə verilir. Belə olan halda minimal ara məsafəsi 75 m. olmalıdır. 7.3. Cavabdehin istifadəsində olan torpaq sahəsi faktiki olaraq yaşayış məntəqələrində yerləşməklə iki tərəfdən yol ilə, iki tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Ərazinin ətrafında yerləşən təqribən 250-300 metr radiusda ərazilərdə ictimai tikililərin, yaşayış binalarının, fərdi yaşayış evlərinin, sahibkarlıq obyektlərinin və.s olduğu, həmin ərazilərdə hər hansı neft quyusunun olmdığı müşahidə edilmişdir. Cavabdeh Məhəmmədli oğlunun istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək koordinatları müəyyən edilmiş, həmin torpaq sahəsinin ətrafında yerləşən 250-300 metr radiusda torpaq sahəsində hər-hansı neft quyusunun mövcud olmadığı müəyyən edilmişdir. 7.4. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman "əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). 7.5. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). 7.6. Cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə sahibkarlıq fəaliyyəti tikintisi üşün 200 kv.m torpaq sahələri ayrılmışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təhlükəsizlik zonasında yerləşməsi barədə həmin torpaq sahəsi üzərində sərəncam verən orqanlara məlumat verilməmişdir. Həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də ona məxsus olan torpaq sahəsində yerləşir və 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. 7.7. İşdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. 7.8. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab edir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə olduqda cavabdehə məxsus tikilinin ona müvafiq kompensasiya ödənilmədən sökülməsi üçün əsaslar olmamışdır. 7.9. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında (V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı), İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ("X10rşı”, "Akimova Azərbaycana qarşı” qərarları) və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində ifadə olunan yanaşmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin özünə məxsus torpaq sahəsində və öz vəsaiti hesabına inşa etdiyi və uzun illər ərzində maneəsiz istifadə etdiyi tikili onun mülkiyyəti kimi qiymətləndirilməlidir. 7.10. Cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün tikili inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan məhkəmə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab edir. 7.11. Məhkəmə yekun olaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinin "Jidov və başqalarının Rusiya Federasiyasına” qarşı işində Valentina Kastornova (№ 1153/14); Yevdokiya Vdovina və Vladimir Vdovin (№ 2680/14) tərəfindən verilmiş şikayətlər üzrə Avropa Məhkəməsinin mövqeyinə əsaslanaraq qeyd edir ki, Avropa Məhkəməsinin həmin üş üzrə gəldiyi nəticə hazırki mülki işin halları ilə uyğunluq təşkil edir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməməlidir.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 139.1-ci, 139- 1.1.4-cü, 157.8-ci, 158.4-cü, 180-ci “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı nəzərə almadığını irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

14. Məhkəmə iclasında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmişdir.

15. Cavabdeh nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, torpaq sahəsi onlara X3 sərəncamı əsasında ayrılmış, orada avto-təmir yeri (vulkanizasiya) inşa etmişdir və sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Həmin ərazidə hər tərəfdə binalar və digər tikililər inşa olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

17. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

18. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

19. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı

20. “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ...Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. Apellyasiya baxışının həddi

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Prosessual qanunvericiliyin müddəalarını (§ 16-19) rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla biriinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

25. Belə ki, işin cavabdeh tərəfin bilavasitə özünün bildirdikləri ilə müəyyən olunmuş halına görə sökülməsi tələb olunan tikili avtotəmir obyektidir və cavabdeh orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

26. Elektron məhkəmə sistemindən əldə olunan məlumata görə, Cavabdeh xx.xx.2014-cü il tarixdən ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “Şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı” olmaqla sökülməsi tələb olunan ünvan üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

27. Kollegiya hesab edir ki, mübahisə, hüquqi şəxs olan iddiaçı şirkətlə fərdi sahibkar statusu olan cavabdeh arasında əşya hüquqi münasibətlərdən yaranmaqla kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar