Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7335/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxxx” MTK-ya qarşı “müqavilə üzrə artıq ödənilmiş məbləğin və artıq ödənilmiş kommunal xərclərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-141/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 121,4 kv.m., yaşayış sahəsi 81,4 kv.m olan 53 saylı mənzilə görə 2010-cu ilin avqust ayından göstərilən kommunal xidmətlərə görə haqqın miqdarının AR NK-nin xx.xx.2000-ci il tarixli, 40 nömrəli qərarına uyğun olaraq hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi, 2010-cu ilin avqust ayından 2019-cu ilin mart ayınadək mənzilin kommunal xidmətinə görə artıq ödənilmiş 4403,4 manat pulun və xx.xx.2004-cü il tarixli, 12 saylı müqaviləyə əsasən artıq ödənilmiş 7964 ABŞ dolları pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 12 nömrəli, xx.xx.2004cü il tarixli müqaviləyə əsasən cavabdeh yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,5 kv. metr təşkil edən 53 saylı mənzilin ona təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 139,5 kv.metr ümumi sahəsi olan yaşayış sahəsinin ümumi dəyəri olan 61 380 ABŞ dolları onun tərəfindən tam şəkildə ödənilmiş və bu barədə cavabdeh tərəfindən xx xxxx 2008-ci il tarixdə 22 nömrəli maliyyə arayışı verilmişdir. xx xxxxxx 2010-cu il tarixdə Mənzil üzərində onun xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş çıxarışa və texniki pasporta əsasən Mənzilin ümumi yaşayış sahəsinin 139,5 kv.m. deyil, 121,4 kv.m olduğu qeyd edilmişdir. Cavabdeh 61 380 ABŞ dolları müqabilində öhdəsinə götürdüyü 139,5 kv.metr deyil, 121,4 kv.metr ümumi sahəsi olan mənzil təhvil vermiş, bununla da onun etibarından sui-istifadə etməklə 7964 ABŞ dolları məbləğində pulu ondan artıq almışdır (61 380$/139.5 kv.metr=440$x121,4 kv.meır = 53 416$). Bundan başqa, cavabdeh ondan hər ay mənzilin hər kv.m. üçün 0,3 manat hesabı ilə müqavilədə göstərilən 139,5 kv.metr ümumi sahəyə görə 42 manat kommunal xidmət haqqı tələb etmiş və almışdır. Lakin ona məlum olmuşdur ki, kommunal xidmət haqqı üçün mənzilin ümumi sahəsi deyil, yalnız yaşayış sahəsinin ölçüsü nəzərə alınmalı, tam kommunal təminatlı mənzillər üzrə yaşayış sahəsinin hər 1 kv. metri üçün ayda 0,02 manat mənzil xidmət haqqı, liftdən istifadəyə görə adambaşına ayda 0,2 manat, məişət tullantılarının daşınması ve zərərsizləşdirilməsinə görə adambaşına ayda 0,14 manat kommunal xidmət haqqı müəyyən edilməlidir. Onun mənzilinin yaşayış sahəsinin ölçüsü 81,4 kv.metr təşkil edir, o zaman o, hər ay 42 manat deyil, 1,97 manat ödəməlidir (81,4x0,02=1,63 manat + 0,2 manat + 0,14 manat - 1,97 manat) Göründüyü kimi, cavabdeh onu aldadaraq dəfələrlə artıq kommunal xidmət haqqı almışdır. 2010-cu ilin avqust ayından bu günədək keçən 8 il 10 ay (110 ay) ərzində 1,97 manat olmaqla 216,7 manat ödəməli olduğu halda, 4620 (hər ay üçün 42 manat) manat kommunal xidmət haqqı ödədiyi nəzərə alınsa, cavabdehin ona 4403 manat borclu olduğu aydın olur. 12 nömrəli, xx xxxxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən ona 61.380 ABŞ dolları müqabilində nəzərdə tutulmuş 139,5 kv.metr deyil, 121,4 kv.metr ümumi sahəsi olan mənzil təhvil verildiyi üçün cavabdehin ona 7964 ABŞ dolları, mənzil-kommunal xidmətlər üçün artıq ödənilmiş 4403,4 manat borcu yaranmışdır. Bu borcu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)141/20 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilin kommunal xidmət haqqına görə alınmış 210 manat məbləğində pul vəsaitinin “xxxxx” MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbləri qalan hissədə təmin edilməməsi və 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri “xxxxx” MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edə iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzilin sahəsinin ona deyiləndən daha az olmasını təxmini 2 il bundan əvvəl oyrənmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi olmasa da o cavabdeh şirkətə 40 400 manat ödəniş edərək mənzili almış və mənzilə dair 2010-cu ildə çıxarış almışdır. Məhkəmə iclaslarında iştirak cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, sözügedən mənzil ilkin olaraq Natiq Sadıqov adlı şəxsə satılmış və sonra o mənzili iddiaçıya satmışdır. İddiaçıya dəfələrlə mənzilə dair müqavilə bağlanması təklif olunsa da o bundan imtina etmişdir. Sonradan 2008-ci il iddiaçı şirkətə yaxınlaşaraq mənzili öz adına sənədləşdirilmiş müqavilədə mənzilin köhnə qiyməti göstərilmişdir. Sözügedən mənzilin olduğu binada həmin mənzilə oxsar 15 mənzil vardır və hamısının ölçüsü eynidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin təmin olunmayan hissəsində mübahisləndirdiyi aydın olur. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 12 saylı (sonradan iddiaçının adına dəyişdirilmiş variantda həmin müqavilənin tarixi, həmçinin xx.xx.2004, nömrəsi isə 12/Yenixx/xx/2008 olaraq göstərilmişdir) müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, H.Salmani küçəsində 3 saylı binanın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,5 kv.m., olan 53 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçıya (Payçıya) verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Mənzilin dəyəri əvvəlki Payçı tərəfindən tam ödənilmişdir. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmaqla, bu barədə ona ******* saylı Çıxarış verilmişdir. Çıxarışda Mənzilin yaşayış sahəsinin 81,4 kv.m, yardımçı sahəsinin 40 kv.m olmaqla, ümumi sahəsinin 121,4 kv.m olması qeyd olunmuşdur. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 25099 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə Mənzilin ümumi sahəsinin 133,72 kv.m olması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən 2008-ci il tarixdə (Arayışa əsasən), 2015, 2016 və 2019-cu il tarixlərdə Mənzilin kommunal xidmət haqlarına görə cavabdehə pul ödənilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-ci maddəsinə əsasən Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı kommunal xərcə görə 4403,4 manat pulun cavabdehə ödənilməsi barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi kassa mədaxil orderinin qəbzləri ilə müəyyən edilir ki, iddiaçı kommunal xidmət haqqı kimi 2015-ci ilin iyul, noyabr və dekabr, 2016-cı ilin fevral-sentybar, 2018-ci ilin noyabr və dekabr, habelə 2019-cu ilin yanvar-mart ayları üzrə, ümumikdə 980 manat cavabdehə pul ödəmişdir. Lakin həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Ona görə də, kollegiya hesab edir ki, bu halda tərəflər arasındakı mübahisəyə əsassız varlanma ilə bağlı müddəalar tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). İşin yuxarıda qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı dövlət reyestrindən çıxarışı aldığı vaxtdan, yəni xx.xx.2010-cu il tarixdən Mənzilin ümumi sahəsinin az olduğunu bilmiş və buna baxmayaraq 2015, 2016, 2018 və 2019-cu il tarixlərdə kommunal xidmət haqları ödəmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə verilməsi nəzərə alınarsa, iddiaçı 2015 və 2016-cı il tarixlərdə kommunal xidmətə görə ödəmiş olduğu pul vəsaitini iki illik müddət keçdiyinə görə tələb edə bilməz. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 2018 və 2019-cu il tarixlərdə cavabdehə ödədiyi 210 manat məbləğində pulun cavabdedən tutulmaqla iddiaçıya ödənilməsi nəticəsinə əsaslı olaraq gəlmişdir. Kollegiya iddiaçının Mənzilin sahəsinə görə artıq ödənilmiş 7964 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsində iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, mənzilin dəyəri əvvəlki payçı X3 tərəfindən ödənilmiş və bununla bağlı tərəflərin imzaladığı xx.xx.2008-ci il tarixli, 12 saylı müqavilənin 3.3-cü bəndində bu hal öz əksini tapmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin nömrəsində də 12/Yenixx/xx/2008 göstərilmişdir. Buna görə də mənzilin dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmədiyindən, artıq hesablanaraq alınmış pul vəsaitini də iddiaçı cavabdehdən tələb edə bilməz. İkincisi isə, işin müəyyən olunmuş hallarına əsasən tərəflər arasında mənzilə dair müqavilə xx.xx.2008-ci il tarixdə imzalanmış və iddiaçı mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixdə çıxarış almışdır. Həm müqavilədə, həm də çıxarışda mənzilin sahəsi göstərildiyindən kollegiya hesab edir ki, iddiaçı ən gec ona mənzilə dair çıxarış verilən xx.xx.2010-cu il tarixdən mənzilin sahəsinin nə qədər olduğundan xəbəri olmuş, bununla belə o, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Halbuki, Mülki Məcəllənin 587-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1. alış qiymətinin mütənasib azaldılması; 2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1. alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 589.1-ci və 589.2-ci maddələrinə əsasən, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Göründüyü kimi iddiaçı həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddətini də ötürmüşdür. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-141/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7335/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7335/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver