Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7339/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2565/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayır. İstifadə etdiyi işıq sayğacı iddiaçının adınadır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2019-cu il tarixli akt əsasında iddiaçının adına olan işıq sayğacı ilə bağlı ona 579,65 manat məbləğində əsassız olaraq cərimə yazmışdır. Həmin cərimənin səbəbi elektrik enerjisindən sayğac olmadan istifadə edildiyi qeyd edilmişdir. İddiaçıya cərimə yazılması ilə bağlı heç bir məlumat verilməmiş, cərimə yazılması ilə bağlı aktın surəti ona verilməmiş, ödənişlə bağlı bildiriş gələndə işıq pulunun məbləğinin çox olmasını görüb idarəyə getmiş və orada ona cərimə yazılmasını bildirmişlər. İşıq idarəsinin işçilərinin iddiaçının barəsində yazdığı cərimə əsassız və qanunsuzdur. Belə ki, nə iddiaçının, nə ailəsinin heç bir üzvü tərəfindən elektrik xəttinə heç-bir müdaxilə edilməmiş və heç bir kənar xəttdən istifadə edilməmişdir. İddiaçının yaşadığı evə elektrik xətti işıq idarəsinin işçiləri tərəfindən çəkilmiş, evin yanındakı subartezyan quyusunun sayğacına qoşulmuş və ona artezyanın sayğacdan istifadə etməyi bildirmişlər. İddiaçı da həmin sayğacdan istifadə edərək hər ay elektrik enerjisinə görə borcunu ödəmiş və ödənişlə bağlı qəbzləri ərizəsinə əlavə edir. Bundan əlavə, iddiaçı işıq sayğacının quraşdırılması ilə bağlı dəfələrlə işıq idarəsinin işçilərinə müraciət etmiş, onlar yeni sayğac gələn kimi ona ayrıca sayğac quraşdırılacağını bildirdilər. İddiaçı da arxayın olub həmin sayğacdan istifadə etmiş və hər ay işlətdiyi enerjinin pulunu ödəmişdir. İddiaçı hətta 2014-cü ildə "xxxx" ASC-yə sayğac quraşdırılması ilə bağlı müraciət etmiş və onun müraciətinə X1 ŞəbəkəsiMMC-dən sayğacın quraşdırılacağı barədə cavab verilmiş və iddiaçıya evinə işıq çəkilişi ilə bağlı texniki şərt alınması tövsiyyə olunmuş, həmin sənədləri də iddiaçı Ağcabədi işıq idarəsinə təqdim etmiş, yalnız 2020-ci ildə işıq idarəsinin əməkdaşları iddiaçının evinə sayğac quraşdırmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2565/2022 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin olunmamışdır. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, borcun əsassız olması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan (aktlar, protoukol, abunə haqqında saldo və s.) görünür ki, 05 dekabr 2019-cu il tarixdə baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmış sayğıc yerində yoxdur, iddiaçı sayğıcdan kənar birbaşa şəbəkəyə qoşulmaqla elektrik enerjisindən istifadə edir, bu səbəbdən də iddiaçıya əlavə sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçının yaşadığı evə 2011-ci ildə quraşdırılmış sayğac yerində aşkar olunmamış və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Bundan əlavə, iddiaçının həmin evdə daimi yaşamasına və elektrik enerjisindən istifadə etməsinə baxmayaraq, 11 ay ərzində sərfiyyat dəyişməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərtib olunmuş aktın ləğvi üçün əsas yoxdur. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cərimə aktına görə 579,65 manat borcu olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı aktlara görə cəmi 480,62 manat cərimə borcu hesablandığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edərək, belə qənaətə gəlir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Apellyasiya şikayətinin iddia tələbinin əsaslandırlması ilə eynilik təşkil edən hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar şikayət müəllifinin öz subyektiv yanaşmasından ibarətdir ki, onun subyektiv yanaşması da zəruri sübutlarla təsdiq edilmədiyi halda mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdim etməmiş, cavabdeh tərəf isə bu halları qəbul etməmişdir. Eyni zamanda iddiaçının özü də uzun müddət ərzində sayğacdan kənar xətt vasitəsilə ümumi şəbəkəyə qoşulmaqla elektrik enerjisindən istifadə etməsini təsdiq etmişdir. İddiaçı sayğacdan kənar qoşulmanın məhz cavabdehin əməkdaşları tərəfindən keçirilməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (597,65 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2565/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)- 2565/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7339/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7339/2022
29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver