Məhkəmə qərarları › İş №2(103)-7355/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7355/2022

13.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7355/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin sahibliyə verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı, 20 dekabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, payçı İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347-48-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 10-cu mərtəbə, 163 saylı, sahəsi 72.79 kv.m olan 1 otaqdan ibarət mənzili payçıya verməyi, payçı həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin qiyməti 26.932 manat məbləğində müəyyənləşdirilmişdir.

2. İş materiallarında olan, arayışların surətlərindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə 12.208 manat, xx.xx.2006-cı il tarixdə 610 manat, xx.xx.2007-ci il tarixdə 788 manat, xx.xx.2007-ci il tarixdə 703 manat, xx.xx.2007-ci il tarixdə 693 manat, xx.xx.2007-ci il tarixdə 704 manat, xx.xx.2007-ci il tarixdə 700 manat, xx.xx.2007-ci il tarixdə 1.400 manat, xx.xx.2007-ci il tarixdə 700 manat, xx.xx.2007-ci il ytarixdə 600 manat, xx.xx.2007ci il tarixdə 800 manat, xx.xx.2007-ci il tarixdə 1.300 manat, xx.xx.2008-ci il tarixdə 500 manat, xx.xx.2008-ci il tarixdə 1.056 manat, xx.xx.2008-ci il tarixdə 400 manat, xx.xx.2008-ci il tarixdə 500 manat, xx.xx.2008-ci il tarixdə 500 manat, xx.xx.2008-ci il tarixdə 500 manat, xx.xx.2008-ci il tarixdə 770 manat, xx.xx.2009-cu il tarixdə 500 manat, xx.xx.2009-cu il tarixdə 1.000 manat "xxxx" MTK-ya ödəmişdir.

3. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-408/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda 0.3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 saylı mənzilə İddiaçı giriş-çıxışının və həmin mənzildən istifadə etməsini məhdudlaşdıran maneələrin aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda 0.3 ha torpaq sahəsində yerləşn çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 saylı mənzilin yenidən İddiaçı təhvil verilməsi qət edilmişdir.

4. İş materiallarında olan, payçı Cavabdeh1 ilə Cavabdeh2 MMC (direktor A.H.Hacıyev) arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş tikilməkdə olan binanın 163 sayll, sahəsi 73.6 kv.m olan 1 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Həmin mənzilin qiyməti 36.000 manat məbləğində müəyyənləşdirilmişdir.

5. İş materiallarında olan, Cavabdeh2 MMC-nin direktoru A.H.Hacıyev tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 mənzilin dəyərini tam olaraq ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin sahibliyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 2-ci giriş, 10-cu mərtəbədə sahəsi 73.6 kv.metr olan 1 otaqlı 163 saylı mənzilə dair mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və 163 saylı mənzilin onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 №-li sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 1-ci məhəllədə Cavabdeh2 MMC-yə 0.3 ha torpaq sahəsi ayrılmış və hündürmərtəbəli binanın layihələşdirilməsinə və inşasına icazə verilmişdir. Cavabdeh2 MMC ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Xətai rayonunun Xocalı küçəsindəki 2347-48-ci məhəllədə MMC-yə ayrılmış 0.3 hektar sahədə hündürmərtəbəli binanın tikilməsi MTK-ya həvalə edilərək kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq, habelə onların icrası üzrə bütün işləri müstəqil təşkil etmək hüququ MTK-ya verilmiş, MMC ilə MTK-nın arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə xx.xx.2009-cu il tarixində ləğv olunmuşdur. Sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün "xxxx" MTK, 03 may 2006-cı il tarixli müqavilənin şərtlərinə və öz Nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq hüququndan istifadə etməklə 10 noyabr 2006-cı il tarixdə (yəni MMC ilə MTK arasındakı müqavilənin qüvvədə olduğu xx.xx.2006-cı il və xx.xx.2009-cu il tarixləri arasında) payçı İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 ünvanında yerləşən yaşayiş binasının 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 72.79 kv.m olan 163 №-li mənzilə dair “Kooperativ Binada Mənzil Tikintisi Haqqında” müqavilə bağlamışdır. Payçı kimi o, mənzilim ümumi dəyəri olan 26932 manat məbləğini ilkin ödəniş olaraq 12.208 manat və qalan məbləği isə hissə-hissə olmaqla tamami ilə ödəmişdir. MTK isə öz növbəsində həmin vəsait hesabina inşa olunmuş mənzili pауçıya təhvil vermiş, payçı kimi o da öz növbəsində özünə və ailəsinə məxsus bəzi əşyaları dəyərini tamamilə ödədiyi 163 №-li mənzilə yerləşdirmişdir. İddiaçı kifayət qədər maddi vəsaiti olmadığı üçün özünə məxsus 163 №-li mənzili təmir etdirə bilməmiş və mənzilin qapısını kilitləyərək yaşadığı Qax şəhərinə getmiş, ara-sıra Bakıya gələndə mənzilə baş çəkmişdir. Uzun müddət sonra MMC ilə MTK arasındakı müqavilənin ləğv edilərək bina üzərindəki nəzarətin MMC-yə keçdiyini bilmiş, MMC əməkdaşları onun sənədlərini nəzərdən keçirdikdən sonra mənzilin ona məxsus olduğunu görmüşlər. İlk əvvəllər onun mənzilə sahiblik etməsinə heç bir müdaxilə etməsələr də sonradan müxtəlif bəhanələrlə onun 163 №-li mənzilə giriş-çıxışına və ona sahiblik etməsinə maneələr yaratdıqlarından payçı kimi o, “mənzilə giriş-çıxışı və ondan istifadə edilməsini məhdudlaşdıran maneələrin aradan qaldırılması və mənzilin Cavabdeh2 MMC tərəfindən yenidən təhvil verilməsi” tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Nizami Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 №-li mənzilə İddiaçı giriş-çıxışını və həmin mənzildən istifadə etməsini məhdudlaşdıran maneələrin aradan qaldırılması və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 saylı mənzilin ona təhvil verilməsi qət edilmiş, həmin qətnamə 23 iyun 2016cı il tarixdə qanuni qüvvəyə minmiş və 11 iyul 2016-cı il tarixdə icraya yönəlmişdir. Qeyd edilən bu xüsusatlar hazırkı işin müəyyən olunmuş hallarındandır və yenidən mübahisələndirilərək sübut edilməsinə yol verilmir. Bir müddət əvvəl Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binanın 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 73.6 m2 olan 1 otaqlı 163 saylı mənzilə dair mənzil tikintisi haqqında müqavilə bağlandığını öyrənmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair ilk müqavilə onunla bağlanmaqla onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, lakin 9 il sonradan onunla bağlanmış müqavilə ləğv edilmədən Cavabdeh1 ilə eyni mənzilə dair müvafiq müqavilə bağlanmışdır. Beləliklə də Cavabdeh2 MMC mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda Cavabdeh1 ilə müqavilə bağlamışdır. Mübahisəli 163 saylı mənzillə bağlı onun müqaviləsinin hazırkı dövrədək qüvvədə olmasını nəzərə alaraq bir daha qeyd edir ki, Cavabdeh2 MMC həmin mənzil üzərində sərəncam vermək, yəni ona dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinə malik subyekt olmamışdır. Səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, həmin mənzil onun sahibliyinə verilməlidir

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-10192/2017 saylı, 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Məmmədov), iddia tələbinin təmin edilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347-48-ci məhəllədə inşa edilən binada 1 otaqlı 163 nömrəli mənzilə dair bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347-48-ci məhəllədə inşa edilən binada 2-ci giriş, 10-cu mərtəbədə, 1 otaqlı 163 nömrəli mənzilin İddiaçı sahibliyinə verilməsi, Cavabdeh2 MMC-dən 36.000 (otuz altı min) manatın alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlandığı halda, onun iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan xx.xx.2006-cı il tarixli müqavilənin tərəfi olmayan şəxslər, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə qanunvericiliyin tələbləri pozulmaqla müqavilə bağlanmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarsızdır. Odur ki, iddia tələbi təmin edilərək həmin müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347-48-ci məhəllədə inşa edilən binada 2-ci giriş, 10-cu mərtəbədə, 1 otaqlı 163 nömrəli mənzil İddiaçı sahibliyinə verilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 6.2, 329.1, 337.2, 337.4, 337.5, 421.1, 423 və 452.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətlərinin dəlilləri

13. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iş üzrə yeni, qanuni və əsaslı qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, o, sözügedən qətnamənin əsasında verilmiş icra vərəqəsinin digər (pulun ödənilməsi) hissəsinin icrası üçün dəfələrdə icra şöbəsində olmuş, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Tural Rəhimovun qəbulunda olmuşdur. Bununla belə o, icra vərəqəsinin həmin hissəsinin icra edilməsinə nail ola bilməmişdir. Sözügedən qətnamənin əsasında verilərək hissəvi icra olunmuş icra vərəqəsinin pulun ödənilməsi hissəsində icrasına nail ola bilmədiyindən o, üzərindən 5 ildən çox müddət keçəndən sonra qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı şəhər Xətai rayon Məhkəməsi prosesi onun iştirakı olmadan keçirib, ona bildiriş göndərməyib, onu prosesə cəlb etməyib. Mənzili 2015-ci ildə alğı-satqı müqaviləsinə əsasən aldığına görə iddiaçı eyni mənzilə dair müqavilə bağlaya bilməzdi. Əgər ondan əvvəl müqavilə bağlamışdısa məhkəmə vaxtı bunu təqdim etməli idi. Mənzilin istifadəsinə verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi olmuş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3541/2016 saylı, xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə birinci instasniya məhkəməsinin qətnaməsi (onun xeyrinə) dəyişdirilmədən saxlanılmışdır. Belə olduğu təqdirdə iddiaçının həmin mənzilə dair müqavilə bağlaması da, məhkəmənin bu işə dair qüvvəyə minmiş qətnaməsi olduğu halda birinci instansiya məhkəməsinin iddiaçının iddiasını təmin etməsi də qanunsuz və əsassızdır. İddiaçının qətnamədə adı çəkilən "xxxx" MTK və Cavabdeh2 MMC ilə münasibətlərinin ona heç bir aidiyyatı yoxdur, buna görə də iddiaçını onun mənzilinə iddia etməsinin də heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmənin qənaəti səhv, qəbul etdiyi qətnamə isə qanunsuz və əsassızdır. Məhkəməsi qərar qəbul edərkən iddiaçı ilə "xxxx" MTK aralarında yaranmış mülki münasibətləri əsas götürmüş, halbuki həmin münasibətlərin ona heç bir aidiyyatı yoxdur. O, müqavilə bağlayarkən hər hansı qanun pozuntusuna yol verib-vermədiyi məhkəmə tərəfindən sübut olunmamışdır. Onun qanun pozuntusuna yol verib-vermədiyi məhkəmə tərəfindən sübut olunmamış, həmin mənzili qanuni əsaslarla almışdır. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:

22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

23. Maddə 324.: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

25. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

27. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

28. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

29. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Prosessual Məcəllə:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 nömrəli sərəncamı ilə Xətai rayonu, Xocalı küçəsindəki 2347-48-ci məhəllədə ona ayrılmış 0,3 ha sahədə hündür mərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı maddi imkanı olmadığı üçün "xxxx" MTK ilə razılığa gəlmiş, Cavabdeh2 MMC ilə "xxxx" MTK arasında 03 may 2006-cı il tarixdə müqavilə bağlanmış və "xxxx" MTK göstərilən ünvanda ayrılmış sahədə inşa olunacaq hündür mərtəbəli yaşayış binalarının tam halda "xxxx"na riayət olunmaqla tikilib başa çatdırılmasını, MTK-nın Nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamağı və sair öhdəlikləri öz üzərinə götürmüşdür. Hazırda İddiaçı həmin öhdəlikləri üzərinə götürmüş "xxxx" MTK ilə 10 noyabr 2006-cı il tarixdə müqavilə bağlamış, müqaviləyə əsasən Kooperativ Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən, MTK-nın tikilməkdə olan binasında 1 otaqdan ibarət ümumi sahəsi 72,79 kv.m olan 163 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 26.932 manat məbləğində müəyyən olunmuş, İddiaçı "xxxx" MTK-nın kassasına həmin məbləğdə, yəni 26.932 manat pulu tam ödəmişdir. Bu, MTK tərəfindən verilmiş arayışlarla tam təsdiq edilir. MTK ilkin olaraq öhdəliyə əməl edib mənzili payçıya təhvil versə də, sonradan, 21 sentyabr 2008-ci il tarixdə bağlanmış müqavilə əsasında 163 nömrəli mənzil qanunsuz olaraq X1. Hansı ki, MTK ilə İddiaçı arasında daha əvvəl, 10 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə qüvvədə olmaqla ləğv edilməmiş, mənzil isə faktiki olaraq İddiaçı sahibliyində olmuşdur. Gülanə Ələkbərova ilə bağlanmış müqavilə Xətai Rayon Məhkəməsinin 05 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2014-cü il tarixli qətnaməsi ilə, müvafiq olaraq qeyd olunan qətnamə isə Ali Məhkəmənin 10 dekabr 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

42. İş materialları ilə həmçinin müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 №-li mənzilə İddiaçı giriş-çıxışını və həmin mənzildən istifadə etməsini məhdudlaşdıran maneələrin aradan qaldırılması və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 163 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmiş, həmin qətnamə 23 iyun 2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və 11 iyul 2016-cı il tarixdə icraya yönəlmişdir.

43. İş materialları ilə o da müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 MMC ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 2-ci giriş, 10-cu mərtəbədə, sahəsi 73.6 kv.m olan 1 otaqlı 163 saylı mənzilin Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi, 15.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq X4 ödənilməsi qət edilmişdir.

44. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8843/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-8570/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.

45. Həmin qərardadda göstərilmişdir ki, İddiaçı apelyasiya şikayətində qeyd etdiyi yeni tələblə bağlı birinci instansiya məhkəməsinə müraciət etməsi və ya apelyasiya isntansiyası məhkəməsinin qətnaməsindən Ali Məhkəmənin sədri tərəfindən təqdimat verilməsi üçün ərizə ilə müraciət etməli olması hüququ izah edilməlidir.

46. İşin qeyd edilən materialları ilə müəyyən olunur ki, mübahisələndirilən mənzil ilkin olaraq 2006-cı il tarixli müqavilə ilə "xxxx" MTK tərəfindən hazırki iddiaçıya satılmış, sonradan isə həmin mənzil Cavabdeh2 MMC tərəfindən hazırki iş üzrə Cavabdeh1 satılmış və hər iki şəxs mənzilin dəyərini ödəmişdir.

47. İddiaçı hazırki iddianı qaldıraraq, müqavilənin hazırki dövrə kimi qüvvədə olması, onun razılığı olmadan iradəsinə zidd olaraq, həmin mənzil üzərində sərəncam vermək hüququ olmadan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında qanunsuz müqavilə bağlandığından, həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.

48. Hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlandığı, onun iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan xx.xx.2006-cı il tarixli müqavilənin tərəfi olmayan şəxslər, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə qanunvericiliyin tələbləri pozulmaqla müqavilə bağlanılmışdır. Ona görə də mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarsızdır. Məhkəmə həmçinin həmin mülki iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etmişdir.

49. İş materialları ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və qətnamə mübahisəli mənzilin iddiaçının sahibliyinə verilməsi hissəsində icra edilmiş və bu, Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktı ilə rəsmiləşdirilmişdir.

50. Hazırda mübahisələndirilən qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş edir.

51. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, hazırki işə baxılmasından məlumatsız olmuş, məhkəmədə iştirakı təmin olunmadığı üçün, zəruri sübutları təqdim edə bilməmişdir.

52. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apelyator olan cavabdeh və onun nümayəndəsi hazırki mübahisəyə baxılarkən məhkəmə iclasında iştirak etmiş, izahatlar vermiş (xx.xx.2017-ci il tarixli məhkəmə iclas protokolu) və qətnamə də həmin gün onların iştirakı ilə elan edilmişdir. Göründüyü kimi, cavabdehin hazırki məhkəmə mübahisəsindən məlumatsız olması barədə dəlilləri iş materialları ilə təkzib edilir.

53. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qanuni əsaslarla müqavilə bağlayaraq mübahisəli mənzili almış, dəyərini ödəmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə mübahisəli mənzil üzərində onun hüquqları tanınaraq, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi qət edildiyindən, iddia tələbinin təmin olunması üçün əsaslar olmamışdır. Lakin, birinci instansiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almayaraq, onun müqaviləsini etibarsız hesab etmişdir.

54. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini də qətnamənin ləğvi üçün əsaslı hesab etmir.

55. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, mübahisəli mənzil ilk olaraq xx.xx.2006-cı il tarixdə iddiaçıya satılmış, daha sonra isə iddiaçı ilə bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 satılmışdır.

56. Hazırkı işin tərəfləri arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”

58. Mülki Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.).

59. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.)

60. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil İddiaçı məxsus olmuş (işin bu halı qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsilə müəyyən olunur) və onunla bağlanmış müqavilə ləğv edilmədən Cavabdeh2 MMC ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan cavabdehlə müqavilə bağlanıla bilməzdi.

61. Kollegiya hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsilə Cavabdeh2 MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh1 ilə bağladığı müqaviləni etibarsız (əhəmiyyətsiz) hesab etməkdə haqlı olmuşdur.

62. Hazırki mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə edən kollegiya qeyd edir ki, Cavabdeh1 münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

63. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.

64. Hazırki işin hallarından görünür ki, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə hazırki iş üzrə İddiaçı ilə bağlanmış və həmin müqaviləyə əsasən MTK mənzili inşa edərək, sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

65. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

66. Qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi üçün, həmin müqavilə üzrə mənzilə sahiblik hüququnu əldə etmişdir.

67. Məhkəmə kollegiyası apelyatorun işə baxan məhkəmə tərəfindən mübahisəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin nəzərə alınmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının istinad etdiyi qanuni qüvvəsini almış qətnamə, hazırki iş üzrə iddiaçı üçün predyusiallıq daşımır. Çünki iddiaçı həmin iş üzrə mübahisə tərəfi olmamışdır.

68. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı cavabdehin istinad etdiyi qətnaməni apelyasiya qaydasında mübahisələndirsə də, onun apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və Bakı Apelyasiya Məhkəməsinin qərardadında göstərilənlərə əsasən öz hüquqlarından istifadə edərək, hazırki iddianı qaldırmışdır. Yəni, qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi hazırki iddianı qaldırmağa maneə törətməmişdir.

69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

70. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı, 20 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar