Məhkəmə qərarları › İş №2(103)-7364/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7364/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7364/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏTNAMƏ İş № 2(103)-7364/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2008/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mitsubishi Pajero» markalı 001D057 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunaraq, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı almışdır.

2. Həmin avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə qəzaya uğraması nəticədə iddiaçıya məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən «Mitsubishi Pajero» markalı, 001D057 dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 1.420 manat, əldən çıxmış faydaya görə 2.000 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat olmaqla, cəmi 3.920 manat pul vəsaiti və ödənilmiş 60 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında xx.xx.2022-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mitsubishi Pajero» markalı, 001D057 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı almışdır. Həmin avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə qəzaya uğramış, nəticədə iddiaçıya məxsus «AUDİ Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" MMC Audi Bakı Mərkəzi tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən zərərin miqdarı 1.420 manat müəyyən edilmişdir. Buna görə də, cavabdehə ərizə ilə müraciət edərək hadisə ilə bağlı sığorta tədbirlərinin həyat keçirilməsi iddiaçı tərəfindən xahiş edilmişdir. İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli AS-23/060 saylı məktubla cavab olaraq bildirilmişdir ki, avtomobilə texniki baxış keçirilərək və hesablama aktına əsasən dəymiş zərər cəmi 650 manat məbləğində müəyyən edilmişdir. Lakin "xxxx" MMC Audi Bakı Mərkəzinin tərtib etdiyi qüsur aktında isə avtomobilimə dəyən yekun zərərin miqdarı 1.420 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya təklif etdiyi məbləğ sonuncunun avtomobilinə dəyən zərərdən xeyli azdır. İddiaçının avtomobili sığortalanmışdır və iddiaçı hər ay avtomobil üçün söğorta ödənişləri icra etmişdir. Cavabdeh iddiaçıya dəyən zərəri tam ödəməkdən imtina edir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2008/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, dəymiş zərərə görə 1.220 manat, vəkilə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 922.1, 926.1, 926.2-ci maddələri, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 18.1, 21.1.3, 52.1, 53.1, 53.4, 56.1.2,-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.6, 121, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın 650 manat hissədə təmin edilməsi, qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının nümayəndəsi X4 Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 650 manat məbləğində müəyyən edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçı ərizə göndərərək qohumunun (əmisi oğlu) qəfil vəfatı səbəbindən hüzür mərasimində iştirak etdiyindən məhkəmə prosesində iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasını təxirə salınmasını xahiş etsə də, həmin halı təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

12. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

13. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

«İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu

14. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

14. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

15. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

16. Maddə 21.1.3. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir.

17. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

18. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

19. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

20. Maddə 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən qətnamə iddanın təmin olunması hissəsində mübahisələndirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırki mülki iş üzrə tərəflər arasında mübahisəyə səbəb olan məqam vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı dəymiş ziyana görə 1.420 manat tələb edir, cavabdeh isə 650 manat ödəməyə razı olduğunu bildirmişdir.

31. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4358 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Audi Q7» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.220 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 230 manat; təmir-bərpa işlərinin qiyməti – 990 manat.

33. Mülki iş üzrə araşdırma zamanı təyin edilmiş ekspert rəyi ilə də, iddiaçıya dəymiş ziyanın məbləğinin 1.220 manat olduğu müəyyən olunmuşdur.

34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiyası qeyd edir ki, cavabdeh dəymiş ziyanın 650 manat olması müəyyən edilməmişdir.

35. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2008/2023 saylı iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar