Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7366/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(006)-174/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 02.04.2018-ci il tarixli İlkin müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 32,5 kv.metr, 2 yaşayış otağı olan əmlakı 10000 manata X3 almışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTKnın icarə əsasında istifadəsinə verilmiş 2.203 ha torpaq sahəsinin 1.1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir.
3. 19.01.2021-ci il tarixli 1636 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/67 saylı cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yerləşən 11845 kv.metr torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zəmanət məktubunda göstərilmişdir ki, Cavabdeh məxsus Nəsimi rayonu Abay döngəsi 19 ünvanda yerləşən fərdi yaşayış yerinin Cavabdeh razılığı olmadan "xxxx" MMC tərəfindən söküntü işlərinin aparılmayacağına zəmanət verilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19.0 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1.1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə layihələndirilən yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binaların tikintisi üçün Tİ-18/22 saylı, xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazə sənədi təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 20/67 saylı, xx.xx.2020-ci il tarixli cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 1636 nömrəli 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. "xxxx" MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. MMC-nin sözügedən torpaq sahəsi ilə tanışlığı zamanı həmin ərazidə 19.00 sahədən ibarət özbaşına tikili aşkar edilmiş, həmin tikilidə yaşayan cavabdehlə danışıq aparılsa da, onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd MMC-yə təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən cavabdehə humanizm mövqeyi göstərilmiş, özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim edilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif rədd edilmiş, MMC-dən ağılasığmaz məbləğlər tələb edilmişdir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın (evin) ümumi sahəsinin 39,3 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın hazırki vaxtda mövcud olan orta bazar qiyməti təqribən 43300,0 manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə iclasında ekspert X6 ifadəsində bildirmişdir ki, Şirkətin nümayəndələri ekspertiza aparılan zaman iştirak edirdilər. Sökülmüş mənzilin sahəsini fundament izləri ilə müəyyən etmişdir. Həyətyanı sahə və tikililər ilə birlikdə (ümumi sahə) 39.3 kv.metrdir. Oraya gedəndə tikinti işləri həmin ərazidən kənarda aparılırdı. Sökülmüş mənzil ilə bağlı ona sənəd təqdim edilməmişdir. Şirkətin nümayəndəsi Nümayəndə1 ekspertiza keçirilən zaman orada iştirak edirdi. Baxış aktı tərtib edilmiş və şirkətin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmışdır. Sökülmüş mənzilin sahəsi 22.11 kv.m, qalan hissə isə həyətyanı sahədir. Sökülmüş mənzilin yerini vizual olaraq Cavabdeh göstərirdi.
9. Məhkəmə tərəfindən sübutun yerində müayinəsi zamanı mübahisəli yaşayış sahəsinin söküldüyü, tərəflərin də bildirdiklərinə görə söküntü aparılmış ərazidə evindəmir darvazadan qaz xəttinə qədər olan hissədə, həmçinin sökülmüş vəziyyətdə yalnız arxa divarının olması, qaz xəttindən MTK-ya məxsus tikilinin divarınadək həyətyanı sahənin olması, eyni zamanda ətrafda MTK tərəfindən bina tikintisinin olduğu müəyyən olunmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2023-cü il tarixli 2(006)-174/2023 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən Cavabdeh məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiyanın İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmə iddia tələbinin tikilinin sökülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı mübahisə predmeti olan tikilinin söküldüyü müəyyən olunmuşdur. Bu halda göstərilən hissədə mübahisə olmadığından və məhkəmədən kənar həll olunduğundan həmin hissədə iddia tələbi təmin oluna bilməz.
12. İddiaçının kompensasiya verilməklə sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab etmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Sökülmüş tikili özbaşına tikili olsa da, cavabdehin həmin tikiliyə görə iddiaçıdan kompensasiya almaq hüququ vardır.
13. Kompensasiya məbləğinə və evin sahəsinə dair fikir ayrılığının obyektiv, tam və hərtərəfli həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin ümumi sahəsinin 39,3 kv.metr olduğu və orta bazar qiyməti isə təqribən 43300,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiyməti olan 43300,0 manat məbləğində iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29,43, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2, 180.1, 180.2, 180.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ona məxsus 39,3 kv.m ibarət tikilinin sökülməsinə görə evlə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində iddiaçı ona mənzil təklif etdiyini, onun isə imtina etdiyini göstərmişdir. Qeyd edir ki, ona mənzil təklif olunsa idi o, mənzildən imtina etməzdi. MMC onu aldadaraq mənzilin sökülməyəcəyini bildirmiş və zəmanət məktubu vermişdir. MMC tərəfindən onun yaşadığı evin yanında apardıqları qazıntı işləri nəticəsində onun evi qəzalı vəziyyətə düşmüş, evini təmir etmək adı ilə onu evdən çıxarmışlar və gecə ilə evini sökmüşlər. Əşyaları da evin içində olmuşdur. Ekspert rəyi ilə evinin ümumi sahəsinin 39,3 kv.m olduğu təsdiq edilmişdir. Sökülmüş evin şəkilləri əsasında həmin ərazidə bazar qiyməti X5 tərəfindən verilmiş hesabata əsasən 104500 manat təşkil edir. Hesab edir ki, ona məxsus sahəsi 39,3 kv.m olan evin sökülməsi nəticəsində ona həmin evin yerləşdiyi yerdə cavabdehin inşa etdiyi binadan mənzil verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, iddiaçı təşkilatın təklifi ilə mənzilini tərk etdiyi vaxtdan hər 350 manat kirayə haqqı alır.
19. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehin evi özbaşına tikili olmaqla cəmi 19 kv.m sahəsi olmuşdur.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, qətnamə onun şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi statusuna görə özbaşına tikili olmuş və cavabdeh həmin evi 2018-ci ildə müqavilə əsasında dəyərini ödəməklə almışdır.
34. Evin əvvəlki sahibi X1 əsasında 2018-ci ildə tərtib olunmuş Eskiz Layihəsindən görünür ki, evinin tikinti sahəsi 39,1 kv.m təşkil etmişdir.
35. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTKnın icarə əsasında istifadəsinə verilmiş 2.203 ha torpaq sahəsinin 1.1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir.
36. İş materiallarında olan MMC-nin direktoru tərəfindən verilmiş zəmanət məktubu ilə cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin razılığı olmadan MMC tərəfindən söküntü işlərinin aparılmayacağına zəmanət verilmişdir.
37. Buna baxmayaraq, cavabdehə məxsus mübahisə predmeti olan tikili onun məlumatı olmadan sökülmüşdür. Hazırki iddianın "xxxx" MMC tərəfindən qaldırılması da onu göstərir ki, yaşayış evi məhz həmin cəmiyyət tərəfindən sökülmüşdür.
38. Qeyd olunanlar müdaxilənin varlığına dəlalət edir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.
40. Göründüyü kimi qanuni müdaxilənin mütənasib olması gözlənilməlidir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
41. İddiaçı tələbində cavabdehə məxsus tikilinin 19 kv.metr olmasını və ona uyğun olaraq 38000 manat kompensasiya ödənilməsini tələb etmişdir.
42. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, əmlakın ümumi sahəsi 39,3 kv.m təşkil edir və sökülmüş əmlakın hazırki vaxta mövcud olan bazar qiyməti təqribən 43300,0 manat təşkil edir.
43. Məhkəmə tərəfindən də ekspert rəyinə uyğun olaraq 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiya verilməsi müəyyən edilmişdir.
44. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Buradan da belə başa düşülür ki, iddiaçı sökülmüş evə münasibətdə cavabdehin kompensasiya hüququna malik şəxs olması və evin sahəsinin 39,3 kv.m olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.
45. Hazırda cavabdeh apellyasiya şikayətində 39,3 kv.m evinin sökülməsinə görə evlə təmin edilməsini xahiş etmişdir.
46. Kollegiya əvvəlcə onu qeyd edir ki, evin hər kv.m üçün 2000 manat kompensasiya verilməsi iddiaçının ozünün təşəbbüsü olmuşdur (19 kv.m sahə üçün 38000 manat). Eskiz layihəsi və ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, cavabdehin evinin sahəsi 39,3 kv.m təşkil etmişdir.
47. Odur ki, cavabdehə məxsus evin sahəsi 39,3 kv.m götürülməlidir.
48. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
49. Belə olan halda qeyd olunan normanın tələbinə uyğun olaraq Kollegiya hesab edir ki, zərərin əvəzi naturada ödənilməlidir.
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
51. Yuxarıda da qeyd edildiyi hazırda cavabdehə vurulmuş zərərin naturada ödənilməsi qənaətinə gəlinmişdir, ona görə də MMC tərəfindən yeni inşa olunmuş binada 39,3 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m sahəsi olan təmirli mənzil cavabdehə MMC tərəfindən təhvil verilməlidir.
52. Kollegiya onu da qeyd edir ki, iddiaçının sökdüyü evin yerində inşa olunan yeni binada göstərilən ölçüdə mənzilin olub-olmaması iddianın rədd olunması üçün əsas ola bilməz, göstərilən məsələ gələcəkdə qətnamənin icrası qaydasında həll oluna bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2023 nömrəli iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehə 43300 manat məbləğində kompensasiya verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh sökülmüş ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m sahəsi olan təmirli yaşayış sahəsi iddiaçı "xxxx" MMC tərəfindən təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.