Məhkəmə qərarları › İş №2(103)-7374/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7374/2021

10.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7374/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Rafael Eyvazov və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Əfsanə Xalıqovanın iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Məhiyyədin oğlu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə) qarşı “alqı-satqı müqaviləsinin, icarə müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab olunması barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsi ilə bağlıdır (bundan sonra – qeyri-yaşayış sahəsi). Qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olub. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinə dair əvvəlcə 18.04.2018-ci il tarixli, 10212 №-li icarə müqaviləsi, daha sonra isə 14.05.2018-ci il tarixli, 6919 №-li alqı-satqı müqaviləsi bağlanıb. Alqı-satqı müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin qiyməti kimi 8.000 manat pul Cavabdeh1 tərəfindən ödənilib. Cavabdeh1 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ alqı-satqı müqaviləsi əsasında 31.05.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddiaçı MMC-nin ilk iddia ərizəsində tələb olunub ki, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi, alqı-satqı müqaviləsi və reyestr çıxarışı etibarsız hesab olunsun. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, qeyri-yaşayış sahəsinin sökülüb məhv edilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi 200.000 manat pul tutulsun. Nərimanov Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı MMC-nin ilk iddiası təmin olunsun, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi, alqı-satqı müqaviləsi və reyestr çıxarışı etibarsız hesab olunsun, tərəflər əvvəlki vəziyyətə qaytarılsın, Cavabdeh1 qarşılıqlı iddiası isə təmin edilməsin. Şikayət və onun həlli: Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Bundan əvvəl apellyasiya şikayətinə 1 dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 11.08.2020-ci il tarixli qətnamə ilə qət olunub ki, apellyasiya şikayəti qismən təmin olunsun, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunsun, yeni qətnamə qəbul olunsun, İddiaçı MMC-nin ilk iddiası təmin olunsun, icarə müqaviləsi, alqı-satqı müqaviləsi və reyestr çıxarışı etibarsız hesab olunsun, Cavabdeh1 qeyri-yaşayış sahəsinə görə ödədiyi 8.000 manat pul vəsaiti dövlət büdcəsindən onun özünə qaytarılsın, Cavabdeh1 qarşılıqlı iddiası təmin olunmasın. Ali Məhkəmənin 16.05.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 8.000 manat pulun dövlət büdcəsindən Cavabdeh1 qaytarılması hissəsində ləğv edilərək həmin hissədə iş yeni baxışa qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də hazırkı apellyasiya baxışnda yalnız 8.000 manat pulun qaytarılmasına aid olan məsələyə baxılır. İzahatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Əfsanə Xalıqova baxılan məsələyə, yəni 8.000 manat pulun qaytarılması barədə məsələyə dair hər hansı fikir bildirmədilər. Cavabdeh1 izahatının ümumi məzmunu ondan ibarətdir ki, o, özünə qarşı olan iddianı əsassız sayır. Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Əfsanə Xalıqovanın izahatının ümumi məzmunu ondan ibarətdir ki, 8.000 manat pulun qaytarılması qanunvericiliyin tələbinə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs kimi işə cəlb edilmiş, lakin Nazirliyin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Baxılan məsələnin həlli: Satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh1 arasında bağlanmış, lakin məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş 14.05.2018-ci il tarixli, 6919 №-li alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ödədiyi 8.000 manat pul geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə görə əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. 8.000 manat Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına geri qaytarılmalıdır. Belə ki “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 11.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. O cümlədən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndinin 1-ci cümləsindən görünür ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. 8.000 manat pul dövlət büdəcəsinə daxil olduğuna görə məhz dövlət bücəsindən qaytarılmalıdır. 8.000 manatın 25 faizinin Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qaytarılmalı olması barədə mülahizələr əsassızdır. Bunun 2 səbəbi var: 1-ci, Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) alqı-satqı müqaviləsinin bağlanması zamanı dövlətin səlahiyyətlərini həyata keçirib. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Buna müvafiq olaraq müqavilə üzrə əldə olunan 8.000 manat pul dövlət büdəcinə daxil olub. 2-ci, 25 faizin adı qanunvericilikdə “ayırma” kimi göstərilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 11.2-ci maddəsində, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndinin 2-ci cümləsində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nın 9-cu bəndində 25 faiz “ayırma” adlandırılıb. “Ayırma” ifadəsi təsdiq edir ki, pul dövlət büdcəsinə daxil olduqdan sonra 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılır. Nəzərə alınmalıdır ki, pul əşya sayılır (Mülki Məcəllə, maddə 135.1). Mülki hüquqda əşyalar müəyyən olunma əlamətinə görə 2 yerə bölünür: növ əlamətinə və fərdi əlamətə görə müəyyən olunan əşyalar. Əgər fərdi əlamətə görə müəyyən edilən əşyanın 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılsayıdı, belə halda əqd etibarsız hesab edildikdən sonra həmin 25 faizi geri qaytarmaq məhz Komitənin vəzifəsi sayılardı. Pul fərdi əlamətə görə deyil, növ əlamətinə görə müəyyən olunan əşyadır. Odur ki, 8.000 manat pul dövlət büdcəsində daxil olduqdan sonra artıq dövlətin pulu sayılır. Pul dövlətin sayıldıqdan sonra onun hansı məqsəd üçün ayrılacağı (istifadə olunacağı) müvafiq dövlət orqanının səlahiyyətinə aid olan məsələdir. Əqd etibarsız hesab edildikdə və dövlət büdcəsinə daxil edilmiş pul geri qaytarılmalı olduqda bu məsələ (dövlətin öz pulunu hansı məqsədlər üçün ayırması) nəzərə alınmır və pul dövlət büdcəsindən qaytarılır. Bundan başqa, 25 faiz məqsədli ayırmadır: 1) dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi üçün; 2) özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili üçün; 3) müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması üçün; 4) sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi üçün; 5) Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması üçün. 25 faiz ayırma artıq xərclənib, ya xərclənməyib, büdəcəyə geri tələb olunmalıdır, ya olunmalı deyil? Bunu məhkəmə həll etmir. 8.000 manat pul məhkəmə qətnaməsinə əsasən dövlət büdcəsindən qaytarılıqdan sonra 25 faiz ayırmanın büdcəyə geri tələb edilib-edilməyəcəyini müvafiq dövlət orqanları öz aralarında həll etməlidir. Müqayisə üçün qeyd olunmalıdır ki, büdcəyə daxil olan vəsaitlərdən belə ayırmalar digər sahələrdə də mövcuddur: inzibati cərimələrdən ayırma, dövlət rüsumlarından ayırma və s. İnzibati cərimə və ya dövlət rüsumu müxtəlif səbəblərdən (məs., qərar ləğv olunduğuna görə) geri qaytarılmalı olduqda pul dövlət büdcəsindən qaytarılır, çünki ayırmalar məqsədli olub: işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün və s. Beləliklə, 8.000 manat Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən Cavabdeh1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında ünvan 1 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 14.05.2018-ci il tarixli, 6919 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 8.000 (səkkiz min) manat pul Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar