Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7375/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2(006)-6453/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/23 saylı müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi, mənzilin iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda isə mənzilin dəyəri olan 290000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv. mənzilin üzərinə həbsin qoyulması və həmin əmlakın digər şəxslərə satılması və ya digər formada mülkiyyətinə verilməsinin cavabdehə və digər şəxslərə qadağa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə mübahisəsi gedən zaman ona məxsus əmlakın satılması məhkəmə qərarının icrasını gələcəkdə qeyrimümkün edəcəkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2(006)- 6453/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin ona satılması barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə onun məhkəmə iclasında iştirakını təmin etmədən birbaşa hüquqlarını kobud şəkildə pozan qərardad qəbul etmişdir. Buna görə də hazırda mənzil hüququndan istifadə edə bilmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh və qərardadla maraqlarına toxunulan şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2(006)-6453/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə və s. tədbirlər görülə bilər. Kollegiya hesab edir ki, iddia açıq-aşkar əsassız deyil. İddia tələbi ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə vardır. İddianı təmin tədbiri iddia tələbinə mütənasibdir. İddianı təmin tədbirinin ləğv edilməsi gələcəkdə qətnamənin icrasında çətinliklər yarada bilər. Buna görə də iddianı təmin tədbiri barədə ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2(006)- 6453/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7375/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7375/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver