Məhkəmə qərarları › İş №2(103)-7376/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7376/2021

13.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7376/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2021 saylı mülki iş üzrə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, məhkəməyə müraciət edərək, Bakı şəhəri 3 saylı Notariat Kontorunda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2015-ci il tarixli reyestrdə 4Ə221 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək X2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna baş sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç saylı bağ evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh3 adına DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən hüquqi qeydiyyatdan keçmiş, Cavabdeh3 X3 60000 manat pul borcu olmuş, Cavabdeh3 borclu olduğu üçün X1 adına 20 dekabr 2014-cü il tarixli reyestrdə 7E-44-39301 nömrə ilə qeyd edilmiş 1 il müddətində mülkiyyətində mübahisəli bağ evini bütün dövlət və qeyri dövlət orqanlarında MİS-də, notariat kontorunda, DƏDR-də Asan X/M-də təmsil etməyi, həmin evə dair lazımi sənədləri və yüklü olmaması barədə arayış aldıqdan sonra onun üzərinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı istənilən bankdan adına hesab açmağı, evin satılmasından əldə olunan pulları həmin hesaba qoymağı, həmin hesab üzərində sərəncam verməyi, hesabdan pul götürməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatlar aparmağı və digər hərəkətləri etməyi etibar edir” kimi qeyd etmiş, bu etibarnaməni ləğv etdirməmiş, hətta, Bakı şəhəri 50 saylı notariat kontorunda 24 avqust 2015-ci il tarixli reyestr 3M-498 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsində T.M.Qasımova 60000 manat borclu olduğunu qeyd etsə də, həmin mənzili qanunsuz olaraq T.M.Qasımova satmış, bu barədə T.Qasımova məlumat verməmişdir. Borc verdiyi pulu ala bilmədiyi üçün T.Cavabdeh1Əmirova qarşı pul tələbinə dair Xətai rayon Məhkəməsində iddia qaldırmış, Xətai rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və 16 avqust 2016-cı il tarixli icra vərəqəsi verilmiş, Xətai rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh3 adına daşınar və daşınmaz əmlakların müəyyən edilməsi zamanı məlum olmuşdur ki, onun adına DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən hüquqi qeydiyyatdan keçmişdir. Mübahisəli bağ evinin hərraca çıxarılması üçün icra məmuru tərəfindən məktub göndərilərək “X5” MMC tərəfindən daşınmaz əmlak 11 sentyabr 2017- ci il tarixdə hərraca çıxarılmış və o, hərracda adı çəkilən bağ evini 40000 manat ödəyərək almışdır. Mülkiyyətçi Cavabdeh3 T.Qasımovun adına həmin mülkə dair 1 il müddətinə etibarnamədən əlavə 24 avqust 2015-ci il tarixli reyestrdə 3M-498 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsi Bakı şəhəri 50 saylı Notariat qaydasında təsdiq olunmasını üzərinə götürsə də, onu xəbərdar etmədən hazırki iş üzrə Cavabdeh1 Bakı şəhəri 3 saylı Notariat Kontorunda AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında 01 iyul 2015-ci il tarixli 4Ə-221 nömrəli edilməklə mübahisəli bağ sahəsini guya 150000 manata satmış, ancaq nə notariat kontoru, nədə Cavabdeh1 tərəfindən 2 il 7 ay müddətində DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etməmiş, sonradan müraciət etmiş, ona 09 fevral 2018-ci il tarixli **********42 saylı məktubla DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən etiraz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(006)-139/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlməmişdir. Belə ki, Mübahisəli bağ sahəsini satan S.Z.Əzimov 01.07.2015-ci il tarixdə bağın satışından aldığı 50.000 (bir yüz əlli min) manatdan T.Qasımovdan aldığı 60.000 (altmış min) manat borcunu qaytarmamış, bir ay sonra - 24.08.2015-ci ildə T.Qasımovla sonuncudan 60.000 (altmış min) borc alması barədə müqavilə bağlamışdır. S.Z.Əzimov mülkiyyətində olmuş bağı Cavabdeh1 həqiqətən satmış olsaydı 2012-ci ildən borclu olduğu T.Qasımova borcunu qaytara bilərdi və borcunu müqavilə ilə təsdiqlətdirməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.H.Novruzov apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(006)- 139/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər Tməhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna baş sahəsi, ev 183ç tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabında 21 yanvar 2014-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 01.07.2015-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən notarial qaydada bağlanmış AN-İ ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə» əsasən, mülkiyyətçi Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yistifadədə olan 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m, yaşayış sahəsi 148,5 kv.m, yardımçı sahəsi 136,2 kv.m olan 7 otaqlı baş evinin alqı-satqısı baş tutmuşdur, mənzilin satış qiyməti 150000 manat təşkil etmişdir. İş materiallarında olan mülki iş materiallarında olan 11 sentyabr 2017-ci il tarixli “X8” 138 saylı protokolun surətindən görünür ki, sifarişçi-Xətai rayon İcra Şöbəsinin icra məmuru Gündüz Sadıqov hərrac təşkilatçısı-“X6” MMC; Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kv.m bağ evi və 0,03416 ha torpaq sahəsinin tam dəyəri 50000 manat 10 faiz endirilməklə 45000 manat 20 faiz endirilməklə 40000 manat İddiaçı qalib gəlmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Hazırki mülki iş materiallarından görünür ki, İddiaçı X2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna baş sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç saylı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh “X5” MMC-yə, Xətai rayon İcra və Probasiya şöbəsinin, AR Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, İddiaçı və Cavabdeh3ov Zeynəddin oğlunun mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edildiyi “X8 protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, X5” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yerləşən bağ evi əsasında tərtib edilmiş 11.09.2017-ci il tarixli X8 138 nömrəli protokol və yekun nəticələri etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli 2(103)-5585/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh “X5” MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdeh “X5” MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli 2(103)-5585/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə məhkəmə qərarları ilə X5” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 Ç ünvanında yerləşən bağ evi əsasında tərtib edilmiş 11.09.2017-ci il tarixli X8 138 nömrəli protokol və yekun nəticələri etibarsız hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, İddiaçı Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud deyildir. İddiaçı subyektiv hüququ mövcud olmadığından iddiası rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2021 saylı mülki iş üzrə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar