Məhkəmə qərarları › İş №2(103)-738/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-738/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-738/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(005)-322/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 avqust 2013-cü il tarixli lizinq müqaviləsi üzrə ona vurulmuş zərərin əvəzi kimi 52828,88 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh lizinq şirkəti ilə bağladığı 01 avqust 2013-cü il tarixli müqaviləyə əsasən müqavilə qiyməti 34500 ABŞ dolları olan “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşını lizinqə götürmüş və lizinq şirkətinə 52828,88 ABŞ dolları məbləğində pul ödəmişdir. Müqavilə üzrə öhdəliyini tam yerinə yetirdikdən sonra 31 avqust 2018-ci il tarixdə avtomobil təhvil-təslim aktına əsasən ona verilmiş, lakin avtomobili öz adına rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, avtomobil Bolqarıstan Respublikası tərəfindən İnterpolun axtarışına verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(005)- 322/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə 34500 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv olunaraq iddianın tam təmin olunmasını, cavabdeh isə qətnamənin ləğv olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh lizinq şirkətinə 52828,88 ABŞ dolları məbləğində pul ödənildiyi halda, birinci instansiya məhkəməsi iddianı yalnız 34500 ABŞ dolları məbləği hissəsində təmin etmiş, əsassız olaraq ödənilmiş məbləğdən amortizasiya xərclərini çıxmışdır. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı avtomobili geri qaytarmadığı və hal-hazırda da istifadə etdiyi halda, lizinq ödənişlərinin geri qaytarılması barədə iddia qaldırmışdır. Halbuki, lizinq ödənişlərinin geri qaytarılması müqabilində avtomobilin də lizinq şirkətinə geri qaytarılması məsələsi həll olunmalı idi. Bundan əlavə, lizinq şirkəti avtomobili öz mülkiyyətinə alarkən avtomobilin beynəlxalq axtarışda olması barədə onlarda hər hansı məlumat olmamış, yalnız müqavilə bağlanandan 7 il sonra iddiaçının vasitəsilə bu barədə məlumat əldə etmişlər. Əgər avtomobil axtarışda olsaydı, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən avtomobil üzərində lizinq şirkətinin mülkiyyət hüququ qeydə alınmaz və sonrakı 7 il ərzində avtomobil texniki baxışdan keçirilməzdi. Həmçinin ötən 7 il ərzində avtomobilin istismar olunub dəyərinin aşağı düşməsi də nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən avtomobilin real dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş, lakin iddiaçı avtomobili ekspertizaya təqdim etməkdən boyun qaçıraraq ekspertizanın keçirilməsinə mane olmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün lizinq şirkəti iddiaçıya təklif etmişdir ki, onun öz seçimi ilə lizinq predmetinə uyğun olan digər nəqliyyat vasitəsi verilsin və ya lizinq predmetinin faktiki dəyərinə uyğun ona pul verilsin. Lakin iddiaçı bu təklifləri dəyərləndirməmişdir. Qeyd olunan hər iki halda iddia olunan ziyan ödənilmiş olur. Qətnamə qəbul olunarkən maddi hüquq normaları pozulmuş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında tərəflərin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh lizinq şirkəti ilə bağladığı 01 avqust 2013-cü il tarixli 1562M/13/B saylı müqaviləyə əsasən müqavilə qiyməti 34500 ABŞ dolları olan 2006-cı il buraxılışlı “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşını 36 ay müddətinə lizinqə götürmüş və lizinq şirkətinə 52828,88 ABŞ dolları məbləğində pul ödəmişdir. Müqavilə üzrə öhdəliyini tam yerinə yetirdikdən sonra 31 avqust 2018-ci il tarixdə avtomobil təhvil-təslim aktına əsasən ona verilmiş, lakin avtomobili öz adına rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, avtomobil Bolqarıstan Respublikası tərəfindən İnterpolun axtarışına verilmişdir. İş materiallarında olan “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin avtomaşın alqı-satqı müqaviləsinə əsasən 27.01.2011-ci il tarixdən "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin hazırkı adı Cavabdehdir. İş materiallarından görünür ki, “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın 15.10.2012-ci il tarixdən İnterpol tərəfindən axtarışa verilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş, lakin İddiaçı avtomaşını ekspertizaya təqdim etməkdən imtina etdiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Apellyasiya icraatı mərhələsində avtomaşının qiymətləndirilməsi üçün yenidən ekspertiza təyin olunmuş, lakin iddiaçı əvvəlcə avtomobilin cərimə meydançasında, sonra isə Naxçıvan MR-də olduğunu bildirərək avtomaşını ekspertizaya təqdim etməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, həmin avtomobil ekspertiza keçirilən dövrdə və sonrakı dövrlərdə Bakı şəhəri ərazisində idarə olunmuşdur. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 aprel 2021-ci il tarixli 9/1103 saylı rəyinə əsasən, internet məlumatlarına (sayt : Az turbo) və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 30000 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-11.1.1-ci maddəsinə əsasən, lizinq obyektinin amortizasiya ödənişləri lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 749.1-ci maddəsinə əsasən, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Cavabdeh MMC-nin nümayəndələri lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan avtomobilin beynəlxalq axtarışda olması barədə lizinq şirkətində heç bir məlumat olmadığını, bu barədə məlumat olsaydı, avtomobil üzərində şirkətin mülkiyyət hüququnun qeydə alınmasının və avtomaşının texniki baxışdan keçirilməsinin mümkün olmadığını bildirmiş və lizinq şirkətinin vicdanlı lizinq verən olduğunu bildirmişlər. İş materiallarından görünür ki, avtomobil 27 yanvar 2011-ci il tarixdə lizinq şirkətinin mülkiyyətinə keçmiş, 15 oktyabr 2012-ci il tarixdə avtomobil İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdir. Tərəflər arasında lizinq müqaviləsi isə 01 avqust 2013-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi, avtomobil lizinq şirkətinin mülkiyyətinə keçərkən axtarışda olmasa da, lizinq müqaviləsi bağlanarkən avtomobil İnterpol xətti ilə axtarışda olmuşdur. Beləliklə, lizinq şirkəti tərəfindən lizinq alana hüquqi cəhətdən qüsurlu avtomaşın lizinqə verilmişdir. Mülki qanunvericilikdə satıcının alıcıya qüsurlu əşya verməsi nəticəsində yaranmış məsuliyyət təqsirsiz məsuliyyətdir. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin qüsurlu vəziyyətə düşməsində lizinq şirkətinin təqsiri olmasa da, lizinq alana qüsurlu avtomobilin verilməsi lizinq şirkətinin risk dairəsində olmuşdur. Lizinq şirkəti də avtomobil geri qaytarıldığı təqdirdə lizinq alana dəymiş real zərərin əvəzini ödəməyə, o cümlədən eyni keyfiyyətdə avtomobil verməyə və ya avtomobilin real qiymətini iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, lizinq alan İddiaçı qüsurlu əmlak verilməsinə görə dəymiş zərərin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, nə lizinq müqaviləsinin qiyməti olan 34500 ABŞ dolları, nə də lizinq müqaviləsi üzrə ödənilmiş 52828,88 ABŞ dolları məbləğində pul iddiaçıya vurulmuş real zərərin məbləği kimi qəbul oluna bilməz. Belə ki, avtomobil 2006-cı il buraxılışlı olmaqla 01 avqust 2013-cü il tarixdən hal-hazırkı dövrə qədər iddiaçının istifadəsindədir. Buna görə də avtomobilin ötən müddətdə istismarda olub həm buraxılış ilinə, həm də istismarda olmasına görə dəyərinin aşağı düşməsi təbiidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 30000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında avtomobil satışı ilə bağlı internet saytlarında olan məlumatlardan da görünür ki, oxşar vəziyyətdə olan “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı avtomobillərin orta bazar satış qiyməti 30000 manatdır. Əgər avtomobil beynəlxalq axtarışda olmasaydı, yəni qüsurlu olmasaydı, İddiaçı həmin avtomobili real bazar qiymətinə uyğun qiymətə sata bilərdi. Buna görə də Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30000 (otuz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim qanunla göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, lizinq obyekti olan avtomobil üçüncü şəxslərin hüquqları ilə yüklü olduğundan, öhdəliklərin qarşılıqlı icrası mümkün olmamış, lizinq alan avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir. Hal-hazırda avtomobil lizinq şirkətinin mülkiyyətində qalır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılmalı, lizinq şirkətindən iddiaçının xeyrinə pulun tutulması avtomobilin geri qaytarılması ilə eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(005)- 322/2020 saylı qətnaməsi dəyişdirilsin və Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30000 (otuz min) manat müəyyən edilsin. “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılsın. Qətnamə tərəflər üçün eyni vaxtda icra olunsun. İddia ərizəsi və apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul tərəflərdən bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar