Məhkəmə qərarları › İş №2(103)-7382/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7382/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7382/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 119 saylı “Alğı-satqı müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 6.800 manat, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 172,04 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 89,72 manat məbləğində pulun Cavabdeh2 və onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh1 müştərək qaydada tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən sonuncu, dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən ümumi dəyəri 25.000 manat təşkil edən malları almış və bu zaman o, müqavilənin şərtinə uyğun olaraq MMC-yə 10.000 manat ilkin ödəniş etmişdir. Müqavilənin şərtinə görə qalan 15.000 manat, ayda 1.000 manat olmaqla, 15 ay ərzində, müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun olaraq MMC-yə ödənilməli idi. Cavabdeh2un övladı olan iş üzrə digər Cavabdeh1 anasının MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtına və lazımi qaydada icra edilməsinə zamin durmuş və bu barədə MMC ilə cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Müqavilənin predmeti olan mallar xx.xx.2020-ci il tarixdə MMC tərəfindən Cavabdeh2a təhvil verilmiş və bu barədə həmin tarixdə “Təhvil-təslim aktı” tərtib edilmişdir. Qeyd edilən müqavilələrin bağlanmasına və malların alıcıya təhvil verilməsinə baxmayaraq iş üzrə cavabdehlər qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərilərinə götürdükləri öhdəlikləri tam və lazımi qaydada icra etməmiş, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan 6.800 manatı, MMC tərəfindən onlara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməmişlər. Göstərilənlərə əsasən 6.800 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməlidir. Bundan başqa cavabdehlərdən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə (dəbbə) olaraq 172,04 manat məbləğində pul da müştərək qaydada tutularaq MMC-yə ödənilməlidir. Çünki MMC, cavabdehlərin onun qarşısında üzərinə götürdükləri öhdəliyin icra edilməməsini və müqavilə şərtlərini nəzərə alaraq cavabdehlərə cərimə borcu hesablamışdır. Belə ki, müqavilə üzrə son ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçmiş, öhdəliyin icrası (xx.xx.2022 il tarixdən xx.xx.2023-ci il tarixədək) 253 gün gecikdirlmişdir. Müqavilənin şərtinə görə hər gecikdirilmiş gün üçün 0,01% olmaqla, (6.800 x 0,01% x 253 =) 172,04 manat cərimə hesablanmışdır. MMC qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, MMC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 89,72 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürüləndən sonra müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh qismində adı qeyd edilmiş Cavabdeh2 xx.xx.2023cü il tarixdə, yəni iddia ərizəsi məhkəməyə daxil olunan tarixdən 1 ay əvvəl ölmüşdür.

4. Bunu müəyyən etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə icraata Cavabdeh2a aid hissədə xitam verilməsini qərara almışdır.

5. Cavabdeh (zamin) Cavabdeh1 aid hissədə işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın icraatda qalmış hissəsinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kreditor olan iddiaçı MMC ilə borclu olan Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilir ki, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilməli idi. Bu baxımdan qəbul edilməlidir ki, MMC, zamin olan Cavabdeh1 qarşı iddianı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə əsasən həmin tarixdən etibarən 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixədək irəli sürməli idi. Lakin MMC, əsas öhdəliyin icrası vaxtından təxminən 1 il 8 ay keçdikdən sonra iddianı irəli sürmüşdür. Göründüyü kimi, MMC, qeyd edilən maddədə nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh1 zamin olaraq MMC qarşısında üzərinə götürdükləri öhdəliklər xitam verilmiş hesab olunur və ona qarşı irəli sürülmüş iddia tələbi təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 zamin olmaqla yanaşı, MMC-yə münasibətdə borclu olmuş anası Cavabdeh2un vərəsəsidir. Bundan başqa, Rayon Məhkəməsi iddianı icraata götürən zaman həmin vaxt iddia ərizəsində adı cavabdeh kimi qeyd edilmiş Cavabdeh2a münasibətdə iddianın mümkünlüyünü yoxlamamış, iş üzrə prosessual pozuntulara və iddiaçının tələbinə dair çətinlik yaradan hallara yol vermişdir. Həm prosessual hüquq varisliyinin, həm də hüquqi varislərin müəyyən edilməsinin mümkün olduğu halda, Rayon Məhkəməsi borclu Cavabdeh2un prosessual və ya hüquqi varislərini işə cəlb etməməklə prosessual pozuntuya yol vermişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

9. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, alıcı olan Cavabdeh2, onunla satıcı olan iddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən ümumi dəyəri 25.000 manat təşkil edən 1 ədəd “Honkon 808 kk” adlı avadanlıq digər əlavələrlə birlikdə almış və bu zaman o, müqavilənin şərtinə uyğun olaraq MMC-yə 10.000 manat ilkin ödəniş etmişdir. Müqavilənin şərtinə görə qalan 15.000 manat, ayda 1.000 manat olmaqla, 15 ay ərzində, müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun olaraq MMC-yə ödənilməli idi.

12. Cavabdeh2un övladı olan Cavabdeh1 anasının MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtına və lazımi qaydada icra edilməsinə zamin durmuş və bu barədə onlar ilə MMC arasında xx.xx.2019-cu il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır.

13. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təhvil-təslim aktından” görünür ki, “Alğı-satqı müqaviləsinin” predmeti olan 1 ədəd “Honkon 808 kk” adlı avadanlıq digər əlavələrlə birlikdə MMC tərəfindən Cavabdeh2a təhvil verilmişdir.

14. Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 343972 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

15. Bakı Şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, X-2784 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bununla əlaqədar olaraq Notariat Ofisində “Vərəsəlik işi” açılmışdır. Cavabdeh2un ölümündən sonra miras qalmış əmlak – Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 20 “A”-da yerləşən 72 saylı mənzil, mərhumun övladı Cavabdeh1 tərəfindən qəbul edilmiş, lakin ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. “Vərəsəlik işində” olan sənədlərin surəti məktuba əlavə edilir.

16. “Vərəsəlik işinə” əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 32 saylı Notariat Ofisinə bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş anası Cavabdeh2a məxsus olmuş mənzili miras əmlakı faktiki olaraq qəbul etmişdir.

17. “Vərəsəlik işinə” əlavə edilmiş xx.xx.2023-cü il tarixli digər ərizədən görünür ki, Oguz Bozkurt 32 saylı Notariat Ofisinə bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş arvadı Cavabdeh2a məxsus olmuş mənzildən ona çatası hissədə imtina edir.

18. Qeyd edilənlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, alıcı olan Cavabdeh2, onunla satıcı olan iddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etmiş, dəyərini hissə-hissə ödəmək şərti ilə MMC-dən aldığı və 25.000 manat təşkil edən əşyanın dəyərini qismən ödəmiş, 6.800 manat məbləğində pulu isə ödəmişdir. Halbuki, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilməli idi. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda müəyyən edilir ki, Cavabdeh2un övladı olan iş üzrə digər Cavabdeh1 anasının MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtına və lazımi qaydada icra edilməsinə zamin durmuş və bu barədə MMC ilə cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh1 zamin olaraq yaranmış 6.800 manat məbləğində borcu MMC-yə ödəməmişdir. MMC-nin “pulun ödənilməsi tələbi barədə” iddiası xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli “iş üzrə icraata Cavabdeh2a aid hissədə xitam verilməsi barədə” qərardan nəzərə alınmaqla müəyyən edilir ki, hazırda baxılan tələb “Cavabdeh1 6.800 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 172,04 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı MMC-ya ödənilməsinə dair qətnamə qəbul edilməsi” məzmunundadır.

19. İddiaya baxmış Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, kreditor olan iddiaçı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilməli olduğundan, MMC, zamin olan Cavabdeh1 qarşı “pul tələbi barədə” iddianı Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə əsasən 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixədək irəli sürülməli idi. Lakin MMC, əsas öhdəliyin icrası vaxtından təxminən 1 il 8 ay keçdikdən sonra iddianı irəli sürmüşdür. Göründüyü kimi, MMC, qeyd edilən maddədə nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh1 zamin olaraq MMC qarşısında üzərinə götürdükləri öhdəliklər xitam verilmiş hesab olunur və ona qarşı irəli sürülmüş iddia tələbi təmin edilə bilməz.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.). Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (maddələr 477.0 və 477.0.4.).

21. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddianın təmin edilməməsinə dair Rayon Məhkəməsinin əsaslanması qanunidir.

22. İddiaçı MMC qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 zamin olmaqla yanaşı, MMC-yə münasibətdə borclu olmuş anası Cavabdeh2un vərəsəsidir.

23. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi “iş üzrə icraata Cavabdeh2a aid hissədə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardadında iddiaçı MMC-yə izah etmişdir ki, MMC, Cavabdeh2a qarşı olan tələbini sonuncunun vərəsələrinə qarşı irəli sürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir.

24. İş materiallarından isə görünür ki, iddiaçı MMC, Cavabdeh1 qarşı irəli sürdüyü tələbi, sonuncunun zamin olmasına əsaslanaraq müdafiə etməkdə davam etmiş, ona qarşı tələbini dəyişməmişdir.

25. Bu baxımdan qəbul edilməlidir ki, zamin kimi Cavabdeh1 qarşı iddianın təmin edilməməsinin əsasları üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür.

26. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

27. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı Məhkəmə həmçinin qeyd edir ki, MPM-in tələblərinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 262.5.). İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və ya məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər (maddə 395.1.). Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər (maddə 395.2.).

28. İş materiallarından görünür ki, iddiaçı MMC, Cavabdeh2a aid hissədə iş üzrə icraata xitam verilməsi barədə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməmiş və həmin qərardadla razılaşmışdır.

29. Belə olan halda iddiaçı MMC-nin həmin qərardadın əsassızlığı ilə bağlı qətnamədən vermiş olduğu apellyasiya şikayətində irəli sürdüyü dəlil əsassızdır.

30. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi iddianı icraata götürən zaman həmin vaxt iddia ərizəsində adı cavabdeh kimi qeyd edilmiş Cavabdeh2a münasibətdə iddianın mümkünlüyünü yoxlamamış, iş üzrə prosessual pozuntulara və iddiaçının tələbinə dair çətinlik yaradan hallara yol vermişdir. Həm prosessual hüquq varisliyinin, həm də hüquqi varislərin müəyyən edilməsinin mümkün olduğu halda, Rayon Məhkəməsi borclu Cavabdeh2un prosessual və ya hüquqi varislərini işə cəlb etməməklə prosessual pozuntuya yol vermişdir.

31. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızıdır. Çünki iddiaçı olan MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərkən Cavabdeh2un sağ olubolmamasını yoxlamamış, iddia ərizəsində Cavabdeh1 ilə yanaşı Cavabdeh2u da cavabdeh kimi qeyd etmişdir.

32. Rayon Məhkəməsi iş üzrə hazırlıq iclası keçirən zaman isə müəyyən etmişdir ki, Cavabdeh2un iddia ərizəsi məhkəməyə daxil olandan təxminən 1 ay əvvəl ölmüşdür.

33. Bu hal müəyyən ediləndən sonra iddiaçı MMC-nin nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə icraatın sıradan çıxmış Cavabdeh2un vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılmasını xahiş etmişdir.

34. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla vəsatəti rədd etmişdir.

35. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

36. MPM-in tələblərinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (maddə 50.1.). İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.7.).

37. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh2un təxminən 1 ay əvvəl vəfat etmişdir. Bu baxımdan müəyyən edilir ki, o, hazırki iş üzrə tərəf olmamış və tərəf kimi sıradan çıxmamışdır. Buna görə də, onun məhkəmə icraatı zamanı varis ilə əvəz edilməsi mümkün olmamışdır.

38. Belə olan halda hesab edilməlidir ki Rayon Məhkəməsinin qeyd edilən hala yanaşması əsaslı olmuşdur. İddiaçı MMC-nin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

39. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar