Məhkəmə qərarları › İş №2(103)-7388/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7388/2021

13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7388/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu X4 Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanda yaşadığı müddətdə həmişə işıq pulları daxil olmaqla dövlətin bütün kommunal xərclərini vaxtlı vaxtında ödəmişdir. 2016-cı ildən 2020-ci ilin iyun ayının ortasınadək onlar ailəsi qeyd olunan mənzilində yaşamamışlar. Onlar evlərinə gəldikdən sonra "xxxx" ASC-nin nümayəndəsi tərəfindən onların xəbərləri olmadan kod nömrəsi **********0043 olan onlara məxsus işıq sayğacına baxış kesirilərkən müəyyən olunmuşdur ki, onların həmin sayğac üzrə 2648 manat borcları yaranmışdır. Bunun əsasında da NDM ******* nömrəli akt tərtib olunmuşdur. Yəni bu pulun yaranması onun günahı nəticəsində olmamışdır. Akt tərtib olunan vaxt borcun çoxluğu nəzərə alınaraq işıqları "xxxx" ASC tərəfindən söndürülmüşdür. Evdə körpə uşaq olmasını və soyuducudan istifadə edə bilməmələrini nəzərə alaraq onların tərəfindən birinci dəfə 1000 manat, ikinci dəfə isə 600 manat ödənilmişdir. Ümümilikdə "xxxx" ASC-yə 1621 manat borc qalmışdır. Bu borc "xxxx" ASCnin əməkdaşı Afiq adlı şəxsin səhlənkarlığı nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən onun ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18/5 fərdi yaşayış evinə quraşdırılmış kod nömrəsi **********80043 olan sayğac üzrə müəyyənləşdirilmiş 1621 manat borcun "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanan 06.08.2020-ci il tarixli, NDM 019467 nömrəli aktın və akt üzrə hesablanmış 2647,69 manat borcun silinməsi və həmçinin bunların əsasında 16.09.2020-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli 2(006)-862/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə təqdim olunan sübutların ( akt, abunə haqqında məlumat) qiymətləndirməsini düzgün aparmamış və məhkəmə tərəfindən əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.K.Abdullayev apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi, İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 862/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 06.08.2020-ci il tarixli NDM № 019467 saylı aktına əsasən "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının yaşadığı ünvanında yoxlama keçirən zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının baxışı tablosu olunmur, impuls lampası vurmur, sayğac sxemindən keçən yünü tam qeyd etmir, sayğacın alt qapaq möhürünün simi qırıqdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin icra vərəqəsindən görünür ki, abonent İddiaçı NDM 019467 saylı 06.08.2020-ci il tarixli akt əsasında sayğacın baxış tablosunun olunmaması, impuls lampasının vurmaması, keçən yükün qeyd etməməsi, alt qapaq möhürünün qırıq olması aşkar olunmuş, itirilmiş elektrik enerjinin bərpası üçün əlavə olaraq 2647,69 manat əlavə sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cümşüd Fərzəliyev (kod **********80043) arasında bağlanmış 16.09.2020-ci il tarixli razılaşma protokolundan görünür ki, istehlakçının istehlakı zamanı itirilmiş enerjinin bərpasına görə NDM 019467 nömrəli dəyərləri cəmi 2648 manat olan akt tərtib olunmuşdur. Aktdan qalan 2648 manat debitor borcunu nəzərə alaraq 1000 manat ödəniş etdikdən sonra X2 "xxxx" ASC-nin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə qalıq debitor borcun (2221 manat) 16.11.2020-ci il tarixədək ödəməyi və bu məsələ ilə bağlı "xxxx" ASC-nə qarşı gələcəkdə hər hansı iddia qaldırmamağı öz öhdəsinə götürmüşdür. X2 qeyd olunan borcu 16.11.2020-ci il tarixə qədər 3 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq razılaşdırılmış qrafikə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür: sentyabr 2020 - 600 manat, oktyabr 2020 - 800 manat, noyabr 2020 - 821 manat. İstehlakçının bu razılaşma protokolu ilə müəyyən edilmiş şərtləri pozması öhdəliyini icra etməməsi kimi qiymətləndiriləcək və onun elektrik enerjisi təchizatı "xxxx" ASC tərəfindən dayandırılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Lakin hazırki işdə iddiaçıya məxsus kod nömrəsi **********80043 olan sayğac üzrə hesablanmış 2648 manat borcun yaranma mənbəyi müəyyən deyildir. Çünki cavabdeh tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 8.2-ci bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda İddiaçı 16.09.2020-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də iddiaçının iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə və prinsiplərinə ziddir və yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cümşüd Fərzəliyev arasında bağlanmış 16.09.2020-ci il tarixli razılaşma protokolu da etibarsız əqd hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, razılaşma protokulunun özü istehlakçı ilə deyil, digər şəxs Cümşüd Fərzəliyev ilə bağlanmışdır. Belə olan halda hazırki iş üzrə iddiaçı istehlakçı iddia ərizəsi ilə müraciət edərək qeyd olunan razılaşma proktokulun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuş və razılaşma protokolu iddiaçının bir başa mənafelərinə toxunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar