Məhkəmə qərarları › İş №2(103)-739/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-739/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-739/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4023/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının ******* saylı hərbi biletindən müəyyən edilir ki, Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2006-cı ildə MN-nin 271 saylı, xx.xx.2006-cı il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 208 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından müəyyən edilir ki, Şəki RHK tərəfindən 2005-ci ildə hərbi xidmətə çağırmış iddiaçının hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Düz bağırsağın İİ mərhələ sallanması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 108 saylı göndərişi, xx.xx.2016-cı il tarixli, 77 saylı arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2005- ci il tarixli çıxarış epikrizi, 4800 nömrəli xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), xəstəlik hərbi xidmət dövründə alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışa görə İddiaçı 2-ci qrup əlildir. Diaqnoz: “Düz bağırsağın prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqdan qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, posthemorragik anemiya, ağır forma” Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2022

4. 16 iyul 2021-ci il tarixli kassa məxaric orderinə əsasən 660 manat məbləğində pul "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 06 iyul 2022-ci il tarixli, 05/1469 saylı məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən o, xx.xx.2006-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi xidmətdə olarkən almış olduğu xəstəliyə görə isə Qanunla müəyyən olunmuş müddət ötürüldükdən sonra, xx.xx.2017-ci ildə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən sığorta ödənişinin verilməsindən imtina olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçu kimi ona ödənilməmiş 6000 manat icbari sığorta pulunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası SHXÇX-nin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətdə olarkən xəstələnmiş və qulluq etdiyi hərbi hissədən xx.xx.2005-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına müayinəyə göndərilmişdir. Burada onu müayinə edərkən "Düz bağırsağın İİ mərhələ sallanması aşkar edilmiş, bu səbəbdən xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər Mərkəzi Hərbi Klinik Hospitalda stasionar müalicə edilmişdir. Hərbi xidmət müddətini başa vurduqdan sonra məlum olmuşdur ki, hərbi xidmət dövründə keçirdiyi xəstəlik səbəbindən əmək və sağlamlıq imkanı məhdudlaşıb, iş qüvvəsini itirmişdir. Bu səbəbdən xx.xx.2016-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 108 saylı göndərişi, 77 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2005-ci il tarixli çıxarış-epiqriz, 4800 nömrəli xəstəlik tarixindən çıxarış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiqlənmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin 7.2-ci bəndinin "c" yarımbəndi əsasında 205 saylı xx.xx.2015-ci il tarixli protokolu ilə xəstəliyinin hərbi xidmət dövründə alınması təsdiq edilmişdir. Bundan sonra sənədləri əlillik dərəcəsi təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Burada xx.xx.2017-ci il tarixdə (xəstələndiyi tarixindən 11 il sonra) İİ dərəcəli əlillik təyin edilmişdir. O, hərbi xidmətdən tərxis edildikdən sonra dəfələrlə xəstəxanada stasionar müalicə almış, müayinə olunmuş, əlillik dərəcəsi hansısa səbəbdən 11 il sonra təyin edilmişdir. Bundan sonra o, sığorta ödənişi almaq üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, bildirmişlər ki, 2005-ci ildə xəsarət alsa da əlillik dərəcəsi 2016-cı ildən təyin edilmiş, qanunla hərbi qulluqçu xəsarət aldığı gündən 3 il ərzində əlillik dərəcəsi almalıdır. Ona görə də sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Ona sığorta ödənişi verilmişdir. Lakin guya istisna hal olaraq, 1100 manat sığorta məbləğinin 60 faizi miqdarında 660 manat ödəniş edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 sentyabr 2022-ci il tarixli 2(006)-4023/2022 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əlilliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün əlillik sığorta olunana xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddətində təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci maddəsinin 1-ci hissəsinə əsasən sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38, Mülki Məcəllənin 922.1, 922.2, «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanunu, “İcbari sığortalar haqqında” Qanun, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, xəsarət alandan sonra ona 3 il ərzində əlillik dərəcəsinin verilməməsi onun günahı deyildir. Məhkəmə düzgün nəticəyə gəlməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanunu

17. Maddə 5ç. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı Şəki RHK tərəfindən xidmətə yararlı sayılaraq xx.xx.2005-ci il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, xx.xx.2017-ci ildə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, ona təyin olunmuş əlilliyinin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmişdir.

27. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, iddiaçıya əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir.

28. Göründüyü kimi, əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilmişdir. Bu səbəbdən hər bir konkret iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir.

29. Hazırkı işdə iddiaçının üç illik müddəti üzrlü olaraq buraxmasına dair heç bir sübut təqdim edilməmişdir.

30. Hazırki vaxtadək iddiaçı hərbi xidmətdən təxris olunduqdan uzun illər sonra (11 il sonra) əlillik alması halına aydınlıq gətirməmiş və müddətin üzrlü buraxılması məsələsini qaldırmamışdır.

31. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, formal mülahizələrə görə isə qətnamənin ləğvinə yol verilmir. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4023/2022 saylı iş üzrə 23 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar