Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7393/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 və başqalarına qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərardaddan iş üzrə tərəf olmadığı üçün Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Cavabdeh4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə beh kimi ödədiyi 36.550 manatın 2 mislinin, yəni 73.100 manat, cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, hazırki iddianın verilməsi ilə əlaqədar aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 200 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, beh müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş başlanmışdır. Bundan sonra iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə müvafiq qətnamə qəbul edilənədək cavabdehlərə məxsus və Bakı şəhəri, Babək prospekti, 41 “A” ünvanda yerləşən “X2” mebel mağazasında yerləşən 73.100 manat məbləğində əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. İş üzrə tərəf olmadığı üçün Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın onun maraqlarına toxunduğunu bildirən Cavabdeh4 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadının ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cavabdeh4, “X2” mebel mağazasını icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin mağazasının cavabdehlərə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq Rayon Məhkəməsi heç bir araşdırma aparılmadan və qanunsuz olaraq, iş üzrə tərəf olmayan Cavabdeh4 məxsus olan əmlakın üzərinə həbs qoymuşdur. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci-ci il tarixli qərardadla şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh4 həmin mebel mağazasında yerləşən mebellərin ona məxsus olduğunu təsdiq edən hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Belə olduğu təqdirdə hesab edilməlidir ki, qəbul edilmiş qərardad Cavabdeh4 maraqlarına toxunmur. Cavabdeh4 həmin qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh4 verdiyi şikayətə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Cavabdeh4 şikayətində bildirilir ki, əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edən Rayon Məhkəməsi, mübahisəli əmlakların Cavabdeh4 məxsus olmasına dair sübutların olmadığını bildirsə də, həmin əmlakların cavabdehlərə məxsus olmasını araşdırmadan qərar qəbul etmişdir. Belə ki, mübahisəli əmlakların cavabdehlərə məxsus olması da iş materialları ilə təsdiq olunmur, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (maddə 158.2.). Qeyd olunan prosessual hüquq normalarının mənasından göründüyü kimi, qanunvericilik iddianın təmini tədbirinin yalnız cavabdehin özündə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak barəsində görülməsinə yol verir. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi mübahisəli əmlakların həqiqətən də cavabdehlərə və ya başqa şəxslərə (hazırki halda Cavabdeh4) məxsus olub-olmadığını araşdırmamışdır. Halbuki, Cavabdeh4 qərardadlardan verdiyi şikayətlərə əlavə etdiyi xx.xx.2019 və xx.xx.2020-ci il tarixli “İcarə müqavilələrinin” surətlərindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Babək prospekti, 41 “A” ünvanda yerləşən qeyri-yaşayış sahəsini sahənin mülkiyyətçisi olan və iş üzrə tərəf olmayan X1 icarəyə götürmüş və Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsi barədə xx.xx.2020-ci il tarixdə qərardad qəbul edən zaman həmin sahə Cavabdeh4 istifadəsində olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilən həmin qərardad Cavabdeh4 maraqlarına toxunur, o həmin qərardaddan şikayət vermək üçün subyektiv hüquqa malikdir və Rayon Məhkəməsi Cavabdeh4 şikayətinin qaytarılması barədə xx.xx.2020-ci-ci il tarixli qərardadı qəbul etməklə səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, Cavabdeh4 şikayəti qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh4 verdiyi şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh4 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh4 verdiyi şikayətə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7393/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7393/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver