Məhkəmə qərarları › İş №2(103)-7398/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7398/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7398/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nın nümayəndəsi X1, Cavabdeh1 vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 34883,73 ABŞ dolları əsas, 17560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli, 1847T/13/B saylı daxili maliyyə lizinqi müqaviləsinə görə 23907,49 manat əsas, 4680,42 manat mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 28687,91 manatın və 9 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” MMC-yə ödənilməsi, dövlət rüsmunun 21 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin- 145 manatın 100 manat hissəsi “xxxx” MMC-dən, 45 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, adı çəkilən lizinq əmlakı ilə bağlı ondan və həmçinin zamindən əlavə ödənişlərin tələb edilməsi yol verilməzdir. Çünki, məhkəmənin belə bir qənaəti əsassız olaraq üzərinə əlavə öhdəliklərin qoyulması, Lizinq şirkətinin isə əsassız varlanmasına xidmət edir. Bu da məhkəmə müdafiə hüququna və qanuna zidd, yol verilməz pozuntudur. Məhkəmə iclasında Cavabdeh1 vəkili Səfərov Rövşən Hətəməli oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, lizinq obyektini 2017-ci ildə geri götürmüşlər. Cavabdeh1 də həmin aktı imzalayıb. 2016-cı ilin mayına kimi 36.393 manat pul ödənilib. 42077 manat lizinq obyektinin dəyəri idi. Bu lizinqin mükafatsız məbləğ idi. Lizinq obyekti müqavilənin müddəti bitəndən sonra qaytarılıb. Lizinq obyektini yenidən 44100 manata qiymətləndirməklə başqa şəxsə lizinqə vermişlər. Həm lizinq predmetini, həm də pulu tələb edə bilmələrini lizinq müqaviləsinin şərtləri mümkün edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyn etmişdir ki, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisidir. xx.xx.2013-cü il tarixdə Lizinq şirkəti ilə Cavabdeh1 arasında 1847T/13/B saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən Lizinq şirkəti mülkiyyətində olan “XCMG ZL50G” markalı frontal yükləyici olan tikinti texnikasını illik 22 % olmaqla, aylıq 2044,61 manat ödəmək şərti ilə, 36 ay müddətinə Cavabdeh1 lizinqə verilmişdir. Tikinti texnikası xx.xx.2013cü il tarixdə Lizinq şirkəti tərəfindən Cavabdeh1 təhvil verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmri əsasında xx.xx.2017-ci il tarixdə Lizinq şirkətinə qaytarılmış, daha sonra xx.xx.2018-ci il tarixli, 3021T/18/B saylı Daxili maliyyə lizinqi müqaviləsi əsasında başqa bir şəxsə lizinqə verilmişdir. xx.xx.2018-ci il tarixli Maliyyə arayışında xx.xx.2017-ci il tarixə Cavabdeh1 34883,73 ABŞ dolları əsas, 17560 ABŞ dolları mükafat, 1228 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 53671,73 ABŞ dolları məbləğində, xx.xx.2019-cu il tarixli Maliyyə arayışına görə isə 25711 manat əsas, 5253 manat faiz (lizinq mükafatı), 4630 manat dəbbə pulu olmaqla, cəmi 35594 manat borcunun olması göstərilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 19256 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən Lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh1 əsas borcu 23907,49 manat, faiz borcu isə 5699,80 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, lizinq müqaviləsi xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək bağlanmışdır. Ekspert rəyində də Lizinq müqaviləsinin qüvvədə olduğu son müddətə, yəni xx.xx.2016-cı il tarixə əsas borcun 23907,49 manat, faiz borcunun isə 4680,42 manat olması ilə bağlı hesabat tərtib edilmişdir. Ona görə də, ekspert rəyi ilə müəyyən edilmiş xx.xx.2016-cı il tarixə əsas borca görə 23907,49 manat, faiz borcuna görə isə 4680,42 manat pulun tutulması hissəsində iddia təmin edilməlidir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ekspert rəyini daha mötəbər sübut hesab edir. Cavabdehlərdən pul məbləği ABŞ dolları ilə deyil, manatla tutulmalıdır. Belə ki, lizinq ödənişinin hansı valyuta ilə ödənilməsi ilə bağlı Lizinq müqaviləsində şərt nəzərdə tutulmuşdur. Müqavilənin 8.3-cü bəndində deyilir ki, tərəflər razılaşırlar ki, müqavilənin valyutası AZN-dir. Bu müqavilənin 1 saylı Əlavəsində qiymətlər USD ilə ifadə olunacaq. Ödəniş Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılır. Bundan başqa, Mülki Məcəllənin 439.1-ci maddəsində də dəqiq göstərilmişdir ki,pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Məhkəmə, həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Həmin Məcəllənin 748-2.5-ci maddəsinin tələbinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747- 1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı-satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir. Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir. Həmin Qərarda göstərilmişdir ki, maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edilən hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilmiş hissədə ləğv edilməsi və tam şəkildə rədd edilməsi göstərilmiş, demək şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, tərəflər arasında daxili maliyyə lizinqi müqaviləsi üzrə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Daxili maliyyə lizinqi müqaviləsi xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Lizinq obyektinin ümumi dəyəri 42077 manat, cəmi lizinq ödənişləri isə 76,756,24 ABŞ dolları, birinci ödəniş xx.xx.2014-cü ildə, sonuncu ödəniş isə xx.xx.2016-cı ildə olmalı idi. Lizinq obyekti xx.xx.2013-cü ildə lizinq alana təhvil verilmiş, xx.xx.2014-cü il tarixli əmri əsasında xx.xx.2017-ci il tarixdə lizinq verənə qaytarılmış, xx.xx.2018-ci il tarixli, daxili maliyyə lizinqi müqaviləsi əsasında, lizinq obyektinin dəyəri 44140 manat müəyyən edilməklə(bax.i.v.92-96) başqa bir şəxsə yenidən lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinin tələblərinə görə lizinq müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan lizinq obyektinin qalıq dəyərini(əgər varsa) ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə 15 gün müddətində mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürmüşdür. Deməli, müqavilənin şərtlərinə əsasən lizinq alanın öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi lizinq verənin müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək üçün əsas olmaqla, lizinq verən öz seçimi əsasında ya lizinq obyektininin geri qaytarılmasını, ya da lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş və ödənilməmiş bütün məbləğləri tələb edə bilər. İşdən görünür ki, lizinq obyekti lizinq alanın tələbi ilə məhkəmə əmri əsasında ona təhvil verilmiş, hətta lizinq verən lizinq obyektini yenidən yeni lizinq müqaviləsinə əsasən lizinq obyektinin dəyəri, əvvəlkindən də yüksək qiymətə 44140 manat müəyyən edilməklə(bax.i.v.92-96) başqa şəxsə lizinqə vermişdir. Bu hal lizinq obyektinin saz vəziyyətdə lizinq verənə qaytarıldığını da təsdiq edir, eyni zamanda iddiaçı da bu ana qədər bu faktı(lizinq obyektinin saz vəziyyətdə geri qaytarılmasını) mübahisələndirməmişdir. Bu halda iddiaçının lizinq obyektinə görə icra edilməmiş bütün ödənişləri də tələb etmək hüququ yarana bilməz. Çünki, lizinq münasibəti tərəflərin arzuladığı formada yekunlaşmamış, lizinq obyekti geri qaytarılmış, bununla da münasibətin mahiyyəti dəyişmiş, daha doğrusu cavabdeh lizinq obyektinin mülkiyyətçisi olmaq imkanını itirmiş, iddiaçı mülkiyyətçi olaraq qalmışdır. Ona görə də tərəflər arasındakı münasibət avtomobil kirayə münasibətlərinə çevrilmişdir. Mülki Məcəllənin 751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayə müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. İşdən aydın olur ki, lizinq obyekti xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilədək, yəni 3 il, 9 ay, 27 gün cavabdeh tərəfin istifadəsində olmuşdur. İddiaçının təqdim etdiyi maliyyə arayışlarına görə(bax.i.v.9;57) cavabdeh tərəfindən bu müddətdə cəmi 37923,54 ABŞ dolları ödənilmişdir. Lizinq obyektinin 3 il 9 ay 27 günün kirayəsi üçün 37923,54 ABŞ dolları ödənilmişdirsə, bu o deməkdir ki, hər ay üçün 824,42 (37923,54:46 ay=824,42) ABŞ dolları kirayə haqqı ödənilib. Lizinq obyektinin 1 aylıq kirayə haqqının 824,42 ABŞ dollarından artıq olmasına dair sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının cavabdehdən lizinq obyektinə görə 37923,54 ABŞ dolları əldə etməsi və lizinq obyektini öz mülkiyyətində saxlamasını, eləcə də yenidən yüksək qiymətlə lizinqə verməsi faktı onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığına dəlalət edir. Belə ki, hazırki tələbinin arxasında iddiaçının hər hansı bir əsaslı mənafeyi dayanmır. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Normanın məzmunundan bəlli olur ki, qanun lizinq verənə öz mənafelərinə aid olmayan tələbləri irəli sürməyi qadağan edir. Yuxarıda qeyd olunduğu kimi, lizinq obyekti məhkəmə aktına əsasən saz vəziyyətdə iddiaçıya qaytarılmışdır. xx.xx.2017-ci il tarixli aktda da lizinq obyektində hər hansı bir qüsurun yaxud çatışmazlığın olduğu qeyd edilməmişdir. Əgər hansısa bir qüsur olmuş olsaydı, yəqin ki, iddiaçı da onu yenidən lizinqə verə bilməzdi. Beləliklə, lizinq alanın lizinq obyektindən istifadəsinə iddiaçının tələbi ilə son verildiyindən, lizinq alan iddiaçı qarşısında müqavilə məbləğinin ödənilməmiş hissəsini ödəmək öhdəliyi daşıya bilməz. Buna baxmayaraq, lizinq obyekti olan frontal yükləyici geri qaytarıldığı halda, onun lizinq alanın istifadəsinə verilməsi müqabilində nəzərdə tutulmuş haqqın tam olaraq ödənilməsi və bununla bərabər dəbbə pulunun da tutulması tələblərini irəli sürməklə iddiaçı haqlı olmamış, birinci instansiya məhkəməsi isə iddianı qismən də olsa təmin etməklə tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, hazırki iddia tələbinin qismən də olsa təmin edilməsi açıq-aşkar iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Hüquqi və qanuni əsas olmadan varlanma isə yolverilməz sayılır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edisin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası həmin hissədə də təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar