Məhkəmə qərarları › İş №2(103)-7399/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7399/2023

18.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7399/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı ( X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1839/2023 saylı işi üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarına və «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8; maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsində satıcı qismində X6 etibarnamə üzrə nümayəndəsi İddiaçı, alıcı qismində isə Cavabdeh2 qeyd edilmişdir. Hazırda iddiaçı iddia edir ki, alqı-satqı müqaviləsi onu aldatmaq yolu ilə bağlanılmış, torpaq sahəsi və üzərində olan tikili ona məxsusdur. Hazırki iddia tələbini irəli sürməyə İddiaçı subyektik hüququ mövcud olmamış, o, alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli torpaq sahəsinin və həmçinin onun üzərində yerləşən yaşayış evinin ona aid olmasına dair hər hansı möhtəbər sübut təqdim edə bilməmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Saray qəsəbəsi İƏNnin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X1 rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşayır; - xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial təsdiq edilmiş surətinə əsasən satıcı X10 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmış, İddiaçı notariusda etibarnamə əsasında X6 nümayəndəsi qismində çıxış etmişdir; - xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən X2 Fərman Məmməd oğluna Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, icarəyə verməyi və sair səlahiyyətləri etibar etmişdir; - Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı və X6 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş № 2(005)-1839/2023,xx.xx.2023 tarixli qətnaməsinin ləğv edilməsi,iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8; 337-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair onun heç bir hüquqa malik olmayan şəxs olmağını qəbul edir. Ancaq alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanmasını, alqı-satqı prosesində onun iştirakını məhkəmə nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi aldatma yolu ilə alınmışdır. Əslində isə Cavabdeh2 alıcı kimi ona Bankdan pul götürüb verəcəyini və əvəzində bu torpaq sahəsini girov qoymaq barədə razılaşmışlar. Cavabdeh ona həm pul borclarını, həmdə də istəsə başqa məsələlərini həll edəcəyini vədi verərək onu aldadıb, digər cavabdeh olan Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Onu aldatması və alqı-satqının formal olması başqa bir əqdi pərdələmək məqsədi ilə olması notarius tərəfindən araşdırılmamış torpaq sahəsinin alqısatqı müqaviləsi Sumqayıt şəhər 4 saylı Notariat Ofisində təsdiq edilmişdir. Ancaq, torpaq sahəsinin alqı-satqısı üzrə nə tərəflər arasında pul məbləği ödənilmiş, nədə ki, torpaq sahəsinin alqı-satqısı müqaviləsi real iradə ifadəsi ilə bağlanmışdır. Cavabdeh onunla razılaşarkən ona bu torpaq sahəsinin alqı –satqısını yox ona verəcəyi pulu bankdan götürülməsi üçün torpaqla əlaqədar notariusda sənədləşmə aparılmalı olmasını bildirmişdir. O, savadsız olduğundan hansı sənədləşmənin getdiyindən xəbərsiz olmuş və hər hansı alqı-satqı barədə aralarında söhbətlər, razılaşmalar olmamışdır. Məhkəmə bu qanunsuzluqları nəzərə almamış etibarsız əqdin bağlandığı andan etibarsız olmasını və buna görə də Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməli olması barədə qətnamə qəbul etməli idi. Məhkəmə əqd bağlanması nəticəsində baş vermiş qanunsuzluqları nəzərə almamış 1. etibarsız əqdin bağlandığı andan etibarsız olmasını; 2. müqavilənin bağlandığı anda da onun aldadılan tərəf və bu etibarsız əqd nəticəsində zərərçəkən olduğunu; 3. müqavilənin qanunsuz və etibarsız olduğu üçün onun bu əqd üzrə subyektiv hüququnun olmasını AR-nın Mülki Məcəlləsinə uyğun qiymətləndirməmiş, maddi hüquq normalarını səhv tətbiq etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək müqavilədəki imzanın ona aid olduğunu, ancaq Cavabdeh2 onun savadsızlığından istifadə edərək onu aldatma yolu ilə belə bir müqavilə bağladığını, müqavilə bağlanmasını üçüncü şəxs X6 istəyi ilə həyata keçirdiyi, əslində cavabdehin ona alıcı kimi bankdan pul götürüb verəcəyini və əvəzində bu torpaq sahəsini girov qoyması barədə razılığa gəldiklərini bildirmişdir. O, savadsız olduğundan hansı sənədləşmənin getdiyindən xəbərsiz olmuş və hər hansı alqısatqı barədə aralarında söhbətlər, razılaşmalar olmamışdır. Üçüncü şəxs X6 da bütün bu proseslərdən xəbərdar olduğunu, dəfələrlə məhkəmə iclasına gəlib izahat verəcəyini bildirsə də, məqsədli şəkildə məhkəmə iclasına gəlməkdən boyun qaçırdığını bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 2007-ci ildən ailəsi ilə birlikdə həmin torpaq sahəsində yaşadıqlarını, qarşı tərəfin iddiaçının savadsızlığından suiistifadə edərək onu aldatma yolu ilə belə bir müqavilə bağladığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-366, 385-404, 646-649, 777-786; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir.

12. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı və iddiaçının sonradan aldanmasını görərək yanlış addım atmasını dərk etməsi müqavilənin etibarsızlığına dəlalət etmir. Münasibətlərin mahiyyəti bir şəxsin hüququnun etibar edilmiş digər şəxs vasitəsi ilə həyata keçirilməsi məsələlərinə toxunur ki, ilk olaraq bu etibarnamə ilə tapşırıq müqaviləsindən irəli gələn hüquqlar iddiaçı tərəfindən təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Məhz bu dəlillər (öz adından tələb irəli sürmək hüququ) ehtimallara və ya fərziyyələrə deyil, habelə etibar edilmiş şəxsin deyil mülkiyyətçinin iradə ifadəsinə zidd və ya əqdin əhəmiyyətsizliyinə (etibarsızlığına) dəlalət edən dayanıqlı sübutlara əsaslanmalıdır. Mülkiyyətçinin (keçmiş hüquq sahibinin) hüquqlarının özü adından müdafiə edilməsi və ya olmayan hüquqlarının pozulması kimi məhkəmədə müdafiə etmək şəxsin subyektiv hüququnun olmadığına dəlalət edir. Hazırda olan tələb üzrə cavabdehə münasibətdə mülki məsuliyyətin hədləri alğı-satqı müqaviləsində təmsil edilən şəxslərin öz risk dairəsinə aid olan məsələdir və obyektiv mənada yanılmanın mövcudluğu belə, əqdlərdə təmsil edilən hər bir fərdin subyektiv hüquq və vəzifələrinə aiddir. İddiaçı isə mübahisə edilən əqddə təmsil edilən şəxs deyil, o əqd üzrə təmsil edilən şəxsin nümayəndəsi (təmsilçisi) olmuşdur və öz adından çıxış edərək subyektiv tərkib (tələb) üzrə müəyyən edilən hüquqi müstəvidə hüquqlarının mövcudluğu sübut edilmir. Hüquqlarının pozulmasının müdafiə edilməsi üçün isə ilk növbədə şəxsin məhz ona mənsubluğu müəyyən edilən hüquqlarının mövcudluğu sübuta yetirilməlidir.

13. Beləliklə, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar