Məhkəmə qərarları › İş №2(103)-740/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-740/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-740/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların arasında bağlanmış xx.xx.2019-cı il tarixli, 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin ləğv edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 99,22 kv.m olan 3 otaqdan ibarət 4 saylı mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun borcunu ödəməyə hazır olmasının nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6356/2023 saylı, 14 dekabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 nömrəli müqavilə ləğv edilmiş, mübahisəli mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla onun boşaldılması və MTKya təhvil verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2085/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “mənzildə yaşayan digər şəxslərin çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələbin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni “İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv.m. olan 3 otaqdan ibarət 4 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2864/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli qətnaməsi «İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv olan 3 otaqdan ibarət 04 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təhvil verilməsi» hissəsində və «apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı proses iştirakçıları mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək barışıq sazişini elektron məhkəmə vasitəsilə məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunan hissədə qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə üzrə iddiaçıya olan ümumilikdə 20500 (iyirmi min beş yüz) manat əsas borcunu və 4000 (dörd min) manat hesablanmış cəriməni iddiaçıya ödəyir. Cavabdeh ilkin olaraq 8000( səkkiz min) manatı xx.xx.2025-ci il tarixədək ödəməli, qalan məbləğ olan 16500 (on altı min beş yüz) manatı isə xx.xx.2025-ci il tarixinədək iddiaçıya ödəməlidir.

2. Sazişin 3.1-ci bəndi icra edildikdən sonra hesablanmış cərimə üzrə qalıq borc olan 132875 manat iddiaçı tərəfindən güzəşt edilərək silinir.

3. Sazişin 3.1-ci bəndində qeyd olunan ödəniş Cavabdeh tərəfindən vaxtında icra edilməzsə, Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə ləğv edilir. Bu zaman cavabdeh müqavilənin predmeti olan Mənzili xx.xx.2025-ci il tarixədək tam boşaldaraq iddiaçıya təhvil verməlidir. İddiaçı isə öz növbəsində mənzili hər hansı üçüncü sataraq satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2019-cu il tarixli, 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə üzrə yaranmış əsas borcu və hesablanmış cəriməni çıxdıqdan sonra yerdə qalan vəsaiti cavabdehə geri qaytarmalıdır.

4. Tərəflər Saziş üzrə öhdəliklərini tam yerinə yetirərsə, xx.xx.2019-cu il tarixli, 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə üzrə gələcəkdə bir-birilərinə qarşı hər hansı iddiası və ya tələbi olmayacağına dair məlumat verirlər.

5. Bu Sazişin təsdiq edildiyi andan etibarən öhdəliklər (pozulması halı istisna olmaqla) tam olaraq icra olunanadək Tərəflər bir-birilərinə qarşı hər hansı iddia və ya tələblə çıxış etməyəcək. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar