Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7400/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar söz: subroqasiya hüququ) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-BX-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtonəqliyyat vasitəsi ilə Cavabdeh tərəfindən idarə olunan **-FE-*** dövlət qeydiyyat nişanlı “Renault Duster” markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota RAV4” markalı avtomobilə zərər dəymişdir.
2. “Renault Duster” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” əsasında "Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən sığortalanmışdır.
3. TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh hadisənin törənməsində təqsirli bilinmişdir.
4. “Toyota RAV4” markalı avtonəqliyyat vasitəsinə vurulan zərər 5533,50 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğ nəqliyyat vasitəsinin təmirə yönəldilmiş və təmir mərkəzinin hesabına köçürülmüşdür.
5. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 533,50 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-FE-*** dövlət qeydiyyat nişanlı “Renault Duster” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-BX-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtonəqliyyat vasitəsi toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə zərər dəymiş, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh hadisənin törənməsində təqsirli bilinmişdir. Sığortalı ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı iddiaçıya müraciət olunmuş, dəymiş zərər qiymətləndirilmiş, "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5533,50 manat məbləğində zərər müəyyən edilmişdir. İddiaçının xx.xx.2022-cü il tarixli "Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 5533,50 manat məbləğində sığorta ödənişi (4686,41 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 844,09 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortaçısı olan "Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "PAŞA Sığorta” ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 533,50 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.
8. Cavabdeh iddia tələbi üzrə lazımi qaydada məlumatlandırılmış, lakin yazılı etiraz göndərməmişdir.
9. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmış və 18 sentyabr 2023-cü il tarixli qətnamə ilə iddia tələbini təmin etmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq pretenziya məktubu göndərməklə subroqasiya tələbinin təmin olunmasını tələb etmiş, lakin bu bir nəticə verməmişdir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 883-cü, 936-cı, 1096-cı, 1108.1-ci, 1114.1-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, “Toyota RAV 4” markalı avtomobilə dəymiş ziyanın həddindən artıq şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).
Apellyasiya baxışı
14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 394-1.4-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Qanunvericiliyin göstərilən müddəalarının (§ 17, 18, 20) mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs cavabdehdir.
30. Cavabdeh apellyasiya şikayətində bu xüsusatı mübahisələndirməyərək yalnız ondan tələb olunan məbləğin şişirdilmiş olduğunu irəli sürsə də, kollegiya şikayətin həmin dəlini əsassız hesab edir; belə ki, birincisi, o, sözügedən arqumentini təsdiq edən hər hansı sübut təqdim etməmişdir; ikincisi isə qeyd olunmalıdır ki, ümumiyyətlə, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə zərərçəkmişə məhz 5533,50 manat ödəmiş olduğu rəsmi sənədlərlə (ödəniş tapşırığı) öz təsdiqini tapır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4563/2023 saylı iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə