Məhkəmə qərarları › İş №2(103)-7408/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7408/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7408/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qarabağ müharibəsində batalyon komandiri vəzifəsində olması, SSRİ dövründəki hərbi xidməti, 2012-ci ilə kimi sərəncamda olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan ərizəçi İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini və ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barərə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün 2(005)- 4383/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4383/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən isə hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmçinin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qanunvericilik normalarının və Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının məzmunundan da göründüyü kimi, hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə və digər hərbi xidmətlə bağlı hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Xüsusi icraat qaydasında verilmiş ərizədən isə göründüyü kimi, ərizəçi Qarabağ müharibəsində batalyon komandiri vəzifəsində olması, SSRİ dövründəki hərbi xidməti, 2012-ci ilə kimi sərəncamda olması faktının müəyyən edilməsini xahiş edir. Həmin hal isə yalnız müvafiq hərbi idarə orqanları tərəfindən müəyyən edilə bilər. Belə ki, ərizəçi göstərilən tələblə ilk növbədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə) müraciət etməlidir. Əgər müvafiq inzibati orqan tərəfindən müraciəti təmin edilməzsə, belə olan halda ərizəçi, qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə və ya mübahisələndirmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, mübahisə mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizəçinin verdiyi ərizənin qəbulundan imtina edilməlidir. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar