Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7409/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(001)-731/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-yi tərəfindən qanunsuz olaraq ünvan 1 (abonent kodu: **********01460) hesablanmış 1944 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. “Azəriqaz” İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smart tipli qaz sayğacı quraşdırılmışdır. “Azəriqaz” İB-nin işçiləri daha sonra plombu qırıb qaz sayğacını dəyişdirmişlər. Sonra isə bu barədə akt tərtib olunmuş və sayğacdan keçən aşağı qaz sərfiyyatının qeydə alınmaması aşkarlanmışdır. Qaz sayğacı onun mənzilindən kənarda, bayırda quraşdırılıb. Ozü sayğacını kənar müdaxilələrdən qoruya bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(001)-731/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 03.09.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 1944(min doqquz yüz qırx dörd) manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu**********01460) silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün kalibrləmə laboratoriyasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi və təbbi qaz itkisinin baş verməsi müəyyən edilmişdir. Ona görə də itirilmiş qazın məbləği 1944.00 manat məbləğində hesablanaraq dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərində, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03.09.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 ünvanında İtron tipli, G-4 markalı,1602AZ**********23 nömrəli sayğac İtron tipli, G-4 markalı,1802AZ**********40 nömrəli sayğazla əvəz edilmişdir. Dəyişdirilən sayğcın plastmas olan çıxış borusunda deşik aşkarlanmışdır. Abonent saldosunda görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********01460 olan İddiaçı qaz sərfiyyatına görə 1944 manat qalıq borcu vardır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilən zaman və bundan sonra sayğacın plastmas borusunda zədənin abonentin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmiş olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, sadəcə müşahidə edilmiş faktı təsdiq etmişlər. Lakin sonradan həmin zədənin nəticəsi olaraq, sanki abonentin təqsirinin sübuta yetirildiyinə görə ona cərimə borcu hesablamışlar. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Buna görə də sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəf iddaçının yaşadığı evdə quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində isə iddiaçının sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının istehlakçı tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna iddiaçı tərəfindən müdaxilə edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(001)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(001)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7409/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7409/2021
17.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver