Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7413/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və «X2» X3rşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh «X2» X8 nümayəndəsi Nümayəndə2 və digər Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh «X2» X10 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 99 JH 856 dövlət qeydiyyat nişanlı “X9” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh1 tərəfindən idarə olunan sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **-ZY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze”markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. 10-ZY747 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün ** ZY *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1 236,00 (bir min iki yüz otuz altı) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 1 236,00 (bir min iki yüz otuz altı) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və «X2» X3rşı iddia ərizəsi və əlavə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 1236,00 manat sığorta ödənişi və 32,76 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova, iş № 2(011)-4196/2023) iddia qismən təmin edilmiş, cavabdeh Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələri İdarəetmə Birliyi “X2” X4 1236 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,76 manatın tutularaq iddiaçı “Paşa Sığorta" ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hadisə şəxsi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı baş vermiş, hadisə baş verən zaman avtomobili Cavabdeh1 idarə etmişdir. Bu isə qeyd edilən qanunvericilik normalarına əsasən, sürücü kimi işləyən Cavabdeh1 cavabdeh qismində tanınması və ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ondan tutulması zərurətini aradan qaldırır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən qeyd edilən məbləğ öz təsdiqini tapmış, cavabdeh “X2” X11 tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hesab etmişdir ki, tələb edilən məbləğ yalnız “X2” X4 tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097.1. 1097.3, 1099.1, 1099.2, 1108.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh “X2” X10 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bu tələbi yerinə yetirməmiş və yol-nəqliyyat hadisəsi barədə dövlət (polis) orqanına məlumat vermədən hadisə yerindən getmişdir. "Yol hərəkəti haqqında AR Qanunu"nun 37-ci maddəsinin 4-cü hissəsinə görə də, sürücü – yol-nəqliyyat hadisəsi zamanı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli (hadisəni görmüş adamların soyadlarını və ünvanlarını yazmalı) idi. Odur ki, göstərilən xüsusatlar rəhbər tutularaq, qanunvericiliyin imperativ tələblərini yerinə yetirməyən Cavabdeh1 – baş vermiş hadisədə yalnız özünün cavabdehlik daşıdığı hala - birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan hal kimi baxmamış və bu da, nəticədə bütün faktiki halların aydınlaşdırılmamasına gətirib çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Digər Cavabdeh1 bildirdi ki, hadisə pandemiya dövründə baş verib, çağırış üzrə getdiklərinə görə hadisə yerində gözləyə bilməmiş, onu hadisənin baş verməsində və yayınmaqda təqsirli sayıblar. Halbuki, o, hadisə yerini məcburən, xidməti zərurətlə əlaqədar olaraq tərk etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
14. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
15. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
16. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
17. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
18. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
19. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
20. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
21. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu
23. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh «X2» X10 tərəfindən mübahisələndirdiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarında qeyd edilir, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır
29. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, sürücü Cavabdeh1 AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “X2” X10 ilə əmək müqaviləsi mövcuddur və hadisə şəxsi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı baş vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi zərərin ödənilməsi vəzifəsini işəgötürənin üzərinə qoymaqla iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
30. Kollegiya həmçinin, apellyatora izah edir ki, Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin vurulmasında işçinin təqsiri olduğu halda zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh «X2» X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.