Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7416/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili İqbal Nağıyevin iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya qarşı «tikintinin sökülməsi» tələbinə dair 2(009)-1318/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya qarşı «tikintinin sökülməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının qonşuluğunda cavabdehin apardığı tikinti işlərinin qanunsuz hesab edilərək sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək, ünvan 1 ünvanının qonşuluğunda cavabdeh «xxxxxxxxxxxxxxxxxxx» MTK-nin və digər şəxslərin tikinti işlərinin dayandırmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ərizə təmin edilərək, ünvan 1 ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh «xxxxxxxxxxxxxxxxxxx» MTK-ya və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MTK məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, «Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Səbail rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarı ilə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının sökülməsi və yenidən qurulması, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaların ikilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx xxxxxxxx 2016-cı il tarixli 120 saylı Sərəncamına əsasən, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Səbail rayonu, Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanında yerləşən torpaq sahəsi 0.54 ha (ümumi yaşayış sahəsi 20.760 kv.m) olan ərazidə 1-2 mərtəbəli yaşayış binaların yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə MTK-ya icazə verilmişdir. Bundan sonra həmin ərazi Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən təsdiq edilmiş müvafiq akt əsasında MTK-ya təhvil verilmişdir. Adı çəkilən ünvanda yerləşən mənzillərin əksər sakinləri ilə danışıqlar aparılaraq müvafiq müqavilələr imzalanmışdır ki, həmin müqavilələrin şərtlərinə əsasən mülkiyyətçilər öz mülkiyyət hüquqlarını MTK-ya güzəşt etməklə əvəzində kompensasiya olaraq müvəqqəti yaşayış yerləri ilə və gələcəkdə həmin ərazidə tikiləcək çoxmənzilli binadan təmirli mənzillərlə təmin olunacaqlar. Həmin mənzillərin sakinlərinə müvəqqəti yaşayış sahəsində yaşaması üçün kirayə haqları ödənilmiş və onlar müvəqqəti olaraq kirayə mənzillərdə yerləşmişlər. Cavabdeh MTK-ya çoxmərtəbəli yaşayış binasının tikinti işlərinə qadağan edilməsi mənzil tikinti kooperativinin digər üzvlərinin, köçürülən sakinlərinin, yəni işdə iştirak etməyən üçüncü şəxslərin hüquqlarının pozulması və tikintinin vaxtında inşa edilməsinin gecikdirilməsi və ziyanın vurulması ilə nəticələnir. Məhkəmə qərardad çıxarmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarının icrası məqsədi ilə həyata keçirilən pilot layihənin vaxtında icra olunmasının, köçürülmüş sakinlərin yeni mənzillərlə vaxtında təmin edilməsinin qarşısını almışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi şikayətə etiraz edərək, bildirdi ki, cavabdeh tərəfindən tikinti norma və qaydalarının pozulması ilə aparılan həmin tikinti işləri nəticəsində iddiaçının mülkiyyətində olan evə ciddi zərər yetirilməklə yanaşı, insan həyatı üçün də ciddi təhlükə yaranmışdır. Odur ki, şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci madələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi barəsində iddianı təmin etmə tədbiri görülə bilər. Mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyin başqa şəxslərə qadağan edilməsi, barəsində iddianı təmin etmə tədbiri görülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyası işin hallarına xüsusi diqqət yetirərək, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verərək, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlayaraq, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını araşdıraraq, hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən qeyd edilən ərazidə təmir-tikinti işlərinin aparılması yaxın qonşuluqda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində olan insanların həyat və sağlamlığa müxtəlif dərəcəli zərər, habelə maddi ziyan vurulmasına, qanuni mənafelərin pozulması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1318/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7416/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7416/2020
29.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver