Məhkəmə qərarları › İş №2(103)-7417/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7417/2023

11.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7417/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın “Azneft” İB Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanda cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, qanuni qüvvəyə minmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)- 3362/2010 saylı qətnaməsi ilə Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanda yerləşən özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmiş, lakin qətnamə icra edilməmiş, həmin ünvanda sökülməsi nəzərdə tutulan özbaşına 1 mərtəbəli tikilinin İİ mərtəbəsində cavabdeh tərəfindən tikinti işləri həyata keçirilir. İddiaçı əlavə özbaşına tikilinin sökülməsini xahiş edir. Səbail Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunması və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda aparılar digər tikiliyə aiddir və cavabdeh tərəfindən göstərilən ünvanda əlavə qanunsuz tikinti işləri aparılır. Cavabdeh və ünvan eyni olsa da aparılan tikinti işləri yenidir və hal hazırda davam etdirilir. Məhkəmənin xüsusilə diqqətinə çatdırılmışdır ki, tikinti işləri aparılan ərazi neft quyusunun mühafizə zonasında yerləşir. Bu da potensial olaraq ciddi qəzalara və bədbəxt hadisələrə səbəb olar bilər. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)- 3362/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanda yerləşən özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən halları əsas götürərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz inşa edilən tikilinin sökülməsi qət edildiyindən, həmin torpaq sahəsi və ya mövcud tikilin üzərində hər hansı bir əlavə tikilinin inşa edilməsi halı həmin tikililərin sökülməsi ilə bağlı təkrar məhkəməyə müraciət edilməsini istisna edir. Başqa sözlə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası nəticəsində mübahisəli ünvanda inşa edilən bütün tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması baş verəcəkdir ki, həmin sahədə sonradan əlavə inşa edilən tikililər də söküləcəkdir. Yəni iddiaçı tərəfindən hazırki tələb üzrə məhkəmə baxışının predmeti kimi sonradan inşa edilən tikili göstərilsə də, faktiki olaraq iddianın predmeti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində qanunsuz özbaşına tikililərin sökülməsi, həmin torpaq sahəsinin boşaldılması ilə bağlıdır ki, faktiki olaraq həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsasız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməsi” şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-in göstərilən maddəsi əsasında ərizəni qəbul etməkdən imtina etməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları dəqiq araşdırmalı, yəni zərurət olduğu təqdirdə Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-3362/2010 saylı mülki iş materiallarına baxış keçirilməli, həmin qətnamənin qanuni qüvvəyə minib-minməməsi, icra olunub-olunmaması, qətnamə qəbul olunandan sonra cavabdeh tərəfindən əlavə tikinti işlərinin aparılıb-aparılmaması və nəticə etibarı ilə həmin iş üzrə olan iddia ilə hazırki iddianın predmetinin və əsasının eynilik təşkil edibetməməsi dəqiq müəyyən olunduqdan sonra nəticəyə gəlməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar araşdırıldıqdan sonra və buna əsaslar olduğu təqdirdə iş üzrə icraata xitam verilməsi istisna olunmur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad ləğv olunmalı, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2023 saylı, 02 noyabr 2023cü il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar