Məhkəmə qərarları › İş №2(103)-7419/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7419/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7419/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)-2193/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq Alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən ayrılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə verilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçiirlməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X1 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X15”ə ötürür, “X15” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X3 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X15”-ə ötürür, “X15” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X8 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X15”-ə ötürür, “X15” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh Vahid oğlu arasında xx.xx.2020-ci il tarixli, MAS- 2290 saylı X12 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X15”-ə ötürür, “X15” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X15”ə ötürür, “X15” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12nə 1 saylı, xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, 1 nömrəli əlavənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12 üzrə əldə olunan əmlak ("Khazar SD" minik markalı, rəngi ağ avtomobil) təşkil edir. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X12nə 3 saylı, xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, X12nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay əsas məbləğ və mükafat məbləğindən ibarət sabit məbləğ ödənişlərini, ümumilikdə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar SD" minik markalı, rəngi ağ avtomobil Cavabdeh təhvil verilmişdir. AD No 763948 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1564.89 manat gecikdirilmiş əsas, 374.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 282.16 manat dəbbə pulu olmaqla, cəmi 2221.76 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 2245,94 manat gecikdirilmiş əsas, 467,68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1131 manat dəbbə pulu olmaqla, cəmi 3844,62 manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Khazar SD” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1329.32 manat ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyun 2023-cü il tarixə 1564.89 manat gecikdirilmiş əsas, 374.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 282.16 manat dəbbə pulu, cəmi 2221.76 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 avqust 2023-cü il tarixə 2245.94 manat gecikdirilmiş əsas, 467.68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1131 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 1329.32 manat dəymiş zərər, cəmi 5173.94 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X10 arasında bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, "Khazar SD" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X12"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №o3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 15 iyul 2020-ci il tarixdə X10, X1 və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri İ.Ağaşirinov öz üzərinə götürmüşdür. 16 iyul 2020-ci il tarixdə X1, X3 və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri M.Gülməmmədov öz üzərinə götürmüşdür. 20 iyul 2020-ci il tarixdə X3, X8 və "xxxx" MMC arasında MAS- 2635 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Z.Hacıyev öz üzərinə götürmüşdür. 16 noyabr 2020-ci il tarixdə X8, X5 və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri M.Mütəllimov öz üzərinə götürmüşdür. 08 dekabr 2022-ci il tarixdə X5, Cavabdeh və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. X12 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2290 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixə ümumilikdə 2221.76 manat borcu yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)- 2193/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1564.89 manat gecikdirilmiş əsas borc, 374.71 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 2039,6 manat pul vəsaiti və 53.69 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(002)- 2193/2023 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1329.32 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən, lizinq alan tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi 11 mart 2020-ci il tarixli MAS-2290 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. İddiaçı lizinq müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və mükafat borcu üzrə məbləğləri tələb edə bilərdi. Məhkəmə göstərilənləri və cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutların məhkəməyə təqdim edilməməsini, məhkəmə iclasında əsas və mükafat hissədə borc məbləğini mübahisələndirmədiyini bildirməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi irəli sürülərkən göstərilən məbləğlərdə, yəni əsas borc üzrə 1564,89 manat, mükafat borcu üzrə 374,71 manat həddində təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı cərimə borcunun məbləğini (1131 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab etmişdir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.4, 421.2, 423.2, 424.2, 424.3, 442, 445.2.1, 448.1, 462.1, 467, 747.1, 748-1.8, 748-1.9, 748-7.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim olunmuş ərizəyə uyğun olaraq iddia tələbini təmin etməmiş, iddia tələbini ilkin iddiaya uyğun olaraq təmin etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı lizinq müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və mükafat borcu üzrə məbləğləri tələb edə bilərdi. Məhkəmə həmin hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək müqavilənin ləğv ediləcəyi bildirilmiş və müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün iddia tələbində müqavilənin ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Göründüyü kimi müqavilə birtərəfli və ya qarşılıqlı razılıqla ləğv edilməmişdir. Buna görə də iddia ərizəsində müqavilənin məhkəmə qaydasında ləğv edilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin “əsaslandırıcı” hissəsi ilə “qət etdi” hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, “əsaslandırıcı” hissədə müqaviləni ləğv edilmiş hesab edir, “qət etdi” hissəsində isə müqaviləni ləğv edilməsi qət edilmişdir. Əgər məhkəmə qətnamənin 55-ci bəndində müqavilənin ləğv edildiyini qeyd edirdisə hansı səbəbdən sonda müqavilənin ləğv edilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 748-1.9-cu maddəsini nəzərə almadan qətnamə qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Maddənin tələbinə əsasən lizinq verənin lizinq obyektinin qaytarıldığı tarixə yaranmış borcu tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən, izinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 383,77 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Hazırda iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim olunmuş ərizəyə uyğun olaraq iddia tələbini təmin etməmiş, iddia tələbini ilkin iddiaya uyğun olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən lizinq obyekti olan avtomobilə dəymiş 1329.32 manat zərərin kimdən tutulması barədə göstərişin qətnamədə qeyd olunmaması müəyyən edildiyindən, iş üzrə 16 oktyabr 2023-cü il tarixli, 2(002)- 2193/2023 nömrəli əlavə qətnamə ilə Cavabdeh lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1329.32 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin “əsaslandırıcı” hissəsi ilə “qət etdi” hissəsi arasında uyğunsuzluq olmasına və Mülki Məcəllənin 748-1.9-cu maddəsini nəzərə almadan qətnamə qəbul etməklə yanlış nəticəyə gəlməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Plenum qərarına istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı lizinq müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və mükafat borcu üzrə məbləğləri tələb edə bilərdi. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfin göstərdiyi kimi uyğunsuzluq olmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı artıq tərəflər arasında bağlanmış müqavilənin ləğvi barədə iradə ifadəsini bildirmişdir, həmin halın mövcudluğu isə istinad edilən Plenum qərarına əsasən iddiaçı müqavilənin ləğvi ilə əlaqədar cavabdehə iradə ifadəsini bildirdiyi vaxta qədər yaranmış borcu tələb edə bilər. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eləcə də iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(002)- 2193/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar