Məhkəmə qərarları › İş №2(103)-742/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-742/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-742/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş qzrə məhkəmə icraatı

1. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti "xxxx" LLC-yə 2000 manat ödəniş etmişdir. 12. xx.xx.2017-ci il tarixli, 5932/Fİ- 061/2017 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə 2500 manat məbləğində zərər dəymişdir. 500 manat azadolma məbləğidir. 2000 manat sığorta ödənişidir.

2. 13. xx.xx.2017-ci il tarixli hadisə barədə məlumatdan görünür ki, obyektin üst mərtəbəsində yerləşən mənzilin daxili istilik sisteminin borusunun partlaması nəticəsində su axıntısı aşağı mənzillərə və obyektə keçərək zərər vurmuşdur.

3. 14. xx.xx.2017-ci il tarixli, 050758 nömrəli "Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi"nin surətindən görünür ki, "xxxx" MMC 25000 manat dəyərində “Azsığorta" Açıq Səhmdar Cəmiyyətində sığorta edilmişdir.

4. 15. xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Qara Qarayev 29 saylı binanın 36-cı mənzilinin sahibi Cavabdeh mənzilində istilik borusunun partlayıb dağılması ucbatından həmin ünvanın qeyri-yaşayış sahəsində yerləşən “Elit” Aptekin anbarını su basmış və xeyli miqdarda dərman preparatları zay olaraq sıradan çıxmışdır. 16. “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 2000 manat məbləğində pul vəsaitinin 5 gün müddətində subroqasiya hüququna əsasən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməsi, əks təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

5. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2940 saylı məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman, tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pul vəsaitinin və 40 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(007)- 3646/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair e-2(007)-3646/2023 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, AZ/050758 nömrəli, xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində, qeyriyaşayış sahəsinə su axıdılmışdır. Qeyd edilən fakt 28 saylı MKİS-in 27 noyabr 2017-ci il tarixli aktında öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 2000 (iki min) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 2000 (iki min) manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək ondan 2000 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, məhkəmənin bildirişini rəsmi olaraq 08 dekabr 2023-cü il tarixdə əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsində göstərilir ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hal-hazırda da icraatda olan sadələşdirilmiş icraat qaydası üzrə verilən iddia ərizəsində özünün müdafiə hüququ pozulduğuna görə həmin iddia ərizəsindən narazıdır və aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin ləğv olunmasını xahiş edir. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi nəticəsində qeyriyaşayış sahəsinə su axıdılmışdır. Lakin, bu belə deyil, belə ki, həmin su sızıntısı onun mənzilindən deyil, binanın şaxtasında turbaların partlaması nəticəsində baş vermişdir, həmin turbalardan axan suyun temperaturu yüksək dərəcədə olduğu üçün, həmçinin mübahisəli hissədə quraşdırılmış krantların xarab olması səbəbi ilə o, və evdə həmin müddətdə olan ailə üzvləri suyun axınının qarşısını ala bilmədilər. Hətta bununla bağlı aidiyyəti qurumun əməkdaşları da hadisə yerinə gəldi, suyun axmasının hansı istiqamətdən olduğunu da müəyyən etdi, hətta binanın zirzəmisinə belə girib baxmaq istəsə də, lakin həmin ərazinin təxminən 1 metr hündürlüyündə su ilə əhatə olduğunu görərək oraya daxil ola bilmədilər. Lakin, hal-hazırki iddia tələbi onun bu dediklərini sübuta yetirməyinə imkan vermir. Ona görə də o, sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsinə etiraz vermək və bu mübahisənin iddia icraatında araşdırılmasını təmin etmək üçün ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəldi.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını və apellyasiya şikayətinin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzilimin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi səbəbindən iddiaçının siğortalısı "Elit" aptekin anbarına su sızması nəticəsində dərmanlar yararsız hala düşərək zərər dəymişdir. Lakin iddiaçının istinad etdiyi "mənzilinin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş verməsi" hadisəsi məhkəmə müstəvisində öz təsdiqini tapmamışdır. Məhkəmənin gəldiyi nəticəyə görə, mənzilindən keçən istilik sisteminin ana borusunun partlaması nəticəsində sözügedən siğorta hadisəsi baş vermişdir. Bu fakt məhkəmə tərəfindən müəyyən olunsa da, məsələyə düzgün hüquqi qiymət veriməmişdir. Mənzilindən keçən istilik sisteminin ana borusu ümumi istifadədə olan xəttdir. Həmin boru xətti şaxtada yerləşir. Binanın ümumi istifadəsində olan və şaxtadan keçən boru xəttinin saz vəziyyətdə saxlanılmasının məsuliyyətinin istehlakçının üzərinə düşməsini məhkəmə sübut etməmişdir. Mənzilinin yerləşdiyi ünvan 2 Bakı Şəhəri Nizami Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş mövqeyinə görə, ümumi istifadədə olan istilik borusunun mənzilindən keçən hissəsinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Məhkəmənin gəldiyi bu nəticə qanunsuzdur və əsassızdır. Yaşadığı binanın Bakı Şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasını nəzərə alaraq hesab edir ki, sözügedən istilik borusunun saz vəziyyətdə saxlanılması vəzifəsi də Bakı Şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə düşür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq təyin edilmiş iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun:

13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

18. “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın:

5.2.3-cü bəndinə əsasən “Digər risklər” tərəflərin əlavə razılığına əsasən sığorta müqaviləsinə daxil edilmiş aşağıdakı risklər nəticəsində əmlakın zədələnməsi, məhv edilməsi nəticəsində dəymiş zərərə təminat verilir: - su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər. Qeyd-şərt 5-ə əsasən su borularından olan suyun, buxarın və mayelərin vurduğu zərərə qarşı əmlak sığortasının əlavə şərtləri (şərtlərin 5.2.3.1-cü maddəsinə) 1. Əmlakın yanğından və digər risklərdən sığortası qaydalarına əsasən bağlanmış sığorta müqaviləsi və bu əlavə şərtlər üzrə sığortaçı su, kanalizasiya şəbəkələrindən və isitmə sistemlərindən, su çənlərindən, kranlardan suyun, buxarın, digər mayelərin sızması və həmçinin gözlənilməz və zəruri olmayan hallarda yanğınsöndürmə sistemlərinin (sprinkler sistemlərinin) işə düşməsi nəticəsində əmlakın zədələnməsinə qarşı təminat verir.

19. İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilənin: 5.1.6-cı bəndinə əsasən istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifələrindəndir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı işin faktiki hallarına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su axıdılması və zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, şahid ifadələri ilə və MKİS tərəfindən tərtib edilmiş aktla müəyyən olunur ki, cavabdehə məxsus mənzildən keçən istilik sisteminin ana borusunun partlaması nəticəsində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasında "Elit" aptek kimi fəaliyyət göstərən sığortalıya su sızma nəticəsində anbarda olan dərmanlar yarasız hala düşərək zərər dəymişdir. Sığorta aktı ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə 2500 manat məbləğində zərər dəymişdir. Lakin 500 manat azadolma məbləği olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya 2000 manat sığorta ödənişi edilmişdir. Həmçinin qanunverilikdən görünür ki, istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifəsidir. Yəni cavabdehə məxsus mənzildən keçən istilik borusunun texniki cəhətdən saz vəziyyətdə saxlanılması onun vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehə məxsus mənzildə yerləşən istilik borusunun partlaması nəticəsində qeyriyaşayış sahəsinə ziyan dəymişdir.

26. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsinə vurulmuş zərərin əvəzi 2000 manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının əmlakının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

28. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar