Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7421/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağan qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4130/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında bitişik inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi və ərazisinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli evin bir qrup sakinləri müxtəlif illərdə yaşayış sahələri artırmaq məqsədilə əlavə tikillər inşa etmişlər. Bu tikililər çoxmənzilli yaşayış binasını qəzalı vəziyyətə salmaqla bərabər sakinlərin ümumi istifadəsində olan sahənin azalmasına səbəb olmuşdur. Edilmiş əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Həmin tikililərin inşası zamanı torpaq və şəhərsalma qanunvericiliyin tələbləri pozulmuş, binanın konstruksiyalarının üzərinə əlavə ağırlığın düşməsinə səbəb olmuşdur. Əlavə edilmiş artırmaların sökülməsi ilə bağlı dəfələrlə sakinlərə şifati xəbərdarlıq edilməsinə baxmayaraq sakinlər tərəfindən hər hansı əməli tədbir həyata keçirilməmişdir.
3. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçınə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında söküntü işlərinin aparılmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçılar tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 18 nömrəli çoxmənzilli yaşayış binasında yaşayan vətəndaşlar hər biri yaşadıqları mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınmışdır və tərəflərindən binada heç bir artırma işləri olmamışdır. Həmçinin qeyd etmişdirlər ki, İddiaçı hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, yerli icra hakimiyyəti haqqında əsasnamədə icra hakimiyyətinə belə bir hüquqlarının olması barədə səlahiyyət verilməmişdir. İddia tələbində binanın qəzalı vəziyyətdə salmaqla bərabər sakinlərin ümumi istifadəsində olan sahənin azlmasına səbəb olması, həmçinin binanın xarici görünüşünə xələl gətirilməsi, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artması qeyd edilsə də, sözügedən məsələlərlə bağlı Sabunçu RİH tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilməmiş və ya hansısa tədbir görülməmişdir. İcra Hakimiyyəti və ya başqa dövlət orqanları tərəfindən onlara xəbərdarlıq olunmamışdır. Ona görə ki, sakinlər tərəfindən binada artırma işləri aparılmamışdır. Mənzillərin çoxu hazır şəkildə alınmışdır.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4130/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
6. Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılma aparılmamış, iş üzrə tikinti-texniki eskpertizası təyin edilməmiş, binada əlavə tikililərin nədən ibarət olması araşdırılmamışdır. Məhkəmə tərəfindən sözügedən çoxmənzilli yaşayış binasına baxış keçirilməmiş, binanın qəzalı vəziyyətdə olub-olmaması araşdırılmamışdır. Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarının 4.1-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. İddiaçının belə bir iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi.
9. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
11. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı Bənd 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Bənd 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Bənd 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Maddə 3. Yerli icra hakimiyyəti başçısının vəzifələri Maddə 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: Maddə 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4130/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
15. İş materialları ilə müəyyən edilir ki, iddiaçı inzibati orqan olan İddiaçı cavabdehlərə qarşı özbaşına tikililərin sökülməsi tələbi ilə çıxış edir. Cavabdehlər isə həmin inzibati orqana qarşı yaşayış binasında söküntü işlərinin aparılmasına qadağa qoyulması tələbi ilə çıxış edirlər.
16. Göründüyü kimi, tərəflər arasında olan mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir və belə olan halda həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4130/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati məhkəmədə iddia qaldırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməli olduğu izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: