Məhkəmə qərarları › İş №2(103)-7427/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7427/2021

29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7427/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivi, döngə 1 ünvanında yerləşən 46 saylı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğaca Cavabdeh İB-nin işçiləri tərəfindən baxış keçirilərək guya sayğacın plombunun qırıq olması barədə 30 mart 2018ci il tarixdə akt tərtib olunduğunu, buna görə ona 345,6 manat cərimə yazıldığını, həmin aktın tam qanunsuz və əsassız olduğunu bildirmiş, buna görə də aktın etibarsız sayılmasını və ondan irəli gələn bütün nəticələrin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivi, döngə 1 ünvanında yerləşən 46 saylı ev üzrə hesablanmış 288,8 manatın İddiaçı abunə hesabından siliinməsi, həmçinin cavabdehdən 20 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, iddiaçının istifadəsində olan qaz sayğacının yivli birləşməsinə vurulmuş plombun qırılması aşkar edildiyi üçün Cavabdeh İB tərəfindən akt tərtib olunaraq dəymiş ziyan hesablanıb iddiaçıdan tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahi etmiş, işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı isə məhkəməyə gəlməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, İddiaçı evinin təbii qazla təchizatını təmin edən qaz sayğacına baxış keçirilərək 30.03.2018-ci il tarixdə iddiaçının iştirakı olmadan akt tərtib edilmiş, aktda sayğacın plombunun olmadığı göstərilmiş və iddiaçıya 345,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edildiyi irəli sürülən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1011/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar