Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7431/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəsinə dəqiqləşdirmə vermişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 82.000 manat verməlidir. Bu borcun yaranma mənbəyi ilə əlaqədar bildirir ki, o, 2004-cü ildə Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. Həmin vaxt Qazaxstan Respublikasının vətəndaşı olduğu üçün öz vəsaiti hesabına aldığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 90 nömrəli binanın 91 nömrəli mənzilini bacısı oğlu, Cavabdeh adına rəsmiləşdirmişdir. Hazırda oğlu Adiyev Ramu Hökməli oğlu və oğlunun ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar və özü də onlarla birlikdə o mənzildə yaşayır. Cavabdeh hətta həmin mənzilə dair istədiyi kimi sərəncam vermək üçün ona etibarnamə də vermişdir. 2018-ci ilin yanvar-fevral aylarında cavabdeh notariusa gəlib həmin mənzili onun adına rəsmiləşdirməli idi. Lakin həmin vaxt cavabdehi notariusda gözlədiklərinə baxmayaraq, o, notariusa gəlməmişdir. Sonradan bilmişlər ki, cavabdeh Rusiya Federasiyasına getmişdir və hazırda da orada yaşayır. Dəfələrlə cavabdehə həmin mənzili onun adına rəsmiləşdirilməsi ilə əlaqədar müraciət etsə də, o, bundan boyun qaçırmışdır. Bütün bunlar onların maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib cıxarmışdır. Hesab edir ki, ona 50.000 manat dəyərində mənəvi ziyan dəymişdir. Buna görə “pul” tələbi ilə əlaqədar X1 xx xxxxxx 2019-cü il tarixli arayışını əsas gətirərək 82.000 manat əsas məbləğin və 50.000 manat mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 82.000 manat əsas məbləğ, 50.000 manat mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rusumu, vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 110 manat, cəmi 132.140 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianin qismən təmin edilməsi, 82.000 manat əsas məbləğ, 1000 manat mənəvi ziyan olmaqla, cəmi 83.000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 90, mənzil 91 onun və valideynlərinin hesabına alınmışdır. İddiaçı onun xalası olmaqla yanaşı həmçinin bacısının qayınanası olmuşdur, sonradan isə iddiaçının oğlu Pərvinlə boşanmışdır. Həmçinin məhkəmədə ifadə vermiş şahidlər onunla qərəzli münasibətdə olan şəxslərdir və ifadələri həqiqətə uyğun deyil. Bundan başqa birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin dəlillərinə istinad edərək hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının vəsaiti hesabına alınmış, iddiaçı xarici ölkə vətəndaşı olduğuna görə mənzil onun bacısı oğlu olan cavabdehin adına müvəqqəti qeydiyyata alınmışdır. Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxx 2014-cü il tarixdə təsdiqlənərək reyestrdə 7E-8344 nömrəli etibarnamə ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, bina 90-da yerləşən 91 nömrəli mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, bank qarşısında ipoteka (girov) qoymağı, istənilən idarə və təşkilatlarda onu təmsil etməyi, həmin etibarnamə ilə onu təmsil etdiyi, adından müqavilələrdə imza etməyi, qeyd olunan əmlakın özgəninkiləşdirilməyi ilə əlaqədar digər hərəkətləri etməyi, qeyd olunan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İşə daha əvvəl, qiyabi icraat qaydasında baxılarkən hər iki tərəfin qohumu olan şəxslər məhkəmə iclasında şahid qismində dindirilmişlər, onlar verdikləri ifadələrində də həmin halı təsdiq edərək mənzilin faktiki iddiaçıya məxsus olduğunu, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənildiyini, mənzilin formal olaraq cavabdehin adına qeydiyyata alındığını göstərmişlər. Habelə, iddiaçının oğlu və onun ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar, həmin şəxslər iddiaçı ilə birlikdə mənzildə yaşayırlar. Cavabdeh söz verməsinə baxmayaraq iddiaçının təklifi ilə notariat kontoruna getməmiş, mənzilin iddiaçının adına keçirilməsi üçün müvafiq hərəkətlərin aparılmasında iştirakdan yayınmışdır. Cavabdeh mənzili iddiaçının adına qeydiyyata keçirmək üçün notariat hərəkətini aparmaqdan yayınaraq və ya onun dəyərini geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmış və bunun nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş, buna görə o, mənəvi zərərin əvəzini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2, 1091.1, 1091.2, 1092.5, 21.1, 21.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya sikayətinin dəlillərini, tərəflərin izahatlarını, is materiallarını müzakirə edib hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə qətnamə ləğv edilib, iddia rədd edilməlidir. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 90 nömrəli binanın 91 nömrəli mənzili xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. Qeyd olunan mənzildə Adiyev Ramu Höküməli oğlu, X2, X3, X4 və Cavabdeh qeydiyyatdadırlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş və səhv nəticəyə gəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının hazırda cavabdehin mülkiyyətində olan mənzilin pulunun onun tərəfindən verilməsi və yalnız həmin dövrdə xarici dövlətin (Qazaxstan) vətəndaşı olduğu üçün formal olaraq bacısı oğlu olan hazırki iş üzrə Cavabdeh adına alınması halını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunan halın subut edilməsində iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şəxslər də iddiaçının verdiyi izahatın məzmununa uyğun ifadə vermişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 104.1-ci maddəsinə əsaəsn şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, dindirilmiş şahidlər tərəfindən verilmiş ifadələr mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, ilk növbədə qeyd olunan şəxslər mənzilin alınması üçün aparılmış danışıqlarda, həmçinin alqı-satqı müqaviləsi bağlanılan zaman şəxsən iştirak etməmişlər, şahidlərin verdiyi ifadələr sadəcə olaraq iddiaçının söylədiyi fikirlərdən formalaşmışdır. Kollegiya iddiaçının xarici ölkənin vətəndaşı olduğu üçün formal olaraq mənzili iddiaçının bacısı oğlu cavabdehin adına alması dəlilini də əsassız hesab edir. Belə ki, qanunda xarici ölkə vətəndaşının daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik olmaq hüququ yalnız torpağa dair məhdudlaşdırılmışdır və evin və yaxud mənzilin mülkiyyət hüququ ilə xarici ölkə vətəndaşına malik olması hüququ məhdudlaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 48-ci maddəsinin 3cü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə mübahisəli mənzil barədə “mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, bank qarşısında ipoteka (girov) qoymağı, istənilən idarə və təşkilatlarda onu təmsil etməyi, həmin etibarnamə ilə onu təmsil etdiyi, adından müqavilələrdə imza etməyi, qeyd olunan əmlakın özgəninkiləşdirilməyi ilə əlaqədar digər hərəkətləri etməyi, qeyd olunan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyə” dair verilmiş etibarnaməyə münasibətdə isə qeyd edir ki, etibarnamə mülkiyyət sənədi deyil və yalnız hazırki halda Cavabdeh təmsil etmək və onun adından müəyyən hərəkətləri etmək üçün verilmişdir. Həmçinin iddiaçı qeyd olunan müddət ərzində əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı bir hərəkət etmədiyindən, mənzilin ona məxsus olması ilə bağlı qeyd etdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddianın hüquqi əsası kimi əsassız varlanma qaydalarını tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi qanunda əsassız varlanmanın yaranmasının zəruri şərtləri kimi qanuni və ya müqavilə əsasının olmaması, həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənmiş olması göstərilmişdir. Hazırki iddia tələbində isə qeyd olunan şərtlər mövcud deyil. Belə ki, iddiaçı tərəf özünə mənzil alınması üçün pulun cavabdehə verilməsini faktını subut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında borc və yaxud digər öhdəlik münasibətləri yaranmamış. Belə ki, tərəflər arasında borc münasibətlərini təsdiq edən hər hansı müqavilə və ya sənəd mövcud deyildir. Göründüyü kimi iddiaçının pul tələbinə dair iddiasında irəli sürdüyü dəlilləri sübut edə bilməmiş və yalnız formal mülahizələrə əsaslandığından iddia rədd edilməlidir. Həmçinin hazırki iddia tələbində iddianın maddi ziyan yəni pul tələbi ilə bağlı hissəsi əsassız olduğundan İddiaçı mənəvi ziyan vurulması halı sübut edilməmişdir və ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir şəxs öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7431/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7431/2020
20.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver