Məhkəmə qərarları › İş №2(103)-7433/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7433/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7433/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1767/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xocəsən yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi 90VG461 dövlət qeydiyyat nişanlı “X4” markalı mikroavtobusa “İsuzi” markalı, 85AE228 dövlət qeydiyyat nişanlı avtomaşının təqsiri nəticəsində ciddi ziyan dəymiş və maşına dəymiş ziyan 4165 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhər Binəqədi rayon Ekologiya YPİ-si tərəfindən aparılan araşdırma nəticəsində “İsuzi” markalı 85AE228 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 təqsiri təsdiq olunmuş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. F.Səyyadovun idarə etdiyi maşını da hadisə zamanı başqa bir maşın vurmuş və həmin şəxs barəsində onun idarə etdiyi maşına münasibətdə inzibati qərar qəbul edilmişdir. Lakin onun idarə etdiyi maşına dəyən ziyan F.Səyyadovun idarəçiliyində olan maşının 1 dəfə zərblə çırpılması nəticəsində yetirilmişdir. Ona da məlum olmuşdur ki, ona ziyan yetirən maşın cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Hadisə günü həmin şirkətin əməkdaşı tərəfindən maşına baxış keçirilmiş və müayinə olunmuşdur. O, həmin maşını cavabdehin Abşeron rayon Masazır qəsəbəsində yerləşən maşın təmiri servisinə də aparmış və orada maşına baxış keçirilmişdir. O, maşını təmir etdirmək istəyir, lakin sığorta dəymiş ziyanı hər dəfə də əsassız səbəb gətirməklə ödəmir, bu da onun hüquqlarının pozulmasına xidmət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan 90VG461 dövlət qeydiyyat nişanlı “X4” markalı mikroavtobusa dəymiş 4165 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun cavabdeh "xxxx" ASC tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1767/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar «X2» markalı 90VG461 dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 3700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57 manat, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayətinin tərtib edilməsi qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Hazırki iş üzrə cavabdehin apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyasiya şikayətində şikayətçinin tələbi qeyri-müəyyən olmuşdur. Belə ki, şikayətin “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 361, 366, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1767/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar