Məhkəmə qərarları › İş №2(103)-7436/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7436/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7436/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17 sentyabr 2018ci ildə Bakı şəhəri 14 saylı Notariat ofisində 20.000 manata kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 30 aprel 2022-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydinə əsasən 17 sentyabr 2022-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20.000 manat iddiaçıdan tutularaq Cavabdeh verilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədi üzrə 20.000 manat pul vəsaitinin və dövlət rüsumunun iddiaçıdan alınaraq Cavabdeh verilməsi qeyd edilmişdir. Bakı şəhəri Xətai rayonu icra şöbəsindən iddiaçıya 04 may 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilmişdir ki, 04 may 2022-ci il tarixli qərarla Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən iddiaçıya 04 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədində göstərilən tələbin müddətində könüllü icra etməsi xahiş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə həyat yoldaşı Cavabdeh arasında 17 sentyabr 2018-ci ildə Bakı şəhəri 14 saylı Notariat ofisində 20.000 manata kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 30 aprel 2022-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydinə əsasən 17 sentyabr 2022-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20.000 manat iddiaçıdan tutularaq Cavabdeh verilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədi üzrə 20.000 manat pul vəsaitinin və dövlət rüsumunun iddiaçıdan alınaraq Cavabdeh verilməsi qeyd edilmişdir. Bakı şəhəri Xətai rayonu icra şöbəsindən iddiaçıya 04 may 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilmişdir ki, 04 may 2022-ci il tarixli qərarla Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən iddiaçıya 04 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədində göstərilən tələbin müddətində könüllü icra etməsi xahiş edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi etibarsız əqddir. İddiaçı ilə cavabdeh 16 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 07 yanvar 2011-ci il təvəllüdlü X9, 28 iyul 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ata mülkündən ona pay verilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda qalmışdır. Onun atası X3 bir qızı və Nəriman adlı oğlu vardır. 2008-ci ildən 2016-cı ilədək Nərminənin ata mülkünün bölünməsi barədə narazılıqlar olmuş və 2016-cı ildə atalarının Xruşovka binada olan mənzili vərəsəliklə qardaşı Nərimana vermələri və Tarqovuda ayaqqabı təmiri yerini isə Nərminəyə vermələri qərarlaşdırılmışdır. 2016-cı ildə Nərmini ata mənzilindən qeydiyyatdan çıxarmışlar və o, ünvan 2 ünvanında olan beş otaqlı mənzilə qeydiyyata düşmüşdür. 2018-ci ildə onlar ipoteka ilə satıla hazır təmirli mənzili almaq qərarına gəlmişlər. Nərminə Tarqovudakı yerini satmaq qərarına gəlmişdir. X5 yeri almaq istədiyini bacısına bildirmiş və onlar obyektin qiymətini 20.000 manata razılaşdırmışlar, bu şərtlə ki, qardaşı Nəriman 20.000 manat tam ödənilənədək ayda 250 manat pul ödəyəcəkdir. Belə olan halda onlar borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Nərminə əri Elnura da 20.000 manat borc müqaviləsi bağlamasını bildirmiş, Elnur buna razı olmuşdur. Elnur atasından 20.000 manat borc pul istəmiş, atası onların evində Nərminənin iştirakı ilə oğluna 15 sentyabr 2018-ci il tarixdə 20.000 manat pul vermişdir. Nərminə minnətdarlıq edərək pulu şəxsən özü götürmüşdür. 17 sentyabr 2018-ci il tarixdə onlar Elnur, Nərminə və Nəriman 14 saylı Notariat Kontoruna getmişlər və iddiaçı 20.000 manatı Nərminəyə vermişdir. Nərminə notariat kontorunun kamerası qarşısında 20.000 manatı sayıb vermiş və notarius kredit müqaviləsi bağlamışdır. Daha sonra Nərminə 20.000 manatı notariat kontorunun kamerası qarşısında sayıb qardaşı Nərimana vermişdir. 2021-ci ildə Nərminə ilə iddiaçının münasibətləri pisləşmişdir. 10 dekabr 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasındakı nikah pozulmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməəsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, bu barədə vəsatətinə əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. İşin faktiki hallarından belə məlum olur ki, onunla Cavabdeh arasında 17 sentyabr 2018-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Aşağıda göstərilən əsaslara görə həmin əqd etibarsız hesab edilməlidir. Belə ki, həmin Kredit Müqaviləsi, formal, uydurma, ərlə-arvad arasında onların ailəsinin mənafeyi xatirinə, qarşı tərəflə bağlanmalı olan əqdi pərdələmək üçün, yalandan bağlanmış bir əqddir. Kredit müqaviləsinin tarixindən də görünür ki, həmin müqavilə nikah dövründə bağlanmışdır. İşin bu halı ilə bağlı bildirir ki, ər-arvadın nikah dövründə əldə etdikləri onların ümumi birgə mülkiyyətidir. ər-arvad ayrılmayanadək əldə etdiyi əmlaklar onların hər ikisinin mülkiyyəti hesab olunur. Bağlanmış müqavilə onların həqiqi niyyətlərini əks etdirməmişdir. Qeyd edilən müqavilə notarial qaydada təsdiq edilsə də formal xarakterli olmuşdur. Ər-arvad münasibətlərində olaraq birgə təsərrüfat aparan şəxslərin bir-birinə borc pul verməsi heç bir məntiqə sığmır. Digər tərəfdən Cavabdeh onunla kredit müqaviləsi bağlandıqdan bir neçə dəqiqə sonra Bakı şəhər 14 saylı notariat ofisində qardaşı ilə kredit müqaviləsi bağlamışdır. Cavabdeh Notariat ofisinin qarşısında 20000 manat pul vəsaitini ondan alaraq notariat ofisində qardaşı ilə kredit müqaviləsi bağlamış və həmin pulu məhz qardaşına vermişdir. Bu bir daha kredit müqaviləsinin uydurma əqd olduğunu təsdiqləyir. Ona görə də onunla bağlanan kredit müqaviləsi uydurma və yalan əqd kimi etibarsız hesab olunmalıdır. İş materialları ilə o da təsdiq edilir ki, 14 saylı notariusda, kredit müqaviləsinin sənədləşdirilməsi tam ardıcıllıqla aparılmayıb, notariusun rəisi, Elmar Qəzənfər oğlunun "xxxx" ASC-nin 5 saylı şöbəsinə ünvanladığı məktubuna riayət olunmamışdır, kamera qarşısında çəkilən şəkilin saatı dəqiqəsi Bankın mədaxil orderi ilə uyğun gəlmir, buradanda görünür ki, Bank və Notarius tərəfindən qanun pozuntularına yol verilmişdir. İşin həqiqi hallarından o da məlum olur ki, ünvan 3 ünvanda yerləşən mənzili Uni Bankdan ipotekaya girib almaq üçün arvadının atası Yaşar tərəfindən qızına bağışladığı 3 (üç) kvadrat metrlik ayaqqabı təmiri yerini, öz qardaşı Nərimana 20000 (iyirmi min) manata satmışdır. Həmin müqaviləni qarantiyaya almaq üçün cavabdehin qardaşı Nəriman şərt kəsmişdir ki, 20000 (iyirmi min) manata Kredit Müqaviləsi bağlayaq və o ayda Nərminəyə 250 (iki yüz əlli) manat pul ödəyəcəyinə söz vermişdir. O, atası Vaqifdən 20000 (iyirmi min) manat borc pul götürmüş və onlar 3-cü mikrorayonda yerləşən 14 saylı notariusa getmişlər. Notariusda cavabdehin qardaşı Nərminə demişdir ki, əgər o onların ipoteka yolu ilə aldığı mənzilə zamin duracaqsa onda ərin Elnurla da kredit müqaviləsi bağla yoxsa o heç nəyə razılaşmayacaq. Arvadı ilə təklikdə söhbət etdikdən sonra belə qərara gəlmişdir ki, ailəsinin mənafeyi xatirinə və eyni zamanda 3(üç) kvadrat metrlik ayaqqabı təmiri yerinin satılması xatirinə qarşı tərəflər bağlanmalı olan əqdi pərdələmək üçün formal bir müqavilə bağlasın. Belə olduqda ikinci 20000 (iyirmi min) manatı hardan tapaq söhbəti artaya çıxmışdır. Çünki rəisin yanında kredit müqaviləsinə möhür murulmamışdan öncə pulu sayıb borc alana vermək lazım idivə eyni zamanda Banka Mədaxil və Məxaric olunmalı idi. Cavabdehin qardaşı Nəriman demişdir ki, notariusun zərzəmisində "xxxx" ASC-nin 5 saylı şöbəsinin böyüyü yaxın adamdı, indi danışıb həll edəcək. Bank tərəfindən, notarisdan razılıq alındıqdan sonra, notariusun rəisi X4, "xxxx" ASC-nin 5 saylı şöbəsinə, kredit müqaviləsi təsdiq olunduqdan sonra, göndərilməli olduğu məktubu, gözləmədən, Bank İddiaçı adına mədaxil orderi yazmışdır. Mədaxil orderi ilə, təsdiq olunmuş kredit müqaviləsinin saatına, dəqiqəsinə nəzərə sadıqda görünür ki, bank pulu 38 dəqiqə tez qəbul edib, buda Elmar müəllimin məktubuna zidd əməliyyatdı. İşin qeyd edilən halı bir daha təsdiq edir ki, bağlanmış bu kredit müqaviləsi, hüquqi nəticə yaratmaq məqsədi ilə bağlanmamışdır. Yalan əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə cavabdeh iddiaçıya 20000 manat pul vermiş, lakin bu formal olaraq edilmişdir. Belə ki, Elnur imza çəkib pulu götürdükdən sonra yenidən Nərminəyə qaytarmışdır.

10. Məhkəmə iclsında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, ona atasından əmlak qalmış, o, əmlakı 53.000 manata satmışdır. Bu vəsaitdən o, 13.000 manatına hazırda öz istifadəsində olan avtomobili almış, yerdən qalan 40.000 manatın 20.000 manatını qardaşına, 20.000 manatını isə ərinə borc olaraq vermişdir. Buna səbəb o olmuşdur ki, Elnur ondan əvvəlcə 6500 dollar borc alsa da, bugünə qədər 3500 dollarını qaytarmamışdır. Buna görə də həm qardaşına, həm keçmiş ərinə məhz notarial qaydada bağlanmış müqavilə əsasında borc vermişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

12. 739 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun

13. Maddə 76 borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın

14. 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

15. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 78.1. sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

19. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

20. Maddə 81 qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə arasında notariat kontorunda bağlanmış kredit müqaviləsinin yalandan bağlanmış formal əqd olmasına istinad edərək, həmin müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin isə ləğv edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegyasının iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatında müqavilənin etibarsızlığını bir sıra məqamlarla əlaqələndirir. Belə ki, iddiaçının nümayəndəsi Notariat kontorunun rəisi X8 tərəfindən verilmiş məktuba istinad edərək bildirmişdir ki, məktubun mətnində vəsaitin müqavilənin təsdiq edilməsindən sonra ödəniləcəyi göstərilsə də, işin həqiqi hallarından görünür ki, vəsait müqavilənin təsdiqindən əvvəl ödənilmişdir. Bu halı sübut etmək üçün iddiaçının nümayəndəsi kredit müqaviləsi bağlanarkən tərəflərin çəkdirdiyi şəklə və onun vaxtına istinad etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi qeyd etmişdir ki, tərəflər nikah münasibətlərində olmuş və müqavilə formal xarakter daşımışdır. İddiaçının dəlillərinə münasibətdə cavabdeh izahatında göstərmişdir ki, ona atasından əmlak qalmış, o əmlakı satandan sonra onun 53.000 manat vəsaiti olmuşdur. Bu vəsaitdən o, 13.000 manatına hazırda öz istifadəsində olan avtomobili almış, yerdən qalan 40.000 manatın 20.000 manatını qardaşına, 20.000 manatını isə ərinə borc olaraq vermişdir. Həm qardaşı, həm keçmiş əri ilə eyni gündə, eyni notariat kontorunda müqavilələr bağlamışdır. İddiaçı müqavilənin şərtlərini icra etmədiyinə görə o, notariusa müraciət edib icra qeydinin verilməsini tələb etmişdir.

31. Kollegiya qeyd edir ki, iddia tələbi müqavilənin etibarsızlığı ilə bağlı olduğundan qanunvericilikdə bu sahəni tənzimləyən normalara istinad edilməsi zəruridir.

32. Hazırkı mübahisə üzrə tərəflər aralarında borc müqaviləsi bağlamış və notariusda təsdiq etmişlər. Müqavilənin etibarsızlığı ilə bağlı məsələnin araşdırılması ilə bağlı hissəsində məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi formal əsaslar (texniki səhv olsa belə) müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslı sayıla bilməz.

33. Belə ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələbblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

34. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. İddiaçı cavabdehlə bağladığı 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində və apellyasiya şikayətində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə , yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilin tələbi baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi hissəsi ilə bağlı isə qeyd edir ki, iddia həmin hissədə də əsassızdır.

37. Belə ki, “Notariat haqqında” Qanunda qeyd edilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətin borc müqaviləsi əsasında yaranması heç bir zaman mübahisələndirilməmiş, notariat orqanında heç bir zaman həmin müqavilənin mübahisəli olması ilə bağlı şübhə yaranmamışdır. Odur ki, Bakı şəhəri şəhəri 14 saylı Notariat Kontorunun apardığı notariat hərəkətləri qanunauyğun olmuş, heç bir qanun pozuntusuna yol verilmədən aparılmışdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.

39. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat Kontoru qanuvericiliyin tələblərinə uyğun olaraq tələbkarın təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, borclu 30 gün ərzində öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 30 aprel 2022-ci il tarixdə 14 saylı Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır.

40. Göründüyü kimi, 14 saylı Notariat Kontoru qanunauyğun şəkildə notariat hərəkətləri aparmış, icra qeydi ilə bağlı vaxtında müqavilənin tərəfi olan borcluya bildiriş göndərilmiş, daha sonra icra qeydi aparılmışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar