Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7448/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə və həmin X2 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və ümumi sahəsi 31,93 ha təşkil edən torpaq sahəsinin 4,15 ha hissəsinin Cavabdeh7 satılması barədə bağlanmış xx.xx.2008-ci il tarixli, AN seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Cavabdeh7 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın”; 0,6756 ha hissəsinin Cavabdeh4 satılması barədə bağlanmış xx.xx.2013-cü il tarixli, AN seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Cavabdeh4 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın”; 1,5577 ha hissəsinin Cavabdeh5 satılması barədə bağlanmış xx.xx.2013-cü il tarixli, AN seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Cavabdeh5 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın”; 20,67 ha hissəsinin Cavabdeh3 satılması barədə müqavilənin; 5 ha hissəsinin Cavabdeh4 satılması barədə müqavilələrinin və “Çıxarışların” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi sübutları iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, iddiaçı, özündə bir neçə fərqli, bir-biri ilə bağlı olmayan və fərqli cavabdehlərə qarşı yönəlmiş tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Bu tələblərin bir icraatda baxılması isə qeyri-mümkündür. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri geri qaytaran Rayon Məhkəməsi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.1-ci maddəsinə istinad etsə də, səhv nəticəyə gəlmişdir. Belə ki, həmin maddənin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 150.1.1-ci maddəsinə görə isə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Lakin Rayon Məhkəməsi isə bunları nəzərə almamış, iş üzrə qəbul etdiyi qərardadda bu barədə hər hansı bir nöqsanın olduğunu göstərməmişdir. İddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməklə verilmişdir. İddia ərizəsinin surətləri cavabdehlərin sayına uyğun olaraq Rayon Məhkəməsinə təqdim edilmişdir. Rayon Məhkəməsi öz qərardadında iddia ərizəsinin qaytarılmasının səbəbi kimi, iddia tələbinin əsası kimi istinad olunan materialların iddia ərizəsinə əlavə olunmadığını qeyd etsə də, bu hal Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarması kimi istinad etdiyi MPM-nin 149.2.3-cü maddəsi ilə ziddiyyət təşkil edir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, cavabdehlərin adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışların” surətini əldə edib Rayon Məhkəməsinə təqdim edə bilməsə də, iddia tələbinin əsası kimi istinad olunan digər materialları iddia ərizəsinə əlavə etmişdir. İddiaçı, cavabdehlərin adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışların” surətlərinin ona təqdim edilməsi barədə vəkil sorğusunun surətini də iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin, Rayon Məhkəməsi qərardadda qeyd etmişdir ki, iddiaçının tələbi özündə bir neçə fərqli, bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə tələbini fərqli-fərqli cavabdehlərə qarşı yönəlmişdir. İddiaçı bildirir ki, MPM-nin 149.3-cü maddəsinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Bu halda cavabdehlərin fərqli olması istisna edilmir. İşin mahiyyətindən də görünür ki, iddiaçı ona bir dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin müxtəlif şəxslərə satılması barədə “Alğı-satqı müqavilələrini” və həmin şəxslərin adına verilmiş “Reyestrdən çıxarışları” mübahisələndirir. Göründüyü kimi, iddiaçının bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməsi barədə Rayon Məhkəməsinin gəldiyi qənaət MPM-nin 149.3-cü maddəsinə uyğun deyil. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin qaytarılması barədə mövqeyini Rayon Məhkəməsi ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı, iddia tələbinin əsası kimi istinad olunan materiallar iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, MPM-nin 149.2.3-ci maddəsinin tələbinə görə iddiaçı, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir, bu isə iddia ərizəsinin qaytarılması üçün əsasdır. Məhkəmə Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşmır. Çünki MPM-nin 149.2.3-ci maddəsinin tələbinin mənasına görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qeyd edilən prosessual norma iddia ərizəsinə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutların iddia ərizəsinə əlavə edilməsini deyil, həmin sübutların siyahısının iddia ərizəsində göstərilməsini tələb edir. İddia ərizəsindən isə görünür ki, iddiaçı, iddia tələbinin əsası kimi istinad olunan materialları, yəni onun tərəfindən mübahisələndirilən “Alğı-satqı müqavilələrinin” rəsmiləşdirilməsi ilə bağlı müvafiq notariat işlərinin surətlərini iddia ərizəsinə əlavə etmişdir və həmin sənədlərin siyahısını iddia ərizəsində göstərmişdir. Bununla da müəyyən edilir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu yanaşması səhvdir. İddia ərizəsinin sübutların iddia ərizəsinə əlavə edilməməsi əsası ilə qaytarılması MPM-də nəzərdə tutulmamışdır. Göstərilənlərə baxmayaraq Məhkəmə hesab edir ki, iddia ərizəsinin ikinci əsasa görə qaytarılması barədə Rayon Məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, MPM-nin 149.3-cü maddəsinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır (maddə 149.3). Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı, müxtəlif şəxslər (fiziki şəxs olan cavabdehlər) ilə “Alğı-satqı müqavilələrin” və həmin şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışların etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir ki, həmin tələblər bir-biri ilə bağlı deyil, çünki torpaq sahəsi hissə-hissə, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı şəxslərə satılmışdır. Başqa sözlə bu tələblərin bir-biri ilə bağlılığı yoxdur. Beləliklə də, apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, iddia ərizəsinin qaytarılması barədə Rayon Məhkəməsinin müzakirə edilən əsaslardan biri səhv olsa da, digər əsası qanunidir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə nəticəyə gəlməklə iş üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7448/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7448/2022
11.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver