Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-745/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2161 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş №2(003)-3251/2021) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İstifadə etdikləri elektrik enerjisinə görə hesablanmış borcları sayğacın göstəricisinə uyğun olaraq müvafiq idarə tərəfindən verilən bildirişə əsasən vaxtında ödəyir. 2021-ci ilin mart ayında "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən ona xəbərdarlıq göndərilib. Həmin xəbərdarlıqda göstərilir ki, elektrik enerjisinin sərfiyyatına görə 2161 manat borcu yaranmışdır və göstərilən borc ödənilməzsə 30 mart 2021-ci il tarixdən saat 12:00-dan etibarən enerji təchizatı dayandırılacaqdır. Bu tamamilə yanlışdır. O, həmişə 4024072M285240 saylı sayğacın göstəricisinə əsasən verilən bildirişə görə vaxtında ödəmişdir. Həmçinin "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli Bildiriş Xəbərdarlıqda onun sayğacın göstəricisinə əsasən son göstərici 35811 Kvts olmaqla qalıq borcun 18,25 manat (on səkkiz manat iyirmi beş qəpik) olduğu göstərilir. 05.03.2021-ci il tarixli Bildiriş Xəbərdarlıqda isə sayğacın əvvəlki göstərisi 35811 kvts, son göstəricisi isə 36576 kvts qeyd edilib. Yəni sətfiyyat 765 kvts olub. Belə olan halda qalıq borcun 2089,02 manat göstərilməsi tamamilə əsassızdır. O, həmin borcun silinməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialına müraciət etmişdir. Həmin Agentliyin 23 aprel 2021ci il tarixli AERA-20-20-20-1489/21 saylı cavab məktubundan görünür ki, 31.01.2021-ci il tarixinədək qaçqın limiti kimi hər ay abonent hesabından müvafiq məbləğlər çıxılmışdır və bu mübahisə ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. Qeyd olunanlara əsasən, 2161 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının saldo üzrə "xxxx" ASC-yə 2161 manat borcu vardır və həmin borcu ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına olan **********10063 nömrəli abuna haqqında məlumatın təhlili zamanı iddiaçı tərəfindən 30.03.2009-cu il tarixdən 07.10.2021-ci il tarixədək 144909 kvts elektrik enerjisinin istehlak edilməsi müqabilində 9154.56 manat məbləğində pul vəsaitinin hesablanması 23.03.2009- 07.10.2021-ci il dövrləri ərzində 3799.35 manat məbləğində pul vəsaitinin limitdən artıq sərfiyyat və aylıq limit üzrə hesablanmış sərfiyyat üzrə borcun olmadığı, 14.04.2009- 26.09.2021-ci il dövrü ərzində ümumilikdə 3139 manat məbləğində istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş etməsi və qalıq borcun 2216 manat təşkil etməsi ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri istehlakçıdan tələb edilə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 2161 manat borcun silinməsi barədədir. "xxxx" ASC iddiaçıya ünvanlandırdığı mart 2021-ci il tarixli məktubda **********10063 saylı kod üzrə istehlakçıya 2161 manat dəyərində debitor borcu hesablandığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qeyd etmişdir ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.32 və s. bəndləriilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-745/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-745/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver