Məhkəmə qərarları › İş №2(103)-745/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-745/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-745/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-745/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-824/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 10 yanvar 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən “təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və dəymiş ziyana görə 4147.20 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t, ev 296V ünvanda yerləşən, ölçüsü 60 kvadrat metr olan iki otaqlı evdə qeydiyyatdadır (abonent kodu: **********00003). İddiaçı evdə 1 ədəd İİR-nin istehsalı olan qaz peçi, 1 ədəd dördgöz qaz plitəsi və 1 ədəd suqızdırıcı istehlak edir. İddiaçıya poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə çatdırılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yaşayış sahəsindən kənarda quraşdırılmış (hasarın çöl tərəfində) sayğaca baxış keçirərkən guya qaz sayğacına qoşulmuş kənar əlavə xətt müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, cavabdehin əməkdaşları qeyri-müəyyən səbəblərdən baxışı gecə vaxtı keçirdiyindən bu barədə iddiaçının xəbəri olmayıb, cavabdehin əməkdaşları isə iddiaçıya və həmin evdə yaşayan digər ailə üzvlərinə heç bir məlumat verməmişlər. Aktı tərtib edərkən cavabdehin əməkdaşları aktı iddiaçıya təqdim etmədən, ona aktın məzmunu ilə tanış olmaq barədə təklif etmədən "istehlakçının nümayəndəsi" qrafasında adının qarşısında imtina etməsi barədə qeydiyyat aparmışlar. Sonradan iddiaçıya heç bir sənəd təqdim etmədən və guya yaranmış borc barədə heç bir məlumat vermədən, müvafiq araşdırmalar aparılaraq izahatı alınmadan, artıq 2023-cü ilin yanvar ayından sərf etdiyi qaza görə ödədiyi məbləğin yanaşı heç bir əsas olmadan Cavabdeh İB-nin nəfinə tutulur. Təəssüf doğuran odur ki, iddiaçıya hansı qərar əsasında, nə qədər və hansı normalara əsaslanaraq borc hesablandığı barədə heç bir məlumat verilmədən, rəsmi sənəd təqdim olunmadan sərf etdiyi qaza görə ödədiyi məbləğdən borca görə tutma tətbiq olunur. Cavabdeh İB-nin iddiaçının ünvanı üzrə məsul əməkdaşı hər ay sayğaca baxış keçirərək iddiaçıya qaz sərfiyyatı barədə hesab təqdim edir. Bu halda necə ola bilər ki, həmin əməkdaş sayğaca əlavə kənar xəttin qoşulduğunu əvvəlki dövrlərdə müəyyən etməsin. Sayğac iddiaçının yaşadığı həyət evinin hasarının çöl tərəfində qurlaşdırılmışdır və sayğaca nəzarət etmək demək olar ki, iddiaçı və onun ailə üzvləri tərəfindən mümkün deyil. Bundan əlavə, yaşayış sahəsindən kənarda quraşdırılmış sayğaca nəzarət etmək iddiaçının yəni ev sahibinin vəzifəsi deyil. Tərtib olunmuş akt isə iddiaçıya üç aydan çox müddət keçdikdən sonra poçt vasitəsilə göndərilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2023cü il tarixdə iddiaçının ünvanladığı məktuba cavab olaraq bildirilir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilərək, iddiaçıya 4147,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Lakin həmin ziyanın hesablanması qaydaları və meyarları barədə heç bir məlumat verilməmişdir. İddiaçı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında təbii qazın satışı barədə müqavilə bağlanılmamışdır. 4.xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ünvanlayaraq, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 4131,80 manat məbləğində zərərin və 61,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4193,12 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, 1-ci yaşayış massivi, ev 296V-də qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdefrln təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 15,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4131,80 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmamış, bir neçə ay keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-824/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilkin iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t ev 296 ünvana Cavabdeh İB tərəfindən hesablanmış 4147,20 manat borcun silinməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 64 manatın Cavabdeh İB-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci və 6.5-4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən (ələlxüsus qanunsuz qoşulmaların baş verdiyi gecə saatlarında) İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Aşkarlanmış həmin faktın videoçəkilişi də aparılmışdır. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər (ələlxüsus gecə saatlarında) etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Azəriqaz İB-nə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar, ələxüsus videoçəkiliş, qarşılıqlı iddia tələbimizin tam təmin edilməsinə, ilkin iddia tələbinin isə rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə ilkin iddia tələbini təmin etmişdir. Aşkar olunmuş qaz borusuna özbaşına qoşulma faktı (faktları) Azəriqaz İB-nin əməkdaşları tərəfindən rəşmiləşdirilmiş, dəymiş ziyanın miqdarı müəyyənləşdirilmiş, ziyanın məbləği İddiaçı məxsus abonent Saldosuna onun tərəfindən könüllu ödəməsi məqsədi ilə yerləşdirilmişdir. Bütün bunlar olunumuşdur və bu faktdır. Zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Qətnamədə ekspert rəyi ilə razılaşaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t ev 296 ünvanında, həmin yaşayış sahəsini təbii qazla təmin edən qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilmədiyinə dair nəticəyə gəlmişdir. Halbuki, həmin ünvanda aşkar edilmiş təbii qazın A.Quiyeva tərəfindən gecə saatlarında talaması faktına dair videoçəkiliş materialları mövcuddur ki, bu fakt ilə 1ci instansiya məhkəməsi də tanış edilmişdir. Qeyd edir ki,məhkəmə iclası zamanı ekspert öz rəyini müdafiə etmişdir, lakin bir haşiyə də çıxaraq bildirmişdir ki, video çəkilişdə görünən istiqamət (qaz borusunun videoçəkilişdə göstərilən tərəfi) ekspertiza tədqiqatının predmeti olmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh (Cavabdeh İB)-nin nümayəndəsi tərəfindən ekspertə verilmiş suallar zamanı ekspert qaz xəttinin sayğacdan çıxan hissədən evi əhatə edən xətt boyunca olan hissələrini təhqiq etmədiyini bildirmişdir. Hesab edirik ki, ekspert rəyi ilə videoçəkilişdə yer alan faktlar arasında böyük ziddiyyət vardır. Bu hala 1-ci instansiya yetərincə qiymətin verilməsini təmin etməmiş və bunun nəticəsi olaraq da səhv qətnamə çıxararaq Azəriqaz İB-nin qanunla qorunan hüquqlarını pozmuşdur. Bildirir ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İB-nin hüququnun pozulması kimi qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

16. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

17. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. ... (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

18. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

19. Maddə 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5- 2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin edib qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktından görünür ki, G-4 markalı, **********3 №-li sayğacın kənar xətt 57 mm boru xəttində əlavə qoşulmuşdur. Kənar xətt ləğv edilməli, dəymiş ziyan hesablanmalıdır.

31. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” dən görünür ki, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 kub metr itirilmiş qaza görə ziyanın ödənilməsi müəyyən edilmişdir.

32. İşə birinci instansiya məhkəməsində baxılan zaman təyin edilmiş məhkəmə trasoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/990 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

33. Ən əsası, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. İşdən qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilmir. Belə olan təqdirdə isə kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsinə əsas vermir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-824/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar