Məhkəmə qərarları › İş №2(103)-7452/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7452/2021

13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7452/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3292/2021 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 486 manat məbləğində borcun və sayğacın dəyəri olaraq tələb edilən 235,88 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Çernyakovski küçəsi, ev 39A ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilərək, onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən həmin ünvanda smart-kart tipli sayğac quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin cavabdehin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yoxlamaya aparılmışdır. Bundan sonra iddiaçı sayğacın hara aparılmasını bilməmiş, bu barədə onlara məlumat verilməmişdir. Köhnə qaz sayğacı aparıldıqdan sonra cavabdehin əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən ona 486 manat zərər hesablanmışdır. Sayğac aparılan zaman onda heç bir problem olmamış, plombları yerində olmuşdur.Sayğacın dəyərinin və cərimənin ondan tələb edilməsi qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(011)-3292/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, 1-ci instansiya məhkəməsi istehlakçının təqsiri sübuta yetirilmədiyinə görə iddianı təmin etmişdir. Lakin təqsirli tərəfin müəyyən edilməsi cavabdehin funksiyalarına aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 29.11.2019-cu il tarixli aktın və dövlət yoxlamasının nəticələri barədə 15.11.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda (ünvan 1ından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın plastmas qapağının üzərindəki qulaqcıqlar qırıqdır” müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 29.11.2019-cu il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılaraq, yerində “İtron G4” tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan qiymət cədvəlinin surətindən görünür ki, “İtron G4” tipli qutusuz sayğacın dəyəri 235,88 manatdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3292/2021 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar