Məhkəmə qərarları › İş №2(103)-7460/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7460/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7460/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7460/2022 (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 29 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Cavabdeh qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 7.000 manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03 sentyabr 2012-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladları – 07 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 fevral 2014-cü il təvəllüdlü X2 dünyaya gəlmişlər. Cavabdehlə aralarında bağlanmış nikah Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2020- ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə cavabdehlə birgə nikahdan anadan olmuş övladlarının onun yanında saxlanılması, həmçinin həmin uşaqların saxlanması üçün ümumilikdə 200 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra cavabdeh ona qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 iyun 2021-ci il tarixli, 2(001)-2857/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və onun ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya, həmçinin kassasiya şikayətləri verilsə də, şikayətləri təmin edilmədən və müvafiq qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdeh anası ilə birlikdə onların evinin qonşuluğunda anasına məxsus evdə ikisi yaşayırlar, yəni onların evində başqa bir ailə üzvü yoxdur. Həmin ev isə kifayət qədər geniş və təminatlıdır, üç otaqdan, bir mətbəx və sanitar qovşaqdan ibarət olmaqla sahəsi təxminən 65-70 kv.m. təşkil edir. Cavabdehin köçürülməsi qət edilmiş ona məxsus olan ev isə bir yataq və qonaq otağından və bir mətbəxdən ibarətdir, əlavə bir otaq mövcud olsa da, həmin otaq təmirsiz vəziyyətdə olduğundan qapısını bağlı saxlayır. O, həmin evdə cavabdehlə birgə nikahdan olan iki övladı ilə bərabər yaşayır. Əgər cavabdeh həmin mənzilə köçsə, onların münasibətləri gərgin olduğundan bu övladlarının psixilogiyasına mənfi təsir göstərəcəkdir. Onu da qeyd edir ki, o, mülki qanunvericiliyin tələbinə əsasən evin qanuni mülkiyyətçisi olmasa da, fərdi yaşayış evinin sahiblik hüququnu daşıyır. Cavabdehin ona məxsus olan evdən istifadə etməməyi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi onun həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Həmçinin, cavabdehin əvəzinə kommunal haqları ödəyir. Bu isə ona maddi ziyan vurur. Həmçinin, maddi imkanının aşağı olması səbəbindən cavabdehin yerinə kommunal haqları ödədiyindən maddi vəziyyəti daha da çətinləşir. Halbuki, uşaqların saxlanması üçün onun xeyrimə tutulması qət edilmiş ümumilikdə 200 manat alimenti belə cavabdeh ödəməkdən imtian edir, bu səbəbdən hətta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Qanunun analogiyası tətbiq edilməklə müvafiq kompensasiya verməklə cavabdehin ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi qərarına gəlmişdir. Cavabdehin ona məxsus sözügedən evdən pay almaq hüququ olmasa da, o, cavabdehə evimdən müəyyən kompensasiya verir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4010/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (Hakim: Məhəmməd Rüstəmli).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onunla əsaslandırılmışdır ki, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində deyil. Odur ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bu hüquq iddiaçı tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildiyi təqdirdə (ev dövlət reyestrində qeydiyyataalındıqdan sonra) həyata keçirilə bilər. Bundan əlavə, cavabdehin həmin evdən istifadə hüququ olmadığna görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyri-mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunan əsaslara etiraz edərək iddiaçı qeyd edir, o mülki qanunvericiliyin tələbinə əsasən evin qanuni mülkiyyətçisi olmasa da, fərdi yaşayış evinin sahiblik hüququnu daşıyır. Cavabdehin iddiaçıya məxsus olan evdən istifadə etməməyi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi iddiaçının həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Bundan əlavə, iddiaçı cavabdehin əvəzində kommunal haqqlarını ödəyir. Bu isə iddiaçıya maddi ziyan vurur. Həmçinin maddi imkanının aşağı olması səbəbindən cavabdehin yerinə kommunal haqları ödədiyindən maddi vəziyyəti daha da çətinləşir. Halbuki, uşaqların saxlanması üçün iddiaçının xeyrinə tutlması qət edilmiş ümumilikdə 2000 manat alimenti belə cavabdeh ödəməkdən imtina edir, bu səbəbdən hətta Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cavabdehin iddiaçıya məxsus olan evdən istifadə etməməsi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi iddiaçının həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Məhkəmə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırmasını əsaslı hesab etməməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı sahibliyində və istifadəsində olan evə istifadə hüququ olan cavabdehin iddiaçnın evindən maneəsiz və sərbəst istifadə etməyinə imkan verməməyi, onun əvəzinə kommunal haqları ödəməsi birbaşa olaraq iddiaçının qanunla tanınan və qorunan hüquqlarının pozulmasına səbəb olub. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır;

10. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

12. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 2857/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülmüş, iddia qalan hissədə təmin edilməmişdir.

17. Həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş, evin tikilməsinə iddiaçı pul xərcləmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh ondan istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədəmüvafiqdir. İddia tələbinin iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınmasını tələb etmək hüququ yoxdur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini inşa etmişlər, sonradan onların nikahları məhkəmə qaydasında pozulmuş, daha sonra cavabdeh həmin evdən istifadə hüququnun tanınması və ora köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən təmin edilmiş, yalnız həmin evə köçürülməsi qət edilmiş, evdən istifadə hüququ isə tanınmamışdır. Qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

20. Mülki Məcəllənin yuxarıda qeyd edilən 228.2-ci maddəsindən göründüyü kimi, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində deyil. Odur ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququnun olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Bu hüquq iddiaçı tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildiyi təqdirdə (ev dövlət reyestrində qeydiyyata alındıqdan sonra) həyata keçirilə bilər.

21. Mübahisəli yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ olmadığından, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Başqa sözlə, İddiaçı həmin əmlakın mülkiyyətçisi olmadığı halda cavabdehin həmin mənzildən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir.

23. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır.

25. Bundan əlavə, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyrimümkündür.

26. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdehin başqa yaşayış yeri mövcuddur, bu səbəbdən də onun hazırda mübahisələndirilən evdən istifadə hüququna xitam verilməlidir.

27. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin başqa yaşayış yerinin olması ilə bağlı qeyd etdiyi dəlilini sübuta yetirən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir.Bu səbəbdən də iddiaçının apellyasiya şikayətinin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.

28. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4010/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar