Məhkəmə qərarları › İş №2(103)-7467/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7467/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7467/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxx” KB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-711/2020 saylı qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 A, 44 nömrəli mənzilin satılmasına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2012-ci il tarixdə İddiaçı2 ilə “xxxxxxx” KB ASC arasında 22.000 ABŞ dolları məbləğində kreditin götürülməsi barədə müqavilə bağlanmış və həmin müqavilənin təminatı kimi xx xxxx 2012-ci il tarixdə 50BKİ/12 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 2A, 44 nömrəli mənzil girov qoyulmuşdur. Bu kredit müqaviləsi üzrə öhdəliklər vaxtı-vaxtında icra olunmuş, lakin 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin kəskin şəkildə artması ilə əlaqədar kredit götürən İddiaçı2 maddi vəziyyəti çətinləşdiyi üçün bu kredit müqaviləsi üzrə aylıq ödənişlərdə problemlər yaranmağa başlamış, dəfələrlə həmin bu problemin qarşılıqlı razılaşma ilə həll olunması üçün banka müraciət olunsa da, heç bir faydası olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1223/2017 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək, həmin kredit müqaviləsi üzrə hesablanmış borc pulun onlardan tutulması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və Qaradağ Rayon İcra və probasiya şöbəsi tərəfindən icra olunmuşdur. Belə ki, bu mənzilin satışı ilə əlaqədar icra şöbəsi tərəfindən hərrac mərkəzinə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmiş və hərrac təşkil olunmuşdur. Lakin keçirilmiş hərrac baş tutmadığı üçün mənzil hərrac mərkəzi tərəfindən cavabdeh “xxxxxxx” KB ASC-yə təklif edilmiş və bank da həmin təklifi qəbul edərək bu mənzili mülkiyyətinə keçirmişdir. Cavabdeh tərəfindən təşkil edilmiş bu hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və 416-cı maddələrinin tələblərinin pozulması ilə aparılmış, hərracın keçirilməsindən ümumiyyətlə mülkiyyətçi İddiaçı1 məlumatı olmamış və ona bildiriş göndərilməmişdir. Həmçinin, hərrac baş tutmadıqdan sonra bu mənzilin alınması ilə əlaqədar da ona heç bir təklif edilməmişdir. İddiaçı2 da bu hərracdan məlumatı olmamış və o da hərracın keçirilməsi prosesində iştirak edə bilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 711/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hərracdan məlumatlı olmamışlar, cavabdehin təqdim etdiyi poçt qəbzlərində onun adı göstərilsə də, imza ona məxsus deyildir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. “xxxxxxx” KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 50BK/12 nömrəli əlavə kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borcverən borcalana 36 ay müddətinə illik 24% olmaqla 22.000 ABŞ dolları məbləğində kredit vermişdir. “xxxxxxx” KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 50Bki/12 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, qeyd edilən müqavilə “xxxxxxx” KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 50BK/12 nömrəli əlavə kredit müqaviləsi əsasında verilmiş kredit məbləğinin hesablanmış faizlərlə qaytarılmasının təminatı kimi çıxış etmiş, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli 01 nömrəli və xx xxxx 2019-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinə 35.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin 15-xx xxxxxx 2019-cu il tarixli 154 nömrəli və 01-xx xxxx 2019-cu il tarixli 156 nömrəli buraxılışlarının surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinin 35.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş xx xxxx 2019-cu il tarixdə İddiaçı2 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair xx xxxx 2019-cu il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinə 29.750 manat məbləğində (35.000-15%=29.750) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2019-cu il tarixli 159 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinin 29.750 manat məbləğində (35.000-15%=29.750) açıq auksion formasında hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş xx xxxxx 2019-cu il tarixdə İddiaçı2 tərəfindən qəbul edilmişdir. “Birja yenilikləri” qəzetinin 12-xx xxxxx 2019-cu il tarixli 162 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Qaradağ Rayon İcra və probasiya şöbəsinə, “xxxxxxx” KB ASC-yə, İddiaçı2 ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsinin xx xxxxxx 2019-cu il tarixli xx/xx-305146/1 nömrəli sifariş məktubuna əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxx 2019-cu il tarixli buraxılışında elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən məktub xx xxxxx 2019-cu il tarixdə İddiaçı2 tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1223/2017 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək, “xxxxxxx” KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 50BK/12 nömrəli əlavə kredit müqaviləsi üzrə hesablanmış borc pulun iddiaçı şəxslərdən tutulması və tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Qaradağ Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Müvafiq icra şöbəsinin xx xxxxxx 2019-cu il tarixli xx/xx-305146/1 nömrəli sifariş məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 29A nömrəli evin 44 nömrəli mənzilin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxx 2019-cu il tarixli buraxılışında elan dərc edilmişdir. Hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı2 göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. Həmin hərracların keçirilmə vaxtı və yeri barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur. İş materiallarından göründüyü kimi, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən İddiaçı2 qeydiyyatda olduğu ünvan 2 A, 44 nömrəli ünvanına göndərilmişdir (poçt qəbzinə imza edilməklə qəbul edilmişdir). İddiaçı2 apellyasiya şikayətində poçt qəbzindəki imzanın ona aid olmadığını göstərərək, həmin bildirişi almadığıb bildirir, Kollegiya qeyd edir ki, həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçılara qabaqcadan məlum olmuşdur və iddiaçılar özləri də ən azı mənzilin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdilər. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçıların məlumatı olmuşdur. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, mənzil təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə “xxxxxxx” KB ASC-yə təklif olunmuşdur. İpoteka saxlayanın ipoteka predmetini alması üçün hər hansı hərrac keçirilməsinə və bunun üçün elan dərc etməyə və maraqlı şəxslərə bildiriş göndərməyə lüzum yoxdur. Hazırki işdə təkrar hərrac xx.xx.2019-cu ildə keçirilmiş və hərrac baş tutmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, “hərracın nəticələrinin etibarsız hesab edilməsi” üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar