Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7468/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(006)-3353/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: X26 oğlu ilə LPO Cavabdeh1 ASC arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq isə X19 ilə LPO Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, hazırki iş üzrə iddiaçı və onun ailəsinin də yaşadığı ünvan, yəni ünvan 1vi ipoteka ilə yüklü edilmişdir. Öhdəlik vaxtında yerinə yetirilmədiyindən Bank iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında borc ipoteka ilə yüklü edilmiş evə yönəldilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsi bağlandığı zaman onun həmin evdə yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü qızına münasibətdə Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun alınmamasını əsas gətirərək sözügedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X19 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-ci il tarixdə Ağdaş şəhərində 3M-73 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilə Cavabdeh2 təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********85- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, X13 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evidir. Kredit müqaviləsi üzrə kredit borcu vaxtında ödənilə bilinmədiyinə görə iddiaçı "Atabank” ASCnin cavabdehlər X26 oğluna, X13, X6, X7, İddiaçı, X17 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-59/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə “26 iyul 2013-cü il tarixli GYF 8215 saylı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X14 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X15 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş- Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X14 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyənləşdirilməsi və hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən X26 oğlunun 26 iyul 2013-cü il tarixli GYF8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN manat məbləğində borcunun yönəldilməsinə yönəldilməsi, cavabdeh X14 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur”. Verilmiş şikayətlərə əsasən həmin iddiaya sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X14 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin məbləği 70.300 manat məbləğində təyin olunmuşdur. Hal-hazırda, məhkəmə işi yekunlaşmış və qətnamə icra olunması üçün Ağdaş Rayon İcra şöbəsinə göndərilmişdir. Borcun əsas hissəsi ödənildiyinə görə, bugünkü günə qətnamə üzrə ödənilməli məbləğ 16911 manat təşkil edir. Kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X19 və onun həyat yoldaşından başqa, oğlu X10 və onun ailə üzvləri, hazırki iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X16 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisələnən ipoteka müqaviləsi bağlanarkən iddiaçının böyük qızının 3 yaşı tamam olmuşdu, kiçik qızı isə hələ dünyaya gəlməmişdi. Həmin dövrdə hesab edilirdi ki, kredit götürən qohumları X26 oğlu kredit məbləğini vaxtında qaytaracaq və yaşadıqları evlə bağlı problem olmayacaq. Lakin, reallıq ondan ibarətdir ki, hazırda cavabdehin ödəmə qabiliyyəti çox zəifdir və ancaq hissə-hissə ödəməklə öhdəliyi icra edə bilər. Borclu borc məbləği üzrə ödəniş edir, lakin birdən birə qətnamə üzrə borcu tam ödəməyə gücü çatmır. Nəzərə alınmalıdır ki, icra rəsmi olaraq borc tam ödənilmədiyi təqdirdə yaşadıqları fərdi yaşayış evini hərraca çıxara bilər. Göstərilən səbəblərdən yaşadıqları evin icra qurumu tərəfindən hərracdan satılma ehtimalı artdığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 30 iyul 2013-ci il tarixli 27 sentyabr 2011-ci il tarixli, 3M-73 saylı ipoteka müqaviləsi etibarsızdır. Çünki həmin ipoteka müqaviləsi imzalanarkən iddiaçının övladı X4 hüquqları kobud şəkildə pozulmuşdur. Evə dair Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşağı xx.xx.2009-cu il təvəllüdlü X4 yaşadığı məlum olardı. Halhazırda isə fərdi yaşayış evində iki azyaşlı uşağı yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları kobud şəkildə pozulacaqdır. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik Orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki, həm Cavabdeh2, həm də Cavabdeh1 ASC bundan xəbərdar olmuşlar və bu arayışı vətəndaşdan tələb etməli idilər. Göründüyü kimi ipoteka müqaviləsi Cavabdeh2 tərəfindən törədilmiş ciddi qanun pozuntusu mövcudluğu şəraitində təsdiq edildiyindən etibarsızdır. Yəni azyşalı uşaqlarının gələcəkdə yeganə yaşayış yerlərindən məhrum olmaları ilə nəticələnə biləcək müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən, X19 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə, 3M-73 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(006)- 3353/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını əsas gətirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz kimi hüquqi mövqe ortaya qoymuşdur. Göründüyü kimi qanunvericilikdə mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Göründüyü kimi bu əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. İddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Bundan başqa, əqdin etibarsızlığı barədə iddia vermək üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətdə keçmişdir. Etibarsız əqdlərdə müddət iddia müddəti kimi deyil kəsici müddət kimi götürüldüyündən əqdin imzalandığı andan müddət axımı başlayır ki, bu müddətdə 30 iyul 2013-cü il tarixdən hesablanmaqla artıq üzərindən 10 (on) ildən çox müddət keçmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1, 269 və 324.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217, 218 və 220-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək əsaslandırmışdır. İddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını bu tətbiqi uğursuzdur. Belə ki, istinad olunan qərarda göstərilir: “Qeyd olunanlara uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edirki, Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda normativ qaydada tələb olunmasa da, ipoteka qoyan onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərini və digər şəxsləri yaşayış evinin və ya mənzilin ipoteka qoyulduğu barədə məlumatlandırmalı, həmçinin ipoteka müqaviləsinin bağlanması zamanı həmin şəxslər barədə notariusa məlumat verməlidir.” Konstitusiya Məhkəməsinin Qərarında “Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” göstərilsə də, Qərarda “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə istinad edilərək vurğulanır ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə(mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır.” İddia tələbi Mülki Məcəllənin 271.1-ci maddəsinin tələblərinin pozulması əsası ilə yox, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 20-cimaddələrinin tələblərinin pozulması əsası ilə verilmişdir. Kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X19 və onun həyat yoldaşından başqa, oğlu X10 və onun ailə üzvləri, hazırki iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X16 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən böyük qızlarının 3 yaşı tamam olmuşdu, kiçik qızları isə isə hələ dünyaya gəlməmişdi. Aydındır ki, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılığı alınmalı idi. Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Azyaşlı uşaqlara münasibətdə bu, Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubu olmalı idi. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşaq xx.xx.2009-cu il təvəllüdlü X4 yaşadığı məlum olardı. Hal-hazırda isə fərdi yaşayış evində iki azyaşlı uşaq yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları pozulmuş olur. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki, həm Cavabdeh2, həm də Cavabdeh1ASC bundan xəbərdar olmuşlar və bu arayışı vətəndaşdan tələb etməli idilər. Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun olub-olmamağı barədə məlumat əldə olunması üçün Ağdaş rayon İcra Hakimiyyətinə vəkil sorğu ünvanlanmışdır. Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 28 noyabr 2022-ci il tarixli, 08-1014 nömrəli cavab məktubunda “ipotekanın predmeti olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklənməsinə razılıq verilməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasında heç bir məlumat yoxdur”qeyd edilmişdir. Məhkəmə qətnamədə iddia müddətinin ötürülməsi məsələsinə qiymət vermişdir. Qətnamədə göstərilən hal Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. , Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020ci il tarixli qərarı Mülki Məcəllə: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin materiallarından görünür ki, X26 oğlu ilə LPO Cavabdeh1 ASC arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq isə X19 ilə LPO Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, hazırki iş üzrə iddiaçı və onun ailəsinin də yaşadığı ünvan, yəni ünvan 1vi ipoteka ilə yüklü edilmişdir. Öhdəlik vaxtında yerinə yetirilmədiyindən Bank iddia qaldırmış və Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16411,12 manat borc və 3000 manat cərimə borcu olmaqla, cəmi 19411,12 manat borcun cavabdeh X26 oğlundan alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, 26 iyul 2013-cü il tarixli, GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X13 məxsus ünvan 1vinə və cavabdeh X15 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X13 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış, evinin hərracda ilkin satış qiymətinin 72000 manat məbləğində və cavabdeh X15 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin X26 oğlunun 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19411,12 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, cavabdeh X13 məxsus ünvan 1vinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdeh X26 oğlundan alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(107)-783/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümumi məbləğ hissəsində dəyişdirilərək, cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911,12 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2043/2022 saylı qərarı ilə cavabdeh X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021 -ci il tarixli, 2(107)-1101/2020 nömrəli qətnaməsinin qismən, yəni ipotekaya qoyulmuş X11 mülkiyyətində olan ünvan 1vinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipotekaya qoyulmuş X11 mülkiyyətində olan ünvan 1vinin ilkin satış qiymətinin 70300 (yetmiş min üç yüz) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Beləliklə də müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında borc ipoteka ilə yüklü edilmiş evə yönəldilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsi bağlandığı zaman onun həmin evdə yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü qızına münasibətdə Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun alınmamasını əsas gətirərək sözügedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İş materiallarından görünür ki, X16 xx.xx.2016-cı il tarixdə, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuş, ataları X10, anaları İddiaçıdır . Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh2na İddiaçı tərəfindən ünvanlanan 26 iyul 2013-cü il tarixli ərizəsi ilə o, ünvan 6da xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 243.62 kv.m yaşayış sahəsi 163.54 kv.m, yardımçı sahəsi 80.08 kv.m olan fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişdir. İş materiallarında olan 30 iyul 2013-cü il tarixli “ipotekanın əlavə qeydiyyatı haqqında” Razılaşmanın surətindən görünür ki, Cavabdeh1 ASC-nin Göyçay filialı, X19 və X26 oğlu arasında razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2 bəndlərinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. 09 avqust 2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilən Açıq hərracın keçirilməsinə dair 284№-li Bildirişdən görünür ki, Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin dəyəri 70.300 manat olmaqla 29 avqust 2022-ci il tarixdə, saat 11:00-da ünvan 7 ünvanında açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Həmçinin borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Göründüyü kimi, qanunvericilikdə mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmamasının girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsinə dair hüquqi mövqe sərgiləmiş Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını rəhbər tutaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının tələbində göstərdiyi əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. Bundan başqa apellyator şikayətin dəlillərində mübahisəli evin ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılığının alınmalı olduğu halda alınmadığını, bu qaydaya nə Cavabdeh2, nə Cavabdeh1 ASC-nin, nə də ipoteka qoyan şəxslərin riayət etmədiyini göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlaklar ipoteka ilə yüklü edilən zaman mənzildə yaşayan yetkinlik yaşına çatmayan uşaqlarla bağlı Qəyyumluq və Himayəçilik Orqanlarının razılıq məktubunun alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda nə Cavabdeh2, nə də Cavabdeh1 ASC -nin qanunvericiliyin hansı normaları pozduğu başa düşülən deyil.
Həmçini məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamamasına dair qənaəti ilə yanaşı, iddiaçının hazırki iddianı iddia vermək üçün nəzərdə tutulmuş 1(bir) illik müddətdə keçməsinə dair nəticə ilə razılaşır. Belə ki, qanunvericiliyə əsasən etibarsız əqdlərdə müddət iddia müddəti kimi deyil kəsici müddət kimi götürüldüyündən əqdin imzalandığı andan müddət axımı başlayır ki, bu müddətdə 30 iyul 2013-cü il tarixdən hesablanmaqla artıq üzərindən 10 (on) ildən çox müddət keçmişdir. Kollegiya apellyatorun nəzərinə çatdırır ki, iş üzrə kəsici müddət tətbiq olunarkən müddətlə bağlı ərizənin verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. (Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsini ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eləcə də iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(006)- 3353/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə