Məhkəmə qərarları › İş №2(103)-7473/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7473/2021

13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7473/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 aprel 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona qanunsuz hesablanmış 384 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1-ci sahə, ev 1, mənzil 227 cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq mənzildən kənarda qaz sayğacı quraşdırılmışdır. Quraşdırılmış “İTRON G-4” markalı 1102AQ**********7 saylı qaz sayğacı Birliyin əməkdaşları tərəfindən ******* saylı akt tərtib etməklə çıxarılmış yerinə yeni “SMART” tipli, “Gallus Pay G-4” markalı, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Yoxlanılması üçün əvvəlki sayğac Birliyin əməkdaşları tərəfindən müvafiq laboratoriyaya göndərmişlər. Bir müddət sonra isə cavabdeh Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğaca müdaxilə olunduğu üçün ona əlavə sərfiyyata görə 1.335 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının bu hərəkətlərini əsassız hesab edərək Birlik tərəfindən əsassız hesablanmış həmin borcun silinməsi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsinə (İş № 2(001)-903/2020) əsasən iddiaçıya hesablanmış borc əsassız hesab edilərək silinmişdir. Buna baxmayaraq Birlik, əvvəlki borcun hesablanmasına əsas olmuş ******* saylı, 16.03.2018-ci il tarixli akta əsaslanaraq iddiaçıya bu dəfə 384 manat məbləğində borc hesablamışlar. İddiaçı cavabdeh Birliyin bu hərəkətini də əsassız hesab edir, çünki o özü və ailə üzvləri heç bir vaxt qaz sayğacına hər hansı müdaxilə etməmişlər. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlıvaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ünvanında quraşdırmış qaz sayğacına dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilikdə 384 manat dəymiş ziyan hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamşdır. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Birlik tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli hesablama sənədindən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçının **********02270 saylı abonent hesabından 2021-ci ilin yanvar ayında 1.335 manat borc silinmiş, lakin həmin ay üzrə 389,4 manat borc hesaba daxil olmuş və cari borc 389,4 manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsindən (İş № 2(011)-903/2020) görünür ki, Cavabdeh tərəfindən İddiaçı **********02270 saylı abunə koduna hesablanmış 1.335 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, hesablanmış borc məbləği İB tərəfindən tərtib olunmuş ******* saylı, 16.03.2018-ci il tarixli aktdan irəli gəlir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının **********02270 saylı abunə koduna ******* saylı, 16.03.2018-ci il tarixli akt əsasında hesablanmış 1.335 manat məbləğində borc qanuni qüvvəyə minmiş və Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04.09.2020-ci il tarixli qətnamə əsasında silinmişdir. Lakin bundan sonra iddiaçı Birlik tərəfindən eyni akta əsasən iddiaçıya yenidən borc hesablanmış və 2021-ci ilin yanvar ayı üzrə 389,4 manat borc müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura (sayğacın klapanının sınmasına, qaz sayğacının çıxış plastmas borusu deşilməsinə) görə iddiaçı cavabdehlik daşıya bilməz. Qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Yuxarıda qeyd edilmiş aktlarda iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğaclarında nasazlıqların aşkar edilməsi qeyd edilsə də, həmin nasazlıqların məhz iddiaçı tərəfindən sayğaca edilməsini təsdiq edə biləcək sübutlar cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı tərəf məsuliyyət daşımır. Yuxarıda qeyd edilən aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək sübutun cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Odur ki, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və 01.01.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar