Məhkəmə qərarları › İş №2(103)-7475/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7475/2020

05.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7475/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-6158/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhər 39 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 verilmiş xx xxxxxx 2018-ci il tarixdə, 2V- 81 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun X5nun mülkiyyətində olmuşdur. X5 xx xxxx 1985-ci il tarixdə rəhmətə getmişdir. X1 babasının sağlığında və rəhmətə getdikdən sonra da həmin fərdi yaşayış evində yaşamışdır. Vaqif Abasquliyev miras qalmış əmlakı faktiki qəbul edərək, ondan rəhmətə gedənə qədər istifadə etmişdir. X1 xx xxx 2018-ci il tarixdə rəhmətə getmişdir. Atasından qalmış miras əmlakları onun tərəfindən qəbul edilmiş, vərəsəlik haqqında şəhadətnamə alınmışdır. Bir ay əvvəl isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdiriməsi ilə əlaqədar notariat kontoruna müraciət etmişdir. Lakin məlum olmuşdur ki, Bakı şəhəri 39 saylı notariat kontoruna vərəsəlik işi açılmış və bibisi Cavabdeh1 və əmisi Cavabdeh2 adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Lakin notariat kontorunda vərəsəlik əhatəsi müəyyən edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atasının da vərəsə olması, mirası faktiki qəbul etməsini notariat kontorundan gizlədərək, atasının rəhmətə getməsindən istifadə edərək, öz adlarına vərəsəlik şəhadətnaməsi almışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-6158/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə verilmiş 2V-81 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 paylarının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin atası və iddiaçının babası 1985-cı ildə vəfat etmişdir. Mərhumdan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Ev sahibi vəfat etdiyi zaman mirasda Cavabdeh1 və Cavabdeh2 yaşamışlar və faktiki olaraq mirası qəbul edərək bu günə kimi idarə edirlər. İddiaçının atası mərhum Abasquliyev Vaqif hələ atasının ölümündən əvvəl 1979-cu ildə evdən qeydiyyatdan çıxaraq ailəsi ilə başqa ünvanda yaşamışdır, yəni mirası faktiki olaraq qəbul etməmişdir və 1985-ci ildə miras açıldığı vaxtdan Vaqif özü vəfat edənədək, yəni 1918-ci ilə qədər mirasın qəbul edilməsi üçün müraciət etməmiş, nədə mübahisə açmamışdır. Buna baxmayaraq, məhkəmə heç bir qanuna uyğun əsaslar göstərmədən mirasın faktiki olaraq qəbul edilməsini təsdiq edərək əsassız iddianı qismən təmin etmişdir. Məhkəmənin qətnamədə göstərdiyi Mülki Məcəllənin 1243-cü maddəsinin tələbləri məhz mirası qəbul etmiş Cavabdeh1 və Cavabdeh2ə aiddir. Məhkəmə isə qanunun tələblərini pozaraq həmin maddələrdə göstərilən halları əsaslı qəbul etməyən şəxsə də aid etmişdir. Bununla məhkəmə maddi hüquq normalarının kobud surətdə pozulmasına yol vermişdir. Eyni zamanda məhkəmə mirası qəbul etməyən və uzun illər sağlığında mirası qəbul etməsi üçün notariusa müraciət etməyən, yaxud mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisə açmayan bir şəxsi yanlış şahid ifadələrinə əsasən vərəsə hesab etmişdir. Bununla qəti razılaşmaq olmaz. Belə ki, məhkəmə iclasında ifadə verən şahidlərdən heç biri qəti olaraq miras açılan zaman, yəni 1985-ci ildə müəyyən müddət mirasda yaşadığını təsdiq etməmişlər. Şahidlər qonşu olaraq mərhum Abasquliyev Vaqifi tanıdıqlarını bildirdilər və "yəqin və ya "ola bilər ki" orada yaşamışdı göstərdilər. Dəqiq və mötəbər olmayan şahidləri məhkəmə qanunsuz olaraq sübut kimi qiymətləndirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1247/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-6158/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(102)-1247/20 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1247/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(102)-1247/20 qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X11 məxsus olmuşdur. Sonuncu xx.xx.1985-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra 4 övladı qalmış, övladlarından ikisi vəfat etmişdir. Miras qoyanın xx.xx.2018-ci ildə vəfat etmiş övladı X3 digər bacısı Cavabdeh1 və Cavabdeh2 birinci növbədə vərəsə kimi birlikdə miras əmlakda yaşayaraq, faktiki sahiblik etmişlər. X2 ölümündən sonra oğlu İddiaçı da qanun üzrə birinci növbədə vərəsə kimi miras əmlaka faktiki sahiblik etmişdir. Odur ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı babası X14 vəfat etdiyi üçün atasının qanun üzrə vərəsəsidir. İddiaçının mərhum atası mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, X8 vəfatından sonra həmin ünvanda yaşaması övladların həmin ünvanda yerləşən məktəbə getməsi, bu halın şahid ifadələri ilə təsdiq olunması ilə müəyyən edilir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə verilmiş 2V-81 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1/3 hissədə payı müəyyən etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının miras tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə babası X16 miras qalmış payın atası Vaqif Abasquliyev tərəfindən qəbul edilməsinə əsaslanır. Belə olan halda sözügedən mirasın iddiaçının atası tərəfindən qəbul edilməsi və mülkiyyətinə keçməsi halını sübuta yetirmək iddiaçının üzərinə düşür. Məhkəmələr sözügedən qəbul faktı ilə bağlı nəticəyə gələrkən şahid ifadələrinə əsaslanmışlar. Lakin Kollegiya hesab edir ki, şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi üçün aşağıdakı hallar nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə görə, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. İddiaçının atasının mirası qəbul etməsini təsdiq edən şahid kimi dindirilmiş X4 iddiaçının qardaşıdır. Belə olan halda, həmin şahidin özünün də əmlak marağına, yaxud yaxın qohumluq əlaqəsinə görə iddiaçının xeyrinə ifadə verməsi istisna edilə bilməz. Şahid kimi dindirilmiş Akif Zəkiyev, iddiaçının atası Vaqif Abasquliyevin miras açılarkən mübahisəli evdə yaşadığını bildirsə də, digər şahidlər Sadıx Həsənov və Aqil Dadaşov bu faktı təkzib etmişlər. Bundan əlavə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin 2293 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, mərhum X19 ölüm gününədək Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, ev 47-də yaşamışdır. Həmin arayışda vəfat edən gündən S.K.Məmmədlə birlikdə həmin ünvanda qeydiyyatda olan şəxslər sırasında iddiaçının atası qeyd edilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, şahid ifadələri mirasın qəbulu faktı ilə bağlı yekun qənaətə gəlmək üçün kifayətedici sübutlar sayıla bilməz. Həmin ifadələr işdəki digər sübutlarla birlikdə əlaqəli şəkildə qiymətləndirilməli, mübahisəli faktın təsdiq, yaxud inkar etməsi baxımından onların mötəbər və kifayət olubolmamasına əsaslandırılmış hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil bildirdi ki, iddiaçının atası 33 il ərzində notariusa müraciət etməyib və mirası qəbul etməyib. Mirasın faktiki qəbul olunması və ya qanun üzrə vərəsəlik təsdiq olunmur. Məmməd iki ay ərzində müraciət etməli idi ki, miras düzgün qəbul edilməyib. İddiaçının atası sağ olanda miras paydan ona heç nə lazım olmadığını bildirmişdir. Hazırda iddiaçı atasının iradəsinin əksini edir. Hüseynin 3 övladı var, bacısının isə övladı yoxdur. İddiaçının atası 1979-cu ildə qeydiyyatdan çıxıb, uşaqları isə orada yaşamayıb. Atasının yas mərasimində iddiaçının atası iştirak etməyib. Həmin evdə əşyaları yoxdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirdi ki, vəkilin dediklərini təsdiq edir. Qardaşı miras evdə 1979-cu ilədək yaşayıb. 1979-cu ildə atası ilə mübahisələri düşdüyü üçün evdən getmiş və qeydiyyatdan da çıxmışdır. Məmməd anadan olandan digər babasının evində yaşayıb və orada qeydiyyatı var. Özü miras evdə anadan olmuş və həmişə orada yaşamış, indi də bacısı ilə orada yaşayır. 2018-ci ildə qardaşı vəfat etdi. 2-3 ay sonra notariusa müraciət etmişdir. Evin açarları onda var. İddiaçıda isə açarlar yoxdur. Məhkəmə iclasında İddiaçı bildirdi ki, miras evin yerləşdiyi həyətdə 3 ayrı tkili mövcuddur. Tikililərdən birində həmişə onların ailəsi yaşamışdır. Sonradan isə qardaşı evləndikdən sonra ailəsi ilə birgə həmin evdə yaşamışdır. Məktəbi bitirənədək həmin evdən məktəbə getmişlər. Onların yaşadığı evdə cavabdehlərə aid heç bir əşya yoxdur. Atası tərəfindən yaşadıqları evin qarşısında artırma işləri də görülmüşdür. Həmin evin açarları da ondadır. Digər tikilidə isə bibisi yaşayır. Əmisi Hüseyn isə orada yaşamır. Babası öldüyü vaxtdan atası və onlar həmin evdə yaşamışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X6 bildirdi ki, işə rayon məhkəməsində baxılanda onların şahidlərinə limit qoyulmuşdu. Yalnız ikisi dindirilmiş, qalanları dindirilməmişdir. İddiaçının gətirdiyi şahidlər də təsdiq edir ki, Məmməd və qardaşı o evdə yaşayıblar. Məhkəmə iclasında iştirak etmiş cavabdeh 39 saylı notariat kontorunun notariusu Qasımlı Rövşən Yaşar oğlu bildirdi ki, ailəni, yəni iddiaçı və cavabdeh tərəfi yaxından tanıyır. İddiaçının atası tərəfindən miras fərdi yaşayış evinin faktiki olaraq qəbul edildiyindən və vərəsə olduğundan məlumatlı idi. Çünki, miras qoyan vəfat etdikdən sonra iddiaçının atası həmin ünvanda yerləşən evlərdən birində ailəsi və uşaqları ilə birgə yaşamışdır. Bunu iddiaçının atası ilə şəxsi münasibətləri olduğu üçün dəqiq bilirdi. Buna baxmayaraq, miras fərdi yaşayış evinə dair yalnız cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Buna görə, yəni digər vərəsəninin olduğunu nəzərə almadığına görə də, rəhbərliyi tərəfindən cəzalandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, Cavabdeh2 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X15 xx.xx.1985-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçının atası babasının vəfatından keçən müddət ərzində mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə ailə üzvləri ilə birgə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariusa və ya məhkəməyə müraciət edilməli olması dəlili əsaslı hesab oluna bilməz. Bundan əlavə, iddiaçının atası doğulduğu vaxtdan mübahisəli miras evdə yaşayıb. Bu işin mübahiəsələndirilməyən halıdır, yəni cavabdeh də bu faktı təkzib etmir. Mübahisələndirdiyi hal isə odur ki, iddiaçının atası 1979-cu ilədək mübahisəli miras evdə yaşamış, lakin atası ilə mübahisə etdiyi üçün həmin ildə evdən və qeydiyyatdan çıxmış, başqa yerdə yaşamışdır. Lakin yeni apellyasiya baxışı zamanı mübahisəli ünvandakı miras əmlaka yerində baxış keçirilərkən cavabdehlərin hər ikisi 1985-ci ildə atası vəfat edərkən qardaşı Vaqifin bütün yas mərasimlərində iştirak etməsini, eləcə də artıq ataları vəfat etdiyi üçün həyətdəki evlərin birində ailəsi ilə birgə uzun müddət yaşadığını təsdiq etmişlər. Belə ki, Cavabdeh2 hətta yas mərasimindən sonra qardaşı Vaqifin kirayədə yaşadığına görə ona qayıdıb ata evindəki tikililərin birində yaşamasını təklif etdiyini, bundan sonra qardaşı Vaqifin ailəsi ilə birgə mübahisəli ünvandakı tikililərin birində ailəsi və uşaqları ilə uzun müddət yaşamasını təsdiq etdi, lakin sonradan qardaşının yenə də anası ilə problemləri olduğuna görə yenidən evdən getdiyini bildirmişdir. İddiaçının və qardaşının da orta məktəbə miras evdən getdiklərini təsdiq etmişdir. Bundan başqa, mübahisəli ünvana yerli baxış zamanı o da müəyyən olundu ki, həmin həyətdəki tikililərdən birinin açarı iddiaçı tərəfdə olmuşdur. Digər tikililərdən ayrı olan, eləcə də ayrıca 2 otağı və sanitar qovşağı olan həmin tikiliyə baxış zamanı orada cavabdehlərə aid hər hansı bir əşyanın olmadığı, yalnız iddiaçı tərəfə aid əşyaların olduğu təsdiq olundu. Yerli baxış zamanı iddiaçı yaşadıqları həmin tikilinin qarşısında atasının əlavə tikinti(artırma) inşa etdirdiyini bildirmiş və bunu cavabdeh tərəf də inkar etməmiş, yalnız bunun özbaşına inşa olduğunu söyləmişdir. Göründüyü kimi, iddiaçının atası ailəsi ilə birlikdə miras qoyanın vəfatından dərhal sonra mübahisəli ünvandakı tikililərdən birinə köçərək orada ailə üzvləri ilə birlikdə uzun müddət yaşaması bilavasitə mirası qəbul etməsini təsdiq edir. Bundan savayı, iddiaçının atasının miras qoyan öldüyü vaxt miras evdə qeydiyyatda olmaması miras əmlakı faktiki qəbul etmədiyinə dəlalət edə bilməz. Çünki, qeydiyyatın başqa ünvanda olması mirasın faktiki qəbuluna hər hansı bir təsiri yoxdur. Qeydiyyat dövlətlə onun ərazisinə yaşayan şəxslər arasında olan münasibətləri tənzimləmək üçün nəzərdə tutulan inzibati xarakter daşıyan bir aktdır. Ona görə də, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin 2293 nömrəli, xx.xx.2018-ci il tarixli arayışında miras qoyanla birlikdə həmin ünvanda qeydiyyatda olan şəxslər sırasında iddiaçının atasının qeyd edilməməsi mirasın faktiki qəbul edilməsini qətiyyən istisna etmir. Cavabdehin iddiaçının atasının uzun illər sağlığında mirası qəbul etməsi üçün notariusa müraciət etməməsinə yaxud mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisə açmadığına görə vərəsə hesab edilə bilməz kimi dəlilləri də özü-özlüyündə əsassızdır. Çünki, qeyd olunduğu kimi vərəsə mirası notariusa yaxud məhkəməyə müraciət etmədən də qəbul edə bilir. Bunun üçün yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulan mirasın faktiki qəbulu üsulu vardır və iddiaçının atasının da bu üsulla mirası faktiki qəbul etməsi yeni apellyasiya baxışı zamanı bir daha tam təsdiq olundu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6158/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar