Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7477/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-3289/2021 saylı iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 831.60 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacı aparıldıqdan sonra sayğacda problem olduğu və bununla bağlı sayğacın pulunu ödəməli olduğu ona bildirilmişdir. İddiaçıdan 831.60 manat borcun ödənilməsini tələb etmişlər. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-3289/2021 saylı iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 831.60 (səkkiz yüz otuz bir manat altmış qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaların böyük əksəriyyətində qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh İB-nin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılamsının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilmə ehtimalını nəzərə almayıb, halbuki müdaxilə faktına görə müvafiq akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11 sentyabr 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi dövlət plomblarının fərqli olması olmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci ilə abonentin 831.60 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 831.60 manat borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9- cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə olan halda kollegiya akta əsasən hesablanmış 831,60 manat borcun tələb edilməsini əsaslı hesab etmir. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. MPM-nin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-3289/2021 saylı iş üzrə qəbul etdiyi 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7477/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7477/2021
15.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver