Məhkəmə qərarları › İş №2(103)-748/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-748/2025

11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-748/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı “mübahisəli avtomobilə dair bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və mübahisəli mənzilə pay hüququnun tanınması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İş üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi bina 25-də yerləşən iki otaqlı 397 saylı mənzil üzərində mərhum atasının – X3 1/2 hissədə pay hüququnun tanınması, həmin mənzilə dair hədiyə verən olaraq Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış və Bakı Şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisini tərəfindən xx.xx.2022ci il tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-1480 nömrə ilə qeydə alınmış “Bağışlama müqaviləsinin” qismən etibarsız hesab edilməklə həmin mənzilə dair atasının mirası üzrə 1/2 hissə olmaqla ümumi əmlakda onun 1/4 hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” X10 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə həmin mənzilin real bazar dəyərinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi, atasına məxsus olamuş “Hyunday Elantra” markalı **-UT-*** dövlət nömrə nişanlı avtomaşına dair verilmiş və Bakı Şəhəri 18 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-21619 nömrə altında qeydə alınmış etibarnamənin etibarsız hesab edilməsi, həmin avtomobilin alğı-satqısına dair bağlanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda həmin avtomobilin real bazar qiymətinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlaklar 2 müxtəlif bank hesabında olan əmanət depoziti, iddia ərizəsində qeyd edilən avtomobil və Vaqif Qarayev ilə Cavabdeh1 birgə nikahları dövründə əldə olunmuş və iddia ərizəsində qeyd edilən mənzildən ibarət olmuşdur. Bank hesabları üzrə vərəsəlik bölgüsü Bakı Şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən həll edilmiş, hesablardakı vəsaitin 1/4 hissəsi iddiaçıya, 3/4 hissəsi isə mərhumun arvadı Cavabdeh1 verilmişdir. Vərəsəlik işinin icraatı zamanı həmçinin müəyyən olunmuşdur ki, mərhum Vaqif Qarayevin vəsaiti hesabına alınmış, lakin arvadı Cavabdeh1 adına rəsmiləşdirilmiş mənzil Vaqif Qarayevin ölümündən dərhal sonra, yəni xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh1 tərəfindən öz qardaşına – Cavabdeh2 bağışlanmışdır. Həmin bağışlamada məqsəd göstərilən mənzilə 1/2 pay hüququ olan miras qoyanın irsindən iddiaçı tərəfindən vərəsə kimi pay almasının əngəllənməsi olmuşdur. İddiaçının həmin mənzil üzərində olan hüquqları bərpa olunmalıdır. Qeyd olunan bağışlama həyata keçirilərkən hədiyyə verən Cavabdeh1 tam hüquqlu mülkiyyətçi olmamış, hədiyyə əmlakın yarısı mərhum Vaqif Qarayevin miras irsi olmuş və həmin mirasın qanunsuz bağışlanması ilə iddiaçının vərəsəlik hüquqları pozulmuş, bununla da, miras əmlakın üzərində qanunsuz sərəncam verilməsi ilə əlaqədar həmin əmlakın notarial qaydada miras kütləsinə daxil edilməsinin qarşısı alınmışdır. Bu düşünülmüş niyyətin iştirakçısı olduğu üçün Cavabdeh2 vicdanlı əldə edən sayıla bilməz. Həmin şəxs ən yaxşı halda bağışlanan əmlakın 3/4 hissəsinin mülkiyyətçisi kimi saxlanıla bilər. Bağışlama həyata keçirilən zaman iddiaçı vərəsəlik qaydasında ona düşəcək ¼ hissədə miras payından imtina etməmişdir. Cavabdehlər tərəfindən həyata keçirilən digər saxta əqd hesabına iddiaçının başqa miras payına – iddiaçının mərhum atasına məxsus olmuş avtomobildən miras payı almasına əngəl yaradılmışdır. Belə ki, DİN BDYPİ-nin 3-13-16/2- 4677/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum Vaqif Qarayevə məxsus olmuş həmin avtomobil mərhum ölüm ayağında olduğu və anlaqsız vəziyyətə düşdüyü vaxt ölümündən 9 gün əvvəl xx.xx.2023-cü il tarixdə yataqda alınmış avtomaşına sərəncam hüququ əks olunan etibarnamə əsasında həmin gün başqa şəxsin – Cavabdeh1 qardaşı oğlu Cavabdeh3 adına alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu əməliyyatı aparmaqla qanunsuz alğı-satqı rəsmiləşdirilməsində də məqsəd həmin mirasdan iddiaçıya pay düşməməsi olmuşdur. Halbuki, iddiaçının atasının xəstə halda ölüm yatağında yatdığı bütün müddət ərzində onun bütün müalicə xərclərini iddiaçı çəkmiş, hətta ona qulluq etməsi üçün əlavə iki nəfər baxıcı da tutmuşdur. Həmin avtomaşının alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. b) işdə iştirak edən şəxslərin izahatları barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, avtomobil etibarnaməyə əsasən xx.xx.2022ci il tarixdə Vaqif Qarayevə verilmiş, o, da alğı-satqı edərək avtomobili Cavabdeh3 satmışdır. Etibarnamə etibarsızdır. Belə ki, Vaqif Qarayev 3 aya yaxın müddət ərzində ağır vəziyyətdə xəstəxanada olmuş və alğı-satqı müqaviləsi də, onun vəfatından 5 gün öncə bağlanmışdır. Vaqif Qarayev həmin vaxt etibarnaməni verə biləcək halda olmamışdır. Vaqif Qarayevə həmin vaxt iki nəfər tibb bacısı baxıb. Avtomobilin qiyməti 15.000 manatdır. Bu avtomobil etibarnamə ilə iddiaçının adından Cavabdeh1, Cavabdeh1 adından isə Cavabdeh2 övladı Cavabdeh3 vermişdir. Avtomobilin hazırki sahibi Nicat Seyfullayevdir. Mübahisəli mənzil isə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmış, lakin Cavabdeh1 ilə Vaqif Qarayevin birgə nikahları dövründə alınmışdır. Lakin Cavabdeh1 mənzili qardaşı Cavabdeh2 bağışlayan zaman bunu notariusdan gizlətmişdir.

4. Cavabdeh2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 18 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı ilə şəxsin imzası alınıb və sənədləşdirmə aparılıb. Vaqif Qarayev sağ ikən Cavidə demişdir ki, əgər rəhmətə getsə avtomobil Cavidə çatmalıdır. İddiaçı Amerikada yaşayır və 31 il ərzində atasından xəbəri olmayıb. Vaqif Qarayev yataq xəstəsi olduğu üçün, notariat ofisinin nümayəndəsi evə gəlmiş və Vaqif Qarayevin şifahi razılığı ilə sənədləşmə işlərini aparmışdır. Etbarnamənin evdə evdə çap olunmasını görməmişdir. O, həmin vaxt evdə olmamış, dərman almağa getmişdir. Notariusun nümayəndəni evə Cavid gətirmişdi. Sonra nümayəndə həmin sənədləri aparıb notariusda təsdiq etdirmiş və onlara təqdim etmişdir.

5. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Vaqif Qarayevin vəfatından sonra Cavabdeh1 müraciəti əsasənda vərəsəlik işi açılmışdır. Cavabdeh1 miras əmlakı ələ keçirilmə niyyəti olmamış, onun bütün hərəkətlər qanuni şəkildə həyata keçirilmişdir. Belə ki, mənzil, Cavabdeh1 ilə Vaqif Qarayevin birgə nikahları dövründə əldə olunsa da, birgə vəsait hesabına deyil, Cavabdeh1 şəxsi vəsaiti hesabına əldə olunmuşdur.

6. Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri 4 saylı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin vəkili (nümayəndəsi) Vəkil2 iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həllini Rayon Məhkəməsinin mülahizəsinə buraxmışdır.

7. Cavabdeh3 və Rayon Məhkəməsi tərəfindən işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş 18 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmilər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2022-ci il tarixdə mabahisəli mənzilə dair bağlanmış və Bakı Şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisini tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini, mübahisəli mənzil üzərində mərhum Vaqif Qarayevin 1/2 hissədə pay hüququnun tanınaraq həmin mənzil üzərində iddiaçının 1/4 hissədə pay hüququnun tanınmasını, qətnamənin icrasının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, məhkəmə xərclərinin iddiaçıya aid edilməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022ci il tarixdə mübahisəli mənzilə dair bağlanmış “Bağışlama müqaviləsi” etibarsız hesab edilməlidir. Çünki həmin mənzil Cavabdeh1 ilə iddiaçının mərhum atası Vaqif Qarayevin birgə nikahları dövründə əldə olunmuş və səbəbdən də mənzil üzərində Vaqif Qarayevin 1/2 hissədə pay hüququ vardır. İddiaçı, mərhumun vərəsəsi olduğundan sözügedən mənzil üzərində iddiaçının 1/4 hissədə payı müəyyən edilməlidir. Çünki mənzil üzərində Vaqif Qarayevin 1/2 hissədə olan pay hüququnun yarısı (1/4 hissəsi) üzərində Cavabdeh1 da vərəsəlik hüququ var. Rayon Məhkəməsi iddia tələbinin “payların müəyyən olunması mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil üçüncü şəxsə satılaraq özgəninkiləşdirilməmişdir və hazırda Cavabdeh2 adındadır. İddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilmiş, müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində iddiaçının 1/4 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bu səbəbdən mənzilin dəyərinin bölünməsinə zərurət yoxdur. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, X8 Qarayevaya avtomobilə dair sərəncam hüququ üçün verdiyi etibarnamə qanunvericiliyin tələbinə əsasən tərtib edilmişdir. Bundan əlavə avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 övladı olan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşin hallarından müəyyən olundu ki, avtomobil birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə Vaqif Qarayevin sağlığında özgəninkiləşdirilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi bu hissədə təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

10. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

11. İddia tələbinə etirazlarının məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan və dəlillərindən görünür ki, onlar iddianın bir qisminin rədd edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmirlər.

14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın birgə vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir.

17. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

18. Cavabdeh3 və iş üzrə üçüncü şəxslərin nümayəndələri apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

19. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

20. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.1970-ci il tarixdə doğulmuş iddiaçı mərhum Vaqif Qarayevin birinci nikahdan doğulmuş övladıdır. Cavabdeh1 ilə iddiaçının atası Vaqif Qarayev xx.xx.1997-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

22. Cavabdeh1 ilə hazırkı iş üzrə tərəf olmayan X5 arasında xx.xx.2012-ci il tarixdə notariat qaydasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Vüqar Əhmədov (mübahisəli) mənzili Cavabdeh1 satmışdır.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

24. Bakı Şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisini tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-1480 nömrə altında qeydə alınmış “Bağışlama müqaviləsindən” görünür ki, Cavabdeh1 həmin mənzili qardaşına – Cavabdeh2 bağışlamışdır.

25. İşdə olan xx.xx.2023-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Vaqif Qarayevin sağ qalmış arvadı Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə mülkiyyət hüququ vardır.

26. Göstərilənlərə əsasən apellyasiya baxışının predmeti olan hissədə işin faktiki halı kimi müəyyən edilir ki, iddiaçının atası Vaqif Qarayev ilə Cavabdeh1 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Mübahisəli mənzil onların birgə nikahları dövründə, yəni xx.xx.2012-ci il tarixdə əldə olunmuş və xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh1 mənzili qardaşı Cavabdeh2 bağışlamışdır. Vaqif Qarayevin iki vərəsəsi var: iddiaçı və Cavabdeh1. Mənzil bağışlanarkən iddiaçı buna razılıq verməmişdir. Həmçinin iddiaçı mirasdan imtina etməmişdir.

27. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.).

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.).

29. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir (maddə 55.). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər (maddə 59.).

30. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).

31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır (bənd 3.6.). Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür (bənd 3.9.).

32. Cavabdeh1 mübahisəli mənzilin 2012-ci ildə öz şəxsi vəsaiti hesabına əldə edildiyini bildirən bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Bu halı nəzərə almış Rayon Məhkəməsi iddianı “mənzil üzərində mərhum Vaqif Qarayevin 1/2 hissədə pay hüququnun tanınması barədə” hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

33. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

34. Mübahisəli mənzilə 1/2 hissədə pay hüququ olan mərhum Vaqif Qarayev yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun iki vərəsəsindən biri olan iddiaçı tərəfindən mübahisələndirilən “Bağışlama müqaviləsi” isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır.

35. Ailə Məcəlləsinin 14.1-ci maddəsinə görə, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

36. “Bağışlama müqaviləsinin” mərhum Vaqif Qarayevin ölümündən sonra bağlandığını nəzərə alan Məhkəmə hesab edir ki, mənzilə dair hazırki mübahisə Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbləri çərçivəsində həll edilə bilməz.

37. Mülki Məcəllənin tələblərinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

39. Azərbaycan Respublikasını Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.

41. Mülki Məcəllənin 1159.1-ci maddəsinin tələbinə görə, hazırkı mübahisə üzrə iddiaçı və Cavabdeh1 mərhum Vaqif Qarayevdən qalmış miras payına birinci növbə vərəsə kimi bərabər pay hüququna malikdirlər.

42. Bunu bilən (yaxud bilməli olan) Cavabdeh1 iddiaçının razılığı olmadan mübahisəli mənzili əvəzsiz olaraq başqasına bağışlaması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı kimi qəbul edilməlidir. Çünki Mülki Məcəllənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.).

43. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi” hissəsində təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

45. Məhkəmə daha sonra bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, Bakı Şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən verilmiş 2V-213 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Vaqif Qarayevin sağ qalmış arvadı – iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə mülkiyyət hüququ vardır.

46. Belə olan halda, qəbul edilməlidir ki, Vaqif Qarayevin iki nəfər vərəsəsinin olmasını nəzərə almış Rayon Məhkəməsi sözügedən mənzil üzərində iddiaçının 1/4 hissədə, Cavabdeh1 isə 3/4 hissədə paylarının müəyyən olunması ilə bağlı da işin hallarına uyğun əsaslı nəticəyə gəlmişdir.

47. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili də əsassızdır.

48. Məhkəmə həmçinin Cavabdeh2 vicdanlı əldə edən şəxs olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

49. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

50. “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuş vəqanunverici daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir.

51. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da qeyd edilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.

52. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Cavabdeh2 digər Cavabdeh1 qardaşıdır. Mübahisəli mənzilin Cavabdeh1 ilə iddiaçının mərhum atası Vaqif Qarayevin birgə nikah dövründə alınmasından və iddiaçının miras qalmış əmlakda vərəsəlik pay hüququnun olduğundan xəbərdar olmuşdur. Mənzilin mərhum Vaqif Qarayevin vəfatından təxminən 1 ay sonra mirasın qəbulu üçün müəyyən olunmuş müddət bitmədən əvəzsiz olaraq ona bağışlanması halı onu deməyə əsas verir ki, Cavabdeh2 iddiaçının mənzildə olan payına münasibətdə vicdanlı alıcı hesab edilə bilməz.

53. Buna görə də, qəbul edilməlidiri ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

54. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur

55. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özlərinə aid edilməlidir.

58. Məhkəmə həmçinin bildirir ki, iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirməmiş şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyatorlar hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.

60. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. Hazırkı iş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar