Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7481/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və aktın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2546/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehin tərtib etdiyi 06.12.2017-ci ildə ******* və 17.10.2018-ci il tarixli ******* nömrəli aktların ləgv edilməsi, həmin aktlar əsasında cəmi 1385 manat cərimənin silinməsi və ödədiyi 413 manat cərimə pulunun ona geriyə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 188, döngə 18-də yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün smart itron tipli G-6 markalı 12** AQ ***12537611 nömrəli sayğac quraşdırılmışdır. 2017-ci ildə cavabdeh tərəfindən sayğaca baxış keçirilmiş, sayğacda nasazlığın yaranması səbəbindən labarotoriyaya göndərilmiş, nəticədə guya sayğaca müdaxilə etdikləri üçün barəsində 413 manat cərimə tətbiq edilmiş, həmin markalı 1605AZ**********99 nömrəli yeni sayğac quraşdırılmışdır. Onun hüquqi savadsızlığı üzündən heç bir quruma cavabdehin qanunsuz hərəkətlərindən müraciətlər və şikayətlər etməmişdır. Buna baxmayaraq həmin cəriməni iki üç dəfəyə ödəyib qurtarmışdı. Həmin cəriməni ödəməsinə baxmayaraq smart karta pul yükləyəndə ödənilən məbləğə görə qazın tez qurtarmasından şübhələndiyi üçün cavabdehə müraciət edərkən hələ onun 972 manat cərimə ödəyəcəyi 11 yanvar 2021-ci il tarixli məktubla ona bildiriş göndərilmişdir. Sayğac quraşdırılan ünvandakı evdə mütamadi, daimi yaşamır. 3-6 aydan bir 3-4 gün yaşayırlar. Onlar tərəfindən sayğaca heç bir müdaxilələr edilməmiş, sayğac yaşadıqları evin həyətindən kənar yerdə küçədə quraşdırılmışdır. Cavabdehin əməkdaşları mütamadi olaraq evdən kənar, yəni küçədə quraşdırılan sayğaca və qaz xətlərinə nəzarəti həyata keçirirlər. Sayğacın yararsız olması barədə 06.12.2017-ci ildə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin ona ünvanladığı məktubda isə 17.10.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilərək 972 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabına daxil edilmiş və etdikləri ödənişlərdən hissəhissə tutulması üçün smart payment karta yönəldilmişdir. Akt tərtib edilən zaman onun evdə olmamağından sui-istifadə edən nəzarətçilər dolayı yollarla maraqlarını güdərəkdən özbaşınalıq edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq aktlar tərtib edərək qeyd etmişlər ki, guya o, sayğaca müdaxilələr etmişdir. Aktı təsdiq edən və tərtib edən bilməlidir ki, akt hadisə yerində tərtib edilir və abonentin və ya digər şəxslərin iştirakı və xəbəri olmaqla tərtib və təstiq edilir. Əgər akt tərtib edənlər aktı ədalətli, obyektiv tərtib elmək niyyətində olardısa, onda heç olmasa qonşulardan, yaxınlıqda yaşayan şəxslərin iştirakını da təmin etməli idilər. Xətai Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 17.10.2018-ci il tarixli, ******* saylı akt ləğv edilməklə, ünvan 1 ünvanında yerləşən 456 saylı fərdi yaşayış evinə (Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 118, döngə 18) dair İddiaçı hesablanmış (abonent kodu: **********00000) 972 manat məbləğində borcun silinməsi, 342 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, Şərqiyyə Məmmədovanın istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş, laboratoriya rəyinə görə sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, sayğaca müdaxilə olunduğu üçün 1314 manat dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilmiş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, iddiaçı ünvan 1 ünvanında yerləşən 456 saylı fərdi yaşayış evi üzrə (iddiaçının bildirdiyinə görə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 118, döngə 18) **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş və bu barədə 06.12.2017-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 17.10.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş, tərtib edilmiş aktda sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi və göstəricilər arasında fərqin olması qeyd edilmişdir. Cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 9720 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən 17.10.2018-ci il tarixdə tərtib edilmiş akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən birinci instansiya məhkəməsi həmin aktı ləğv etməkdə haqlı olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında olan “eManat” ödəniş terminalı vasitəsi ilə edilmiş 4636 nömrəli ödəniş qəbzdən görünür ki, iddiaçı tərəfindən 13.12.2017ci il tarixdə 342 manat məbləğində borc ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Qeyd edilən müddəaya əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qüsurun aşkar edilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən borca görə tutulmuş 342 manat pul iddiaçının özünə qaytarılmalı olması nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2546/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7481/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7481/2021
28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver