Məhkəmə qərarları › İş №2(103)-7502/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7502/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7502/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5482/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən Mingəçevir şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən 122.55 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə yanğın nəticəsində dəymiş zərər olaraq 29275 (iyirmi doqquz min iki yüz yetmiş beş) manat sığorta məbləğinin və 180 (bir yüz səksən) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5482/2022 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtana edilmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5482/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işi mübahisənin kommersiya mübahisəsi olmasınna istinad edərək icraata götürməkdən imtina etmişdir. Lakin iddiaçı ilə cavebdeh arasında sahibkartlıq fəaliyyətinə dair hər hansı işgüzar münasibət olmamışdır. İstənilən şəxs öz əmlakını sığorta etdirmək hüququna malikdir. Həmin şəxsin verdi ödəyicisi olubolmamasından asılı olmayaraq mübahisə ümumi məhkəmənin icraatına aiddir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(004)-5482/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)-5482/2022 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur cavabdeh isə hüquqi şəxsdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 28 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının surətindən görünür ki, iddiaçının yanğın nəticəsində zərərə məruz qalmış Mingəçevir şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən 122.55 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi “Zeytun” kafesi olaraq sahibkarlıq fəaliyyəti sahəsində istifadə olunurdu. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, eləcə də, cavabdeh hüquqi şəxs olduğundan və onlar arasındakı sığorta müqaviləsi məhz kommersiya məqsədləri üçün istifadə olunan əmlakla bağlı bağlandığından onlar arasındakı mübahisə kommersiya mübahisəsidir, bu səbəbdən də mübahisəyə Kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq iddiaçı ilə cavabdeh arasındakı mübahisənin kommersiya xarakterli mübahisə olduğunu müəyyən etsə də, mübahisənin məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın qəbulundan imtina edərək yanlış nəticəyə gəlmiş, prosessual normanı düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsini qəbul etməkdən imtina edərkən birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır, ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mübahisə kommersiya məhkəməsində baxılmalı olduğuna görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(004)- 5482/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o hazırkı iddia tələbi ilə Bakı Kommerisya Məhkəməsinə müraciət edə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar