Məhkəmə qərarları › İş №2(103)-7510/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7510/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7510/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6469/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı iddia ərizəsi ilə 07.10.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTKnın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə onunla "xxxx" MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 92,05 kv.m. olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzrəinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən mənzilinin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı müqavilə üzrə 20.600 manat dərhal nağd ödəmiş, qalan 28.738 manat pulun hissə-hissə olmaqla MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı qalan 28.738 manat pul vəsaitinin 2008-2009-cu illər ərzində "xxxx" MMC-yə tam şəkildə ödəmişdir. İddiaçı onun üzərinə düşən öhdəliyini icra etməsinə baxmayaraq, "xxxx" MMC iddiaçıya mənzili vaxtında təhvil verməmiş və bununla müqavilənin şərtlərini pozmuşdur. 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən "xxxx" MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlət Məhkəməsinin 30.05.2013-cü il tarixli 1(101)- 72/2013 nömrəli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında” 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təıqiqat İdarəsindən daxil olmuş 09.03.2012-ci il tarixli 005- 2621-3212-2255H saylı məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi vətəndaş X1 24.02.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh6 MTK-nın 26.03.2012-ci ıl tarixli 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alınaraq, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilmişdir. Bunda sonra "xxxx" MMC-nin icra oğlunmamış öhdəliklərini Cavabdeh6 MTK yerinə yetirməli idi. Belə ki, aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh6 MTK-yə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvan ərazidə "xxxx" MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarnın tikintisi davam etdirilməsinə icazə verilmişdir. Cavabdeh6 MTK tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətindən tam həcmdə başa çatdırmalı olmuşdur. Həmçinin, Cavabdeh6 MTK və onun rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5 inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m. 400 manat az olmamaq şərtilə təmin edilməlidir. Lakin, buna baxmayaraq, Cavabdeh6 MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, o, Şərur” MTK-nın və Cavabdeh6 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə İddiaçı "xxxx" MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə inşa edilmiş binada yerləşən sahəsi 92,05 kv.m. olan mənzillə təmin olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilinin (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla ümumi dəyəri 49.338 manat təşkil edən) əvəzində - İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan 49338 manatdan ümumilikdə ödənilmiş 34914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat : 536 manat = 65,0 kv.m.) İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh6 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddia tələbinin Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı qalan hissədə rədd edilməsi, iddia tələbinin digər cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı olan hissədə tam rədd edilməsi qət olunmuşdur. Cavabdeh6 MTK məhkəmənin qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmiş, apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə əhəmiyyətli halların araşdırılmaması, iddiaçının "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınması, hökmlə ona dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında müraciət hüquqlarının izah edilməsi, iddiaçının "xxxx" MMC ilə bağladığı 09 iyun 2008-ci il tarixli müqaviləyə istinad edərək Cavabdeh6 MTK-yə qarşı tələb irəli sürməsi, lakin müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-yə aid olması, mənzilə görə pul vəsaitinin də məhz sonuncuya ödənilməsi, həmin müqavilə üzrə Cavabdeh6 MTK-nın heç bir öhdəliyinin olmaması, sonradan Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının ləğv edilməsi, sərəncamın və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi, Cavabdeh6 MTK tərəfindən "xxxx" MMC-nin icra olunmamış öhdəliklərinin yerinə yetirilməsi, bu istiqamətdə 16 dövlət orqanı ilə bağlanmış müqavilə ilə Cavabdeh6 MTKnın üzərinə "xxxx" MMC tərəfindən aldadılmış şəxslərə ümumilikdə 85000 m2 mənzil verilməsi öhdəliyini götürməsi və bu öhdəliyin icra olunaraq şəxslərə göstərilən sahədə mənzillərin verilməsi, yəni öhdəliyin tam icra olunması, 30 may 2013-cü il tarixli, 1(101)- 72/2013 saylı 1-ci qanuni qüvvəyə minmiş hökmün 261-ci səhifəsində Cavabdeh6 MTK tərəfindən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılara öz hesabına 85600 m2 mənzil verilməsinin qeyd edilməsi, Cavabdeh6 MTK tərəfindən əvvəlki cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfərə dair götürülmüş öhdəliyin tam icra olunması, bu istiqamətdə qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcud olması, hazırki vaxtda iddiaçıya münasibətdə hər hansı öhdəliklərinin olmaması və s. kimi əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2809/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh6 MTK-ya, Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Cavabdeh4-yə və Cavabdeh5-yə qarşı «mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(004)-6469/2019 saylı qətnaməsindən Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(004)- 6469/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh6 MTK-ya münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2(103)-2809/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3228/2021 saylı, 20 may 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ilkin olaraq məhkəmə kollegiyası iddiaçının zərərçəkmiş şəxs kimi siyahıda olmamasını qeyd edərkən məhz istinad etdiyi cinayət işi üzrə və qəbul olumuş hökmlə onun zərərçəkmiş şəxs olmasını, zərərçəkmiş şəxs kimi müvafiq icraatda statusuna xitam verilməməsini nəzərə almamış özünün də təsdiq etdiyi kimi məhz zərərçəkmiş şəxs olduğuna görə ona maddi zərərlə bağlı tələb irəli sürmək hüququ izah olunmuşdur. Bu halda isə təqdim olunmuş siyahılarda iddiaçının adının olmaması Cavabdeh6 MTK-nın onun qarşısında öhdəlik daşımaması anlamına gələ bilməz. Digər tərəfdən Cavabdeh6 MTK-nın "xxxx" MMC-in öhdəliklərinə görə məsuliyyətinin razılaşdırılmış həddə icra olunmasına və həmin razılaşmadan kənarda cavabdehin öhdəliyinin olmamasına münasibətdə qeyd edilməlidir ki, bu halda apellyasiya instansiya məhkəməsi iddia tələbində irəli sürülmüş dəlillərin araşdırılmasından, yəni məhz zərərçəkmiş şəxslərə MTK tərəfindən yaşayış sahələrini yerilməsini, zərərçəmiş şəxslərə müvafiq müqavilərində nəzərdə tutulmuş həddə yaşayış sahələrinin verilməsini, həmin şəxslərə müqavilələrdə nəzədə tutulmuş sahələrdən artıq sahələrinin verilməsini müəyyən etdikdən sonra Cavabdeh6 MTK-nın iddiaçı qarşısında öhdəlik daşımaması nəticəsinə gələ bilərdi, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən belə araşdırmanın aparılması təmin edilməmiş, bu hallarla bağlı birinci instansiyası məhkəməsinin müəyyən etdiyi halları təkzib edən sübutların mövcud olmamasını nəzərə almamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hökmlə iddiaçıya zərərlə bağlı hüququnun izah olunmasına dair hazırkı iddia tələbi irəli sürülməsi ilə bağlı iddiaçının tələb etmə hüququnu məhdudlaşdırmır. Apellyasiya instansiyası məhkəməsi işdə olan analoji tələblərə istinad edərək Cavabdeh6 MTK-nın öhdəliyinin icra edilməsi ilə bağlı nəticəyə gələrkən eyni zamanda fərqli əsaslarla qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilən halları (eyni əsaslarla iddia tələbi irəli sürmüş şəxslərin iddialarının təmin olunması əsaslarını) müəyyən olunmasının nəzərə almalı olduğu halda bunları nəzərə almamışdır”. Təkrar apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh6 MTK-nın nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh6 MTK isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTKnın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə onunla "xxxx" MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 92,05 kv.m. olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh6 MTK isə “Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının ləğv edilməsi, sərəncamın və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTK-nın adına rəsmiləşdirilməsi, Cavabdeh6 MTK tərəfindən "xxxx" MMC-nin icra olunmamış öhdəliklərinin yerinə yetirilməsi, bu istiqamətdə 16 dövlət orqanı ilə bağlanmış müqavilə ilə Cavabdeh6 MTKnın üzərinə "xxxx" MMC tərəfindən aldadılmış şəxslərə ümumilikdə 85000 m2 mənzil verilməsi öhdəliyini götürməsi və bu öhdəliyin icra olunaraq şəxslərə göstərilən sahədə mənzillərin verilməsi, yəni öhdəliyin tam icra olunması, 30 may 2013-cü il tarixli, 1(101)- 72/2013 saylı 1-ci qanuni qüvvəyə minmiş hökmün 261-ci səhifəsində Cavabdeh6 MTK tərəfindən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılara öz hesabına 85600 m2 mənzil verilməsinin qeyd edilməsi, Cavabdeh6 MTK tərəfindən əvvəlki cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfərə dair götürülmüş öhdəliyin tam icra olunması, bu istiqamətdə qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcud olması, hazırki vaxtda iddiaçıya münasibətdə hər hansı öhdəliklərinin olmaması”na istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün ilk öncə Cavabdeh6 MTK-nın iddiaçı qarşısında hər hansı öhdəliyinin olub-olmamasına qiymət verilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilini İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən mənzilin 1 kv.m. üçün qiyməti 536 manat olmaqla, ümumi dəyəri 49.338 manat təşkil edir. İddiaçı 09.06.2008-ci il tarixli müqavilə üzrə alınmış mənzilin ümumi dəyərindən 20.600 manatını nağd ödəmiş, qalan 28.738 manatını hissə-hissə olmaqla "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Daha sonra 2012-ci ildə iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da, "xxxx" MMC çoxsaylı şəxslərə maddi ziyan vurmuşdur. Bu səbəbdən "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və istintaq aparılmış, cinayət işi üzrə hökm çıxarılmışdır. Sübuta yetirilmişdir ki, "xxxx" MMCnin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır və Bakı Ağır Cinayətlət Məhkəməsinin 30.05.2013-cü il tarixli 1(101)-72/2013 nömrəli hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçıla "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqavilə qüvvədə olmaqla, tərəflər arasında mübahisə predmeti olmamışdır. Həmçinin İddiaçı "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa işdə olan, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komtəsi, Yasamal rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasıya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, «Azəriqaz» İB və digər tərəfdən Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) görünür ki, həmin müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən ziyan çəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərilərinə müəyyən öhdəlikləri götürmüşlər. Müqaviləyə əsasən, Cavabdeh6 MTK "xxxx" MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə – yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 m2 mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. İşdə olan sübutlardan və qanuni qüvvədə olan çoxsaylı məhkəmə aktlarından (hökm, həmçinin digər iddiaçıların analoji iddia tələbləri üzrə) görünür ki, Cavabdeh6 MTK üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, zərər çəkmiş şəxs kimi tanınmış 1036 nəfər şəxsə ümumilikdə 85000 m2 sahədə mənzilləri təhvil vermişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Auditorlar Palatasının 22 iyul 2019cu il tarixli icazəsinə məxsus «X6» MMC-nin auditoru X9 tərəfindən tərtib edilmiş 10 iyun 2020-ci il tarixli aktdan da görünür ki, Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 m2 yaşayış sahəsi verilməsini üzərinə götürmüş 85272,3 m2 yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması mübahisəsiz olduğundan və Cavabdeh6 MTK da "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə yaşayış sahəsinin verilməsini öz öhdəsinə götürdüyündən Cavabdeh6 MTK-nın iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1- ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 08 oktyabr 2018-ci il tarixli audit yoxlaması barədə aktdan görünür ki, audit yoxlaması Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(004)-3142/2017 saylı mülki işin materialları əsasında aparılmışdır. Audit yoxlaması zamanı mülki işin materialları araşdırlarkən aşağıdakılar aşkar edilmişdir, bir çox hallarda mülki işin materialları arasında olan "xxxx" MTK tərəfindən təqdim edilmiş 1036 nəfərlik siyahıda adı olan alıcılara aid müqavilələr təqdim edilmiş sənədlər arasında aşkar edilmədi. Bu halda yaşayış və qeyri yaşayış sahələrinə aid siyahıda göstərilən sahələrin Cavabdeh6 MTK tərəfindən alıcılara verilməsi əsas kimi götürülmüş və audit yoxlaması zamanı nəzərə alınmışdır. Bəzi hallarda "xxxx" MMC ilə bir mənzil almaq üçün bir müqavilə bağlamış şəxslərə "Şərur” MTK tərəfindən iki müqavilə bağlanaraq onlara əlavə olaraq artıq yaşayış sahələri verilmişdir. Bundan əlavə 43 halda "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə mülki işin materiallarında olan Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən yaşayış sahələri verilmişdir. Bundan başqa "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə Cavabdeh6 MTK tərəfindən bağlanmış müqavilələrə əsasən də yaşayış sahələri verilmişdir. Daha sonra Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən "xxxx" MMC ilə yaşayış sahəsi almaq üçün bir müqavilə bağlamış şəxslərə müqavilədə göstərilmiş sahədən artıq sahə verilməsi halları da aşkar edilmişdir. Mülki işin materialları əsasında audit yoxlaması tərəfindən tərtib edilmiş cədvələ əsasən müəyyən edildi ki, mülki işin materiallarında "xxxx" MMC ilə alıcılar arasında bağlanmış 938 ədəd (72818 kv.m), Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslərlə alıcılar arasında bağlanmış 704 ədəd (56980.89kv.m) müqavilənin surəti (bəzi hallarda əsli) vardır. Bundan əlavə mülki işin materiallarında olan Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıya (cədvələ) əsasən mülki işin materiallarında müqaviləsi olmayan 337 şəxsə də yaşayış sahəsinin (28291,43 kv.m) verilməsi nəzərə alınmışdır. "xxxx" MMC ilə alıcılar arasında bağlanmış müqavilələrlə müqayisədə 916 halda 7019,16 kv.m "xxxx" MMC ilə müqavilə olmadığı təqdirdə siyahıya əsasən 125 halda 11246,35 kv.m, cəmisi 18265,51 kv.m yaşayış sahəsi alıcılara çox (artıq) verilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh6 MTK və ona yaxın şirkətlər tərəfindən "xxxx" MMC ilə bağlanmış müqavilələrə nisbətən alıcılara bəzi halda cəmi 5737,45 kv.m az yaşayış sahəsi verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən akta əsasən - "xxxx" MMC ilə bir mənzil almaq üçün bir müqavilə bağlamış şəxslərə "Şərur” MTK tərəfindən iki müqavilə bağlanaraq onlara əlavə olaraq artıq yaşayış sahələri verilməsi; "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə mülki işin materiallarında olan Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən yaşayış sahələrinin verilməsi; "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə Cavabdeh6 MTK tərəfindən bağlanmış müqavilələrə əsasən də yaşayış sahələrinin verilməsi; Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən "xxxx" MMC ilə yaşayış sahəsi almaq üçün bir müqavilə bağlamış şəxslərə müqavilədə göstərilmiş sahədən artıq sahə verilməsi; "xxxx" MMC ilə alıcılar arasında bağlanmış müqavilələrlə müqayisədə 916 halda 7019,16 kv.m "xxxx" MMC ilə müqavilə olmadığı təqdirdə siyahıya əsasən 125 halda 11246,35 kv.m, cəmisi 18265,51 kv.m yaşayış sahəsi alıcılara çox (artıq) verilməsi; Cavabdeh6 MTK və ona yaxın şirkətlər tərəfindən "xxxx" MMC ilə bağlanmış müqavilələrə nisbətən alıcılara bəzi halda cəmi 5737,45 kv.m az yaşayış sahəsinin verilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin mövqeyindən çıxış edərək, işin faktiki hallarını araşdırmaqla bildirir ki, Cavabdeh6 MTK tərəfindən təqdim edilmiş siyahıda göstərilən şəxslərə “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədə (Razılaşmada) göstərildiyi qaydada yaşayış sahələri verilməmişdir, belə ki, aktdan göründüyü kimi bəzi hallarda müqavilələrdə olan miqdardan artıq, bəzi hallarda isə az yaşayış sahələri, eləcə də "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə də yaşayış sahələri verilmişdir ki, həmin halın mövcudluğu, hazırki iş üzrə iddiaçıya yaşayış sahəsi verilməməli olduğu demək deyil, çünki qeyd olunan artıq yaşayış sahələrinin verilməsi məhz Cavabdeh6 MTK-nın öz risk sahəsinə aid olmuşdur. Bununla yanaşı Məhkəmə kollegiyası cavabdehin mövqeyinə və yuxarıda sadalanan işin hallarına münasibətdə qeyd edir ki, Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 m2 yaşayış sahəsi verilməsini üzərinə götürsə də, cavabdeh tərəfindən təqdim edilmiş aktla 85272,3 m2 yaşayış sahəsi verərək öhdəliyi tam icra etməsi görüntüsü yaratmaqla, həmin hal Cavabdeh6 MTK-nın müvafiq qurumlarla razılaşdırdığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirməsi və razılaşdırılmış yaşayış sahəsindən artıq yaşayış sahəsi verilməsi anlamına gəlmir. Kollegiya həmçinin qeyd edir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh6 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən verilmiş mənzillərin siyahısında iddiaçının adının olmaması və bununla da cavavdehin iddiaçı qarşısında hər hansı öhdəlik daşımaması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən siyahıda iddiaçının adının olmaması Cavabdeh6 MTK iddiaçıya münasibətdə hər hansı öhdəliyinin olmamasına dəlalət etmir. Belə ki, İddiaçı "xxxx" MMCnin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun da məhz "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılması faktı müəyyən edilmiş, davam edən proseslərin heç bir mərhələsində iddiaçının zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməmişdir. Yəni kollegiya diqqətə çatdırır ki, siyahıya iddiaçının adının daxil edilməməsi həmin ərəfədə müxtəlif səbəblərdən mümkün ola bilərdi və bu hal isə Cavabdeh6 MTK-nın iddiaçıya münasibətdə hər hansı öhdəliyinin olmaması kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. Lakin iddiaçı 92,05 kv.m. olan mənzillə təmin edilməsini xahiş etsə də, iş materiallarında olan 2008-2009-cu illər üzrə maliyyə arayışlarından müəyyən edilir ki, İddiaçı ödənilməmiş qalan 28.738 manat pul vəsaitindən 09.07.2008-ci il tarixdən 20.10.2009-cu il tarixədək cəmi 14.314 manatını ödəmişdir. (09.07.2008-ci il tarixdə 1.224 manat, 08.08.2008-ci il tarixdə 1.225 manat, 09.09.2008-ci il tarixdə 1.225 manat, 10.10.2008-ci il tarixdə 1.225 manat, 10.11.2008-ci il tarixdə 1.225 manat, 10.12.2008ci,12.01.2009-cu, 12.02.2009-cu,10.03.2009-cu və 13.04.2009-cu il tarixlərdə hər birində - 1.000 manat, 13.05.2009-cu il tarixdə 550 manat, 10.06.2009-cu il tarixdə 700 manat, 20.07.2009-cu il tarixdə 640 manat, 14.08.2009-cu il tarixdə 500 manat, 20.10.2009-cu il tarixdə 800 manat odəməklə). Bununla da, iddiaçının alınmış mənzil üçün ödənilməmiş cəmi 14.424 manat borcu qalmışdır. Göründüyü kimi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqaviləsindən müəyyən edilir ki, iddiaçının pay kimi aldığı mənzilin ümumi sahəsi 92.05 kv.m. təşkil edir. Mənzilin dəyəri 1 kv.m. üçün dəyəri 536 manat olmaqla, ümumilikdə 49.338 manat təşkil edir. Məhkəmə araşdırma zamanı sübuta yetirilmişdir ki, iddiaçı mənzilin dəyəri tam ödəməmiş, cəmi 34.914 manat ödəniş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh6 MTK-ya münasibətdə qismən təmin etməklə, İddiaçı ümumilikdə ödənilmiş 34.914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat : 536 manat = 65,0 kv.m.) Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətli təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh6 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6469/2019 saylı, 28 noyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh6 MTK-nın özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev ,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar