Məhkəmə qərarları › İş №2(103)-7514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7514/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7514/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 62 №-li və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 63 №-li mənzillərdən istifadə hüququna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, "xxxx" MMMC tərəfindən qanunsuz olaraq hesablanmış 6715,00 (altı min yeddi yüz on beş) manat məbləğində borcun silinməsi və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra cavabdeh) cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 62 №-li və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 63 №-li mənzillərinə mülkiyyət hüquqları yaranan tarixdən 01.03.2021-ci il tarixinədək hesablanmaqla hər ay 85 (səksən beş) manat və 01 mart 2021-ci il tarixindən etibarən isə 95 (doxsan beş) manat olmaqla "xxxx" MMMC-nin fonduna olan borcunun, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianın təmin tədbiri barədə ərizə də təqdim edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 62 №-li və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 63 №-li mənzillər üzərində hər hansı alqı-satqı, bağışlama, özgəninkiləşdirmə və sair kimi əməliyyatlara qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 62 №-li mənzilin özgəninkiləşdirməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3820/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 62 №-li mənzilin özgəninkiləşdirməsinə dair qoyulmuş qadağa götürülmüşdür. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddia təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi təqdim edərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini, bununla həm də qərardaddan verilmiş şikayətdən imtina olunduğunu və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Təqdim olunmuş barışıq sazişinin məzmununa görə:

1. İddiaçı "xxxx" MMMC-yə 10 gün müddətinə 4000 (dörd min) manat ödəməyi öhdəsinə götürür, "xxxx" MMMC isə bunun müqabilində İddiaçı mənzilindən istifadəyə yönəlmiş bütün məhdudiyyətləri aradan qaldırır.

2. İddiaçı cavadeh "xxxx" MMMC-yə qarşı “mülkiyyət hüququna tətbiq edilən məhdudiyyətin dayandırılması və borcun silinməsi” tələbinə dair ilkin iddia tələbindən, "xxxx" MMMC cavabdeh İddiaçı qarşı “kommunal borcların ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir. Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmur və qanuna zidd deyildir. Bununla belə kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxıldığından, barışıq sazişinin təsdiq edilərək iş ürə icraata xitam verilməsi isə işin mahiyyəti ilə bağlı olduğundan və bu məsələ apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olmadığından, hazırda onun həll edilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası tərəflərin fikrlərini dinləyib, ərizəni və sazişi mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməli və tərəflərin təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməli, mülki iş materialları barışıq sazişinin təsdiq edilməsi ilə bağlı prosessual hərəkətlərin edilməsi üçün rayon məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3820/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətdən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin, tərəflər arasında əldə olunmuş barışıq sazişinin təsdiq edilməsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları rayon məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar