Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7515/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən istifadə edərkən kommunal ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməsi, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən istifadə edərkən kommunal ödənişlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3140/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızının Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin kommunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borclarının Dövlət büdcəsinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3140/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı Nazirlik qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki iddiaçı Nazirlik ilə Cavabdeh1 arasında mülki hüquq münasibətləri olmamış, yaranmış mübahisə isə mülki hüquq münasibətlərindən deyil, inzibati hüquq münasibətlərindən yaranmışdır. Həmçinin, iddiaçı yaranmış mübahisənin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş iddianın predmeti, yəni cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin komunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borclarının Dövlət büdcəsinə ödənilməsi bilavasitə iddiaçı ilə cavabdehlər arasında mülki hüquq münasibətlərindən yaranan və cavabdehlərin vaxtaşırı icra etməli olan öhdəliyi, yəni kommunal ödənişləri ödəməməsində ifadə olunan hərəkətsizliyindən yaranan münasibət olmaqla bilavasitə mülki icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Bu qəbildən olan yəni iddiaçı ilə vətəndaşlar arasında xüsusi təyinatlı yaşayış sahəsi ilə bağlı iddialar ümumi məhkəmə tərəfindən baxılmış, qərar apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3140/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Belə ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır.
12. Göründüyü kimi mübahisənin ümumi məhkəməyə və inzibati məhkəməyə aidiyyəti müəyyən edilərkən, ilk növbədə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır.
13. Hazırda isə iddiaçının iddia tələbi xüsusi təyinatlı yaşayış sahəsindən istifadə edərkən kommunal ödənişlərin ödənilməsi ilə bağlıdır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf inzibati orqan olsa belə, tərəflər arasında yaran hüquq münasibətlərin xarakteri, yəni tərəflər arasında yaşayış sahəsi, həmçinin kommunal ödənişlərin ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin olubolmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, eləcə də mübahisənin predmetinə əsaslandırılmış qiymət verilməmişdir.
15. Məhkəmə kollegiyası həmçinin izah edir ki, tərəflər arasında yaranan mübahisə məhz müqavilə münasibətlərindən irəli gəldiyi halda iddia ərizəsinə mahiyyəti üzrə ümumi məhkəmədə, münasibətlər publik hüquq sahədə yarandığı halda isə inzibati məhkəmədə baxılmalıdır.
16. Bundan başqa qeyd edilməlidir ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə əsasəni inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətlərin xarakterini müəyyən etdikdən sonra iddia ərizəsinin icraata qəbulu məsələsinə baxmalıdır.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
20. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3140/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən istifadə edərkən kommunal ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov